"Bakıda piyadayönümlü şəhər modeli genişlənir" - DEPUTAT

""Şəhərsalma və Memarlıq ilində" şəhərimiz müasirləşməyə və yenilənməyə davam edir. İnsanların hərəkət rahatlığını təmin etmək, sağlam nəqliyyatın istifadəsini təmin etmək, mikromobilliyi artırmaq, yaşıllıqları artırmaq məqsədilə müasir şəhərsalma təcrübələri tətbiq olunur. Onlardan biri də 15 dəqiqəlik şəhər konsepsiyasıdır ki, insanların ehtiyacı olduğu ictimai müəssisələrə qısa zamanda, piyada çatmasını təmin edir".

Bu sözləri SİA-ya açıqlamasında deputat Pərvanə Vəliyeva deyib.

Onun sözlərinə görə, bu, insanların fiziki aktivliyini artıraraq sağlam həyat tərzinə töhfə verir, eyni zamanda ekoloji balansı qorumağa hesablanıb: "Ağ şəhərdə yeni körpünün salınması ilə, buradan dəniz kənarına rahat çıxış təmin olundu. Növbəti dəfə yenilənən məkanlar isə İslam Səfərli küçəsində yerləşir. Belə ki, Bakının mərkəzində yerləşən İslam Səfərli küçəsinin yenidən qurulması şəhər mühitinin transformasiyasını göstərən diqqətçəkən layihələrdən biridir. Prezident İlham Əliyevin tapşırığı ilə həyata keçirilən bu layihə nəticəsində bir kilometrdən artıq ərazi tamamilə yenilənərək piyadalar üçün nəzərdə tutulmuş müasir və rahat məkana çevrilib.

Əvvəllər intensiv avtomobil hərəkəti ilə seçilən və gəzinti üçün əlverişsiz hesab olunan bu küçə artıq tamamilə fərqli funksiyaya malikdir. Burada kommunikasiya xətləri yenilənib, müasir işıqlandırma sistemi qurulub, oturacaqlar yerləşdirilib və yaşıllıq sahələri salınıb. Bütün bunlar sakinlər və turistlər üçün rahat istirahət mühiti yaradır.

Layihənin əsas üstünlüklərindən biri yalnız müasirliklə kifayətlənməməsi, eyni zamanda ərazinin tarixi irsini qorumasıdır. XIX–XX əsrlərə aid memarlıq nümunələri, saxlanılaraq yeni şəhər dizaynı ilə uyğun şəkildə birləşdirilib. Bu isə küçəyə həm estetik, həm də mədəni dəyər qazandırır.

Bundan əlavə, yenilənmiş küçə Qış parkı ilə Fəvvarələr meydanını birləşdirərək şəhər daxilində daha inteqrasiya olunmuş və funksional ictimai məkan formalaşdırır. Dəyişikliklər Bakının urbanistik inkişafına müsbət təsir göstərir və şəhərin ümumi görünüşünü daha cəlbedici edir.

Ümumilikdə, layihə Bakıda piyadayönümlü şəhər mühitinin inkişafı istiqamətində atılan mühüm addım kimi qiymətləndirilə bilər".

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə