“Azərbaycanlı tələbələr daha çox Türkiyə, ABŞ, Almaniya və Britaniya universitetlərini seçir” -EKSPERT DANIŞDI

“Müasir dövrdə qloballaşma və beynəlxalq inteqrasiya proseslərinin sürətlənməsi gənclərin təhsil seçimlərinə də ciddi təsir göstərir. Bu gün xaricdə təhsil almaq istəyən gənclərin sayı ildən-ilə artır. Bunun əsas səbəbi isə beynəlxalq standartlara cavab verən, müasir və keyfiyyətli təhsil almaq arzusudur”.
Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan Gənc Alim, Doktorant və Magistrlar Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov bildirib.

Onun sözlərinə görə, son illərdə Azərbaycanda təhsil sahəsində mühüm islahatlar həyata keçirilsə də, bəzi gənclər dünyanın aparıcı universitetlərində təhsil almağa üstünlük verirlər: “Dövlət tərəfindən təhsilə xüsusi diqqət ayrılması, yeni imkanların yaradılması və müxtəlif proqramların həyata keçirilməsi təhsil sisteminin inkişafına təkan verir. Bununla yanaşı, gənclər daha geniş bilik, müasir təcrübə və beynəlxalq mühit qazanmaq məqsədilə xarici universitetlərə üz tuturlar.

Bu gün bir çox azərbaycanlı tələbə Böyük Britaniya, Almaniya, ABŞ, Çin və digər ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil alır. Onların əsas məqsədi yalnız diplom əldə etmək deyil, yüksək peşə biliklərinə yiyələnmək, müasir əmək bazarının tələblərinə uyğun ixtisaslı mütəxəssis kimi formalaşmaqdır. Xaricdə təhsil alan gənclərin əksəriyyəti gələcəkdə əldə etdikləri bilik və təcrübəni Azərbaycanın inkişafına yönəltmək niyyətindədirlər.

Bununla yanaşı, bəzi hallarda təhsildən daha çox diplom əldə etməyə üstünlük verilməsi müəyyən problemlər yaradır. Lakin əsas məqsədi bilik və bacarıq qazanmaq olan gənclərin uğurları Azərbaycan gəncliyinin böyük potensiala malik olduğunu göstərir.

Xaricdə təhsil alan gənclərin vətənə qayıdaraq müxtəlif sahələrdə fəaliyyət göstərməsi ölkənin gələcək inkişafı baxımından xüsusi əhəmiyyət daşıyır. Bu gənclər yeni ideyalar, innovativ yanaşmalar və beynəlxalq təcrübə ilə Azərbaycanın intellektual potensialının güclənməsinə töhfə verirlər.

Bu baxımdan ölkədə müasir universitet mühitinin formalaşdırılması, tədris keyfiyyətinin yüksəldilməsi və ali təhsil sisteminin beynəlxalq rəqabətə uyğunlaşdırılması mühüm vəzifələrdən biridir. Dövlət proqramları və təhsil layihələri də bu istiqamətdə mühüm addımların atıldığını göstərir.

Gənclərin xaricdə təhsil almağa maraq göstərməsi həm onların fərdi inkişafı, həm də Azərbaycanın gələcək intellektual potensialının formalaşması baxımından mühüm əhəmiyyət kəsb edir. Əsas məqsəd isə ölkə daxilində də dünya standartlarına uyğun təhsil imkanlarının daha da genişləndirilməsidir”.

Müəllif: Günay Hacıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə