“Veteranlar ideoloji təhlükəsizliyin keşiyində” layihəsi çərçivəsində ilk dəfə olaraq hərbi marşlardan ibarət “Vətən və Zəfər nəğmələri” kitabı nəşr edilib.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, nəşrdə Birinci və İkinci Qarabağ müharibələri dövründə ifa olunan, eləcə də müxtəlif tarixi mərhələləri əhatə edən hərbi marşlar toplanıb. Kitabın müəllifi filologiya elmləri doktoru professor Bədirxan Əhmədov bildirib ki, əsərdə “Kitabi-Dədə Qorqud”dan başlayaraq milli poetik mətnlərə geniş yer verilib. Cümhuriyyət dövrü və sonrakı illərdə Azərbaycan və türk şairlərinin vətənpərvərlik mövzusunda yazdıqları nəğmə və marşlar da kitabda yer alıb. “Vətən və Zəfər nəğmələri” kitabından orta və ali məktəblərdə, eləcə də hərbi təhsil müəssisələrində vətənpərvərlik tərbiyəsinin formalaşdırılması məqsədilə istifadə etmək mümkündür.
Qeyd edək ki, “Azərbaycan Respublikası müharibə, əmək və silahlı qüvvələr veteranları təşkilatı” İctimai Birliyinin bu layihəsi Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2025-ci il üçün elan etdiyi I qrant müsabiqəsində qalib olub. Layihənin məqsədi İkinci Qarabağ müharibəsində qazanılan tarixi Qələbənin yeniyetmələr arasında təbliği, vətənpərvərlik ruhunun gücləndirilməsi və ölkəmizin ərazi bütövlüyü uğrunda qəhrəmanlıq göstərmiş döyüşçülərin gənc nəslə tanıdılmasıdır.
Bütün xəbərlər Facebook səhifəmizdə