Rəqəmsal ödənişlər büdcəyə nəzarəti çətinləşdirir, yoxsa...? - İQTİSADÇI AÇIQLADI
Son illərdə ödəniş vərdişlərində ciddi dəyişikliklər müşahidə olunur. Nağd pul istifadəsi azalarkən, bank kartları və rəqəmsal ödənişlər gündəlik xərcləmələrin əsas vasitəsinə çevrilir. Bəs, nağd puldan istifadə ilə müqayisədə kartla və rəqəmsal ödənişlər daha çox xərcləməyə səbəb olurmu, yoxsa bu yalnız insanların maliyyə davranışını idarə etmə tərzi ilə bağlıdır. Kartla ödəniş insanları daha çox xərcləməyə sövq edirmi? Rəqəmsal ödənişlər büdcəyə nəzarəti çətinləşdirir, yoxsa əksinə asanlaşdırır?
Məsələ ilə bağlı iqtisadçı Xalid Kərimli SİA-ya açıqlamasında bildirib ki, kartla ödənişlər çox sürətlə artır:
"Azərbaycanda da bu ödənişlər sürətlə dəyişir, razıyam sizinlə. Bunu nağdsız dövriyyələrin statistikasında da görmək olur. Həm də bank xidmətlərinin əhatə dairəsi artır. Eyni zamanda ödəniş texnologiyaları davamlı təkmilləşir və sürətlə inkişaf edir. Amma bütün bunlar xərcləmə psixologiyasına da təsir göstərir. Ümumiyyətlə, belə araşdırmalar var ki, kartla və ya onlayn şəkildə ödəniş etmək daha rahat xərcləmələrə, hətta emosional xərcləmələrə gətirib çıxarır. İnsan pulu fiziki şəkildə hiss etməyəndə onu daha rahat xərcləyir. Nağd pul verəndə isə psixoloji olaraq bunun təsirini daha ağır hiss edirik.
Amma kartla ödəniş zamanı, xüsusilə də alış-verişdə taksit imkanları, cashback kampaniyaları və digər həvəsləndirici vasitələr insanları daha çox xərcləməyə sövq edir. Marketlərin də istifadə etdiyi əsas alətlərdən biri məhz budur. Mobil tətbiqlərdə sürətli ödəniş imkanları da buna əlavə olunur. Yəni marketoloqlar bu üsullardan geniş istifadə edirlər. Bu baxımdan, belə araşdırmaların nəticələri ilə razıyam. Amma eyni zamanda nağdsız ödənişlər və kart əməliyyatları əhalinin komfortunu artırır. Həm də bu zaman şəxsi maliyyə üzərində nəzarət imkanları da artır. Çünki nağd xərcləyəndə hamı qeydlər aparmır, xərclərini izləyə bilmir. Amma telefondakı bank tətbiqləri vasitəsilə bütün əməliyyatları rahatlıqla izləmək mümkündür”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB