Rusiya–Qərb gərginliyi yerli iqtisadiyyata necə təsir edir? - EKSPERT RƏYLƏRİ
Müasir dövrdə qlobal səviyyədə baş verən siyasi və iqtisadi qarşıdurmalar bir çox ölkələrin, o cümlədən Azərbaycanın da iqtisadi mühitinə birbaşa və dolayı təsirlər göstərir. Xüsusilə Rusiya ilə Qərb arasında yaranan gərgin münasibətlər enerji bazarlarında qeyri-sabitliyə, ticarət axınlarında dəyişikliklərə və valyuta bazarlarında dalğalanmalara səbəb olur. Dünya iqtisadiyyatının qarşılıqlı asılılıq şəraitində fəaliyyət göstərməsi, regional böhranların belə, yerli bazarlara sürətlə sirayət etməsinə gətirib çıxarır. Neftin qiymətindəki dəyişikliklər, sanksiyaların genişlənməsi və geosiyasi risklərin artması ölkədaxili inflyasiya, idxal-ixrac balansı və investisiya mühitinə təsir edən əsas amillər kimi ön plana çıxır. Bəs beynəlxalq iqtisadi gərginliklərin fonunda Azərbaycan iqtisadiyyatı bu dəyişikliklərə necə uyğunlaşır və hökumət hansı addımlarla daxili sabitliyi qorumağa çalışır? SİA mövzu ilə bağlı iqtisadçı-ekspert Asif İbrahimov və iqtisadçı Toğrul Vəliyevin fikirlərini öyrənib.
İqtisadçı-ekspert Asif İbrahimov bildirib ki, Rusiya ilə Qərb arasındakı iqtisadi gərginlik həm yerli iqtisadiyyata, həm də Azərbaycanın və bütövlükdə regionun iqtisadi həyatına mənfi təsir göstərir. Bu təsiri müxtəlif istiqamətlərdə müşahidə etmək mümkündür deyə iqtisadçı-ekspert qeyd edir: "İlk növbədə, bu vəziyyət maliyyə bazarlarında özünü göstərir. İdxalın artması, ixracın azalması və logistik problemlərin yaranması iqtisadi gərginliyin əsas nəticələrindəndir. Məlum olduğu kimi, Rusiya Azərbaycanın ən iri ticarət tərəfdaşlarından biridir və ixrac məhsullarımızın böyük bir qismi məhz Rusiya bazarına yönəlir.
Lakin tətbiq olunan sanksiyalar nəticəsində bir çox hallarda məhsullarımızın Rusiya bazarına çatdırılmasında və satışının təşkilində müəyyən çətinliklər yaranır. Bəzi məhsulların tərkibində istifadə olunan komponentlərin xaricdən idxal olunması bu asılılığı daha da artırır. Nəticədə logistika və daşınma ilə bağlı problemlər daha aydın şəkildə hiss olunur.
Rusiya ilə Azərbaycan arasında dərin ticarət əməkdaşlığı mövcuddur və Rusiya bizim əsas idxal tərəfdaşlarımızdan biridir. Biz bu ölkədən bir sıra ərzaq və gündəlik istehlak məhsulları idxal edirik. Son üç ildə həmin məhsulların qiymətlərində baş verən artım, yəni Rusiyadakı inflyasiyanın nəticələri artıq Azərbaycan bazarlarında da hiss olunur. Bu isə, təbii olaraq, ölkə daxilində qiymət artımına və əhalinin alıcılıq qabiliyyətinin azalmasına gətirib çıxarır.
Eyni zamanda, sanksiyaların təsiri nəticəsində dünya bazarında karbohidrogen ehtiyatlarına – neftə və qaza olan tələbatda müəyyən dalğalanmalar müşahidə edilir. Bu da Azərbaycanın enerji ixracına və ümumi iqtisadi sabitliyinə təsirsiz ötüşmür. Digər tərəfdən, Rusiyada çalışan əmək miqrantlarımızın göndərdiyi pul köçürmələrinin həcmi də azalıb. Dövlət Statistika Komitəsinin məlumatına görə, son dövrlərdə bu köçürmələr 30 faizdən çox azalıb. Bu hal Azərbaycanın ümumi maliyyə dövriyyəsinə və daxili iqtisadi tarazlığına mənfi təsir göstərən amillərdəndir.
Ümumilikdə, Rusiya-Qərb münasibətlərindəki gərginlik təkcə siyasi deyil, həm də iqtisadi müstəviyə təsir edir. Bu gərginlik ticarət dövriyyəsinə, regional əməkdaşlığa və Azərbaycanın iqtisadi sabitliyinə ciddi şəkildə mənfi təsir göstərməkdə davam edir".
İqtisadçı Toğrul Vəliyev açıqlamasında Azərbaycan iqtisadiyyatının əsasən neft ixracına əsaslandığı üçün, neftin qiymətinə və satışına təsir göstərən istənilən amil təbii ki, ölkəmizə də birbaşa və ciddi şəkildə təsir etdiyini deyir: "Hazırda Rusiya öz neftinin satışında müəyyən çətinliklərlə üzləşdiyi üçün bazarda rəqabətə davam gətirmək məqsədilə endirimlər etməyə məcbur qalır. Başqa sözlə desək, Rusiya nefti ucuzlaşır. Bu hal Rusiya nefti ilə rəqabət aparan digər ölkələri – məsələn, Səudiyyə Ərəbistanını, ABŞ-ı və digərlərini də qiymətləri aşağı salmağa vadar edir. Həmçinin həmin ölkələr hasilat həcmini artırmaq və infrastrukturunu gücləndirmək istiqamətində addımlar atırlar. Bu proseslər, təbii ki, Azərbaycan üçün də əhəmiyyətli təsirlər yaradır. Azərbaycanın dünya neft bazarındakı payı böyük olmasa da, qiymət dəyişiklikləri ölkə büdcəsinə birbaşa təsir göstərir. Neftin ucuzlaşması dövlət gəlirlərinin azalmasına, büdcə kəsirinin artmasına və ümumilikdə makroiqtisadi sabitliyə mənfi təsir edir.
Eyni zamanda, bəzən əks istiqamətli proseslər də müşahidə olunur. Məsələn, Rusiya neftinin ixracına ciddi məhdudiyyətlər tətbiq olunduqda, bazarda yaranan boşluğu digər ölkələr doldurmaq imkanı qazanır. Bu halda Azərbaycana da müəyyən qazanc əldə etmək və öz ixrac həcmini artırmaq üçün imkanlar yaranır. Beləliklə, təsirlər həm mənfi, həm də müsbət istiqamətdə özünü göstərə bilər. Ümumiyyətlə, bu məsələ çoxsahəli xarakter daşıyır. Dünya iqtisadiyyatından tam şəkildə təcrid olunmuş ölkə demək olar ki, yoxdur. Azərbaycan da digər ölkələr kimi qlobal bazarın bir hissəsidir və dünya bazarında baş verən hər bir proses ölkə iqtisadiyyatına müəyyən dərəcədə təsir göstərir.
Dünyada texnologiyaların inkişafı, enerji resurslarına olan tələbatdakı dəyişikliklər və yeni bazar trendləri də Azərbaycan üçün həm risklər, həm də imkanlar yaradır. Məsələn, 2022-ci ildə Rusiya–Ukrayna müharibəsi nəticəsində Azərbaycanın tranzit imkanlarından maksimum istifadə etməsi və regionda nəqliyyat-logistika baxımından əhəmiyyətinin artması bunun bariz nümunəsidir.
İqtisadi təsirləri tək bir istiqamətdən qiymətləndirmək mümkün deyil. Bu təsirlər həm enerji sektorunda, həm də qeyri-neft sahələrində – o cümlədən turizm, logistika və maliyyə bazarlarında müxtəlif formalarda özünü göstərə bilər. Bəzi hallarda bu proseslər yeni imkanlar açır, bəzən isə mövcud imkanların daralmasına gətirib çıxarır. Məsələn, neftin qiymətinin azalması ölkə üçün mənfi nəticə doğursa da, tranzit və ticarət istiqamətində artan rol müsbət nəticə hesab oluna bilər. Beləliklə, Rusiya–Qərb münasibətlərindəki gərginliyin iqtisadi təsiri çoxsahəli və kompleks xarakter daşıyır. Bu təsir Azərbaycanın iqtisadi reallıqlarında həm risk, həm də fürsət formalarında öz əksini tapır".
Bütün xəbərlər Facebook səhifəmizdə