"Yoxsulluq geniş anlayışdır" - MÜNASİBƏT BİLDİRİLDİ

"Hər hansı problemin aradan qaldırılması üçün ilkin olaraq düzgün diaqnoz müəyyən edilməli, yaxud da düzgün tərif verilib vəziyyətin qiymətləndirilməsi üçün adekvat imkanlar yaradılmalıdır". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı Rəşad Həsənov deyib.

O bildirib ki, bu baxımdan da Azərbaycanda, ümumiyyətlə, yoxsulluqla bağlı indiqatorların təkmilləşdirilməsi və qanunvericiliyin bu istiqamətdə şaxələndirilməsinə ehtiyac var: "Xüsusilə də, müvafiq tərifləri aydınlaşdırılmalıdır.

Yoxsulluq anlayışı kifayət qədər geniş izah oluna bilər. Mütləq yoxsulluq müəyyən həyat şərtlərinə qida, xidmətlər, geyim, yerləşməklə bağlı mənzil təminatı və sair kimi tələbləri minimum səviyyəsindən aşağıda olan sosial qrupları ifadə edən göstəricidir. Hansı ki, Azərbaycanda əslində nəzərə alsaq ki, son 2 ildə ehtiyac meyarı ilə yaşayış minimumu eyniləşdirilibdir, bu halda deyə bilərik ki, Azərbaycanda bu göstərici təxminən mütləq yoxsulluq göstəricisini əks etdirə bilər.

Nisbi yoxsulluq nisbətən fərqli anlayışdır. Bu, icmaların həyat tərzindən, icmaların seçimlərindən asılı olaraq dəyişə bilən göstəricidir. İcma üzrə orta yaşayış səviyyəsinin altında və üzərində olan sosial qrupları ifadə etmək üçün daha çox istifadə olunur və bu müqayisələri özündə əks etdirir. Çünki ola bilsin ki, hər hansı bir sosial qrup üçün yalnız qidalanma, ərzaq təminatı və səhiyyə təminatı, kommunal təminat kifayət edir ki, o özünü xoşbəxt hiss etsin. Amma ola bilsin ki, bəzi icmalarda bu çeşidlilik daha genişdir. Eyni zamanda daha fərqli xidmətlərdən, əyləncə xidmətlərindən istifadə etmək istiqamətində daha meyillidirlər. Bu kimi icma xüsusiyyətlərinin fərqliliklərini özündə əks etdirən və icmanın özünə münasibətdə gəlir fərqlərini göstərən bir yanaşmadır. Məsələn, bunun ən bəsit formasını şəhər və kənd icmaları arasında yoxsulluğu müqayisə etməklə aparmaq olar. Çünki kənd həyatında səbəblər fərqlidir. Sosial tələblər şəhər həyatında daha genişdir. Bu da yaşam xərclərini artıran faktorlardan biridir.

Yoxsulluq geniş anlayışdır. Burada ifrat yoxsulluq anlayışı var. Hansı ki, aclıq həddi ilə ölçülür, bəzi hallarda adlandırılır. İfrat yoxsulluq yalnız qidaya ehtiyacın ödənilməməsi səviyyəsini nəzərdə tutur. Eyni zamanda müqayisəli yoxsulluq yanaşmasını da biz qeyd edə bilərik. Bu, ən çox qazanan 10-cu desidlə, ən az qazanan 1-ci desidin gəlirləri arasında nə qədər fərq var. Bunlarda da müəyyən mənada müqayisələndirmək olar. Bütün bunlar aydın şəkildə ifadə olunmayanda, aydın şəkildə tərifləndirilməyəndə dövlət siyasətinin də keyfiyyətli icrası mümkünsüz olur. Bu baxımdan da müvafiq təşəbbüslərlə razıyam".

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə