Yazıçı və dramaturq, "Hərb və Sülh", "Anna Karenina" kimi dünya ədəbiyyatının incilərindən sayılan əsərlərin müəllifi Lev Tolostoy deyirdi ki, "Bəzi insanlara hər gün yaxşılıq elə, səndə, sənə nankorluq edəcəklər". Haqlı və əsaslı aforizmdir. Həqiqətən də həyatda elə insanlar var ki, hər gün yaxşılıq et, qulluğunda dayan faydası olmayacaq, bir gün ani diqqətsizlik göstərsən düşməninə çevriləcək, sənə pisliklər etməyə, yamanlıqlar göstərməyə çalışacaq. Bu cür insanlar hər bir cəmiyyət üçün təhlükə mənbəyidir. Onlar istənilən vaxt dövlətinə və xalqına xəyanət edə bilər. Elə götürək dövlətə xəyanət, hakimiyyəti zorla ələ keçirməyə yönələn hərəkətlər və çirkli pulların yuyulması kimi xüsusilə ağır cinayətlərdə ittiham olunan Prezident Administrasiyasının keçmiş rəhbər Ramiz Mehdiyevi və onun qrupunun üzvlərini. Bir müddət əvvələ qədər onlar yüksək etimadın nəticəsi olaraq müxtəlif vəzifələr daşıyırdılar, siyasi hakimiyyətdə təmsil olunurdular. Elə ki hörmət-izzətlə vəzifədən yola salındılar, dönüb oldular əfi ilan. Nəticədə Ramiz Mehdiyev və dəstəsinin üzvləri olan sabiq baş nazir Novruz Məmmədov, Qaçqınlarla İş üzrə Dövlət Komitəsinin sabiq sədri Əli Həsənov, Prezidentin sabiq köməkçisi Əli Həsənov, Bakının sabiq meri Hacıbala Abutalıbov, Azərbaycan Prezidentinin keçmiş Mətbuat katibi Azər Qasımov, keçmiş Baş Qərargah rəisi, general Nəcməddin Sadıqov, XİN rəhbəri Elmar Məmmədyarov, sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudov və keçmiş nəqliyyat naziri Ziya Məmmədov dövlətə və siyasi irsinə qarşı xəyanət yolu tutdular.
Dünyada baş verən siyasi, ictimai hadisələrə əsasən demək olar ki, hakimiyyətdə təmsil olunmuş və ya hakimiyyətdə vəzifə kreslosunda olan şəxslər arasında öz məfkurəsinə və əqidəsinə xəyanət edə biləcək kəslərin sayı azdır. Dəhşətlisi ondan ibarətdir ki, o azlığın arasında Azərbaycanda müxtəlif yüksək vəzifə tutmuş şəxslərin adları var. Suallar yaranır ki, dövlət çevrilişi etməyə cəhd göstərməyə və digər cinayətlərin törədilməsinə ortaq olmağa onları nə vadar etdi? Nədən onlar xalqa düşmən kəsilmək, böyük zəhmət, əmək hesabına təmin edilən ictimai-siyasi sabitliyi pozmağı planlaşdırdılar? Şübhə edilmir ki, Ramiz Mehdiyev və dəstəsi vəzifə kreslosunda olduqları zaman bir sıra təxribatlara rəvac veriblər və ya dövlətin sütunlarına zərbə vurmaq üçün xarici və daxili qüvvələrlə işbirliyində olublar.
R.Mehdiyev Rusiyanın adamı olduğunu gizlətməyib
Mətbuatda yazılanlara və apardığımız araşdırmalarla təsdiq olunur ki, Ramiz Mehdiyev və dəstəsi Rusiyanın xüsusi xidmət orqanları ilə geniş əməkdaşlıq əlaqələrinə malik olublar. Siyasi və ekspert çevrələri uzun illər R. Mehdiyevi Rusiyanın Bakıda qurduğu "beşinci kolon"un rəhbəri kimi qiymətləndirirlər. O da qeyd olunur ki, R.Mehdiyev və ətrafında olan dəstə üzvləri Rusiyanın Azərbaycandakı maraqlarını qoruyub. Hələ 2019-cu ildə də Ramiz Mehdiyevin yanında keçirilən qapalı müşavirədə hakimiyyətin ələ keçirilməsi müzakirə olunub. Bu yığıncaqda sabiq baş nazir Novruz Məmmədov, Qaçqınlarla İş üzrə Dövlət Komitəsinin sabiq sədri Əli Həsənov, Prezidentin sabiq köməkçisi Əli Həsənov, Bakının sabiq meri Hacıbala Abutalıbov və digərləri iştirak edib. R.Mehdiyevin sətiraltı ifadələrlə Rusiyanın onların planlarının gerçəkləşməsinə dəstək verəcəyinə eyham vurub. Bununla da R.Mehdiyev Rusiyanın adamı olduğunu gizlətməyib. Nəzərə almaq lazımdır ki, R.Mehdiyev Prezident Administrasiyada və AMEA-dakı vəzifəsindən uzaqlaşdırılsa da, Rusiyaya xidmətlərini davam etdirmişdir. 2022-ci il fevralın 22-də AMEA-nın Ümumi Yığıncağında istefası qəbul edilən Ramiz Mehdiyevin martın 17-də Akademiyada olduğu haqqında məlumat yayıldı. AMEA-dan verilən açıqlamada onun binaya şəxsi əşyalarını götürmək üçün gəldiyi bildirilmişdi. Ancaq sonra məlum oldu ki, Ramiz Mehdiyev Akademiyada, məhz Akademiya Prezidentinin otağında Rusiyadan gələn nümayəndələrlə - Rusiya Elmlər Akademiyasının prezidentinin köməkçisi ilə görüş keçirib. Sual yaranır sən kim oldun, hansı statusla Rusiya nümayənləri ilə görüş keçirirsən? Ramiz Mehdiyevin son illərdə də şimal küləyi ilə nəfəs aldığı məlum idi. Ümumiyyətlə, Moskvanın agentura şəbəkəsinin üzvlərinin müxtəlif vaxtlarda fəallaşmaları Azərbaycan üçün təzə xəbər deyil. Mehdiyev Azərbaycan və Rusiya arasındakı son siyasi gərginlikdən istifadə edərək, yenə də öz xidmətlərini təklif edib. Məlumatlara görə, o özünün rəhbərliyi ilə dövlət hakimiyyətini zorla ələ keçirmək planına dəstək istəyib. Hətta "reallaşdıracağı" çevrilişdən sonrakı planları barədə də məlumat verib. Plan Dövlət Şurası (yenə Şura!) adlı keçid hökuməti qurmaq, Şuraya da Mehdiyevin rəhbərlik etməsi ilə bağlı olub.
Amma Ramiz Mehdiyevi güvəndiyi, dövlətinə xəyanət etmək üçün kömək istədiyi tərəf də qurtarmadı. Bəzi yaltaqların sevimli "dövlət adamı" Azərbaycan siyasi hakimiyyətinin və şəxsən Prezident İlham Əliyevin hakimiyyətinin ən güclü dövründə olduğunu, dünyanın bir nömrəli mərkəzlərində hörmətlə qarşılandığını nəzərə ala bilməmişdi. Deputat Elşən Musayevin "böyük strateqi" heç özündən əvvəl şimal küləyində siyasi sümükləri Telman İsmayılovun həyətinə səpələnən Abbas Abbasovun acı taleyindən də dərs çıxara bilməmişdi. Dərhal Dövlət Təhlükəziliyi Xidmətində istintaq başladı. Ramiz Mehdiyev Cinayət Məcəlləsinin 278.1 (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər), 274 (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə ittiham olundu. Onun barəsində 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçilib. İstintaq davam edir.
Dəstə üzvləri - Əbülfəs Qarayev, Ziya Məmmədov, Zahid Oruc, Məlahət İbrahimqızı...
Ramiz Mehdiyevin həbsi onun ətrafına, onunla yaxın olanlara, iddialarına şərik çıxanlara və ya belə iddialara düşənlərə aydın mesajdır. Ramiz Mehdiyevin dəstəsinin fəal üzvləri sırasında XİN rəhbəri Elmar Məmmədyarov, Prezident Administrasiyasının sabiq şöbə müdiri Əli Həsənov, sabiq mədəniyyət naziri Əbülfəs Qarayev, özünü "hakimiyyətin bolşeviki" hesab edən, vaxtilə AXCP-nin gənclər təşkilatının fəalı olan Azər Qasımov, sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudov və onun müəyyən məqsədlər üçün Abxaziyaya pul ötürən qudası Cahangir Hacıyev, Baş qərgah rəsisi, general Nəcməddin Sadıqov və digərləri də var. Araşdırmalar nəticəsində bəlli olur ki, Ramiz Mehdiyevin "qara kassası", keçmiş nəqliyyat naziri Ziya Məmmədov da şəbəkənin əsas fiqurlarından hesab olunur. Bu şəxs sanki R.Mehdiyevə xidmət etmək üçün and içib. Hər fürsətdə ona yarınmaq, ona xoş gəlmək, tapşırıqlarını yerinə yetirmək üçün dəridən qabıqdan çıxır. Hətta Z.Məmmədov R.Mehdiyevdən "molodes" almaq üçün Göyçayda onun villa da tikdirib. Hazırda villa yerindədir. Bu səxavətli addımı yüksək qiymətləndirən R.Mehdiyev AMEA-ya gələndə ətrafına yığdığı "sadiqləri" arasında başda Ziya Məmmədovun qardaşı, sabiq deputat Elton Məmmədov da olub. Elton Məmmədov AMEA-nın "Yüksək Texnologiyalar Parkı" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru təyin edilmişdi və Ramiz Mehdiyev üçün rüşvət sxeminin qurulması, onun idarə edilməsi ilə məşğul olan əsas iki adamdan biri idi. Məlumatlara görə, Elton Məmmədov vasitəsilə Ziya Məmmədov da Mehdiyevlə daim əlaqədə olub.
Ramiz Mehdiyevin dəstəsində "Tərtər işi"nə görə məhkəmə sistemindən uzaqlaşdırılmış Kamal Əliyev də var idi. Ramiz Mehdiyev oradakı tapşırıqlarını yerinə yetirən Kamal Əliyevi Akademiyanın hüquq şöbəsinin müdiri vəzifəsinə təyin etməklə işsiz qoymamışdı. Sabiq PA rəhbəri kürəkəni İlham Əliyevin qardaşı Fikrət Əliyevi isə işlər idarəsinə müdir təyin etmişdi.
Ramiz Mehdiyev qrupunun üzvləri arasında Milli Məclisin deputatları Zahid Oruc və Məlahət İbrahimqızı da var. Bizimlə söhbətində isə Z.Oruc haqqında yazılanların, deyilənlərin əsassız və cəfəngiyyat olduğunu bildirdi. Qeyd etdi ki, o, hər zaman olduğu kimi bu gün də Ulu Öndər Heydər Əliyev siyasətinə və Onun ən layiqli siyasi varisi, ölkə Prezidenti, Qarabağ Fatehi cənab İlham Əliyevin siyasi kursuna sadiqdir. Z.Oruc onu da qeyd etdi ki, kimliyindən, tutduğu statusundan asılı olmayaraq xəyanət törətmiş şəxs mütləq cəzasını almalıdır.
R.Mehdiyevdən "dövlət adamı" obrazı düzəltməyə çalışmaq kökündən səhvdir. O cümlədən Mehdiyevi "böyük şəxsiyyət" hesab edən Məlahət İbrahimqızı və digər deputatlar, ayrı-ayrı orqanlarda oturanlar bilməlidirlər ki, nankorluğun, xəyanətin sonu acınacaqlı olur.
Xəyanət yuvasında daha kimlər təmsil olunur- Adnan Əhmədzadə, Əli Həsənov, Eldar Mahmudov...
Araşdırmalara əsasən demək olar ki, R.Mehdiyevin dəstəsinin üzvləri arasında SOCAR-ın İnvestisiya Departamentinin sabiq rəhbər müavini Adnan Əhmədzadə bir qədər fərlənir. Çünki bu məxluq geniş maliyyə imkanlarına, biznes əlaqələrinə malik olmaqla yanaşı, həm də Rusiya və fars-molla rejiminin bəzi rəsmi şəxsləri ilə separat əlaqələri olub. Məhz bu separat əlaqələrə əsasən o, Azərbaycanın iqtisadi təhlükəsizliyinə qarşı təxribatlar həyata keçirib. Onun adı dəfələrlə ofşor şirkətlər, saxta sertifikatlar və şübhəli maliyyə əməliyyatları ilə yanaşı çəkilib. Xüsusilə də sanksiyalar altında əzilən Rusiya neftinin başqa ölkələr hesabına bazarlara çıxarılması, beynəlxalq enerji siyasətində gizli oyunlarda iştirakı barədə çoxsaylı faktlar mövcuddur. Daha bir fakt isə onun Ramiz Mehdiyevlə sıx əlaqələrinin olmasıdır. Diqqətçəkən məqam ondan ibarətdir ki, Ramiz Mehdiyevin siyasi planlarının və xəyanətinin ifşa olunması Adnan Əhmədzadənin iqtisadi təxribatı ilə eyni vaxta təsadüf edir. Adnan Əhmədzadə öz əməli ilə Azərbaycanın əsas ixrac məhsulu olan nefti, ötürücü kəmərləri, tankerləri, zavodları sıradan çıxardı, ölkəyə böyük maliyyə və iqtisadi zərbə vurdu, ən əsası isə, ölkəmizin beynəlxalq müstəvidə etibarını sarsıtmağa çalışdı. Onun bunu tamah məqsədilə etdiyi, yoxsa diversiya həyata keçirdiyini istintaq daha dəqiq müəyyənləşdirəcək.
Ramiz Mehdiyev isə siyasi diversiya planları quraraq, onu həyata keçirtməyə çalışdı. Bu təxribatların eyni vaxtda baş verməsi təsadüf olmaya da bilər. Hər halda, aidiyyəti orqanlar məsələni tam araşdırıb həqiqəti üzə çıxaracaqlar.
Şəbəkənin üzvləri arasında sabiq Milli Təhlükəsizlik naziri Eldar Mahmudovun olması ciddi məsələlərdən xəbər verir. Çünki bu şəxs bir müddət nazir işləyib və kifayət qədər məlumatlara və əlaqələrə malikdir. Həmin əlaqələrindən istifadə edərək dəstəyə ölkə daxilində fəlakətlə nəticələnə biləcək təxribatlar törədə bilərdi. E.Mahmudov xaricə çıxış əldə edə bilməməsi səbəbindən onun müəyyən tapşırıqlarını Prezidentin sabiq köməkçisi Əli Həsənov icra edir. Bu məsələdə onlara adı daim pozucu işlərdə, təxribatçı əməllərdə, xaricdəki antimilli ünsürlərin maliyyələşdirilməsində çəkilən Nurlan Həsənov da yardım göstərir. Məlumata görə, Nurlan Həsənovla Əli Həsənov İstanbulda görüş keçiriblər. Görüşdə Azərbaycan hakimiyyəti və dövlətinə qarşı xəyanətkar planların necə və hansı formada həyata keçirilməsi müzakirə olunub. Bu arada ölkə mətbuatında Əli Həsənovun vəzifədə olarkən tutduğu mövqeyindən, əyləşdiyi kreslosundan, ona verilən səlahiyyətlərdən istifadə edərək özünə baş gicəlləndirən var-dövlətinin siyahısı dərc olunub.
Müsbət haldır ki, cinayətkar dəstə zamanında ifşa olundu. Buna görə Azərbaycan hüquq-mühafizə orqanlarına təşəkkür edirik. Əks halda ölkəmizdə təxribatlar baş verə bilərdi. Bu isə ölkəmizin beynəxalq aləmdəki yüksək nüfuzuna xələl gətirərdi. Bu baş vermədi və Ramiz Mehdiyev başda olmaqla dəstə üzvləri ifşa olundular. Yəqin ki, cinayətə cəhd edən dəstə üzvləri layiq olduqları cəzanı alacaqlar. Digər tərəfdən onlar qeyri-qanuni yollarla əldə etdikləri milyardlarla dəyərində daşınan, daşınmaz əmlakları xalqa qaytarılacq.
İLHAM ƏLİYEV
Bütün xəbərlər Facebook səhifəmizdə