Hansı hallarda yeniyetmələri sosial şəbəkələrdən qorumalıyıq? - PSİXOLOQ AÇIQLADI
Bir çox hallarda TikTokun yeniyetmələrdə riskli davranışlara səbəb olduğunu bildirirlər. Bəs həqiqətən də belədir? Hansı hallarda biz yeniyetmələri sosial şəbəkələrdən qorumalıyıq?
Məsələ ilə bağlı psixoloq Aytən Ələkbərova SİA-ya açıqlamasında bildirib ki, TikTok kimi platformalarda çox ciddi, bir-birinə qarşı hörmətlə yanaşan insanlar da var:
"Onlar bəzən hisslərini sözlə ifadə edə bilmədikdə, bir-birilərinə mənalı paylaşımlar göndərərək ruhən keçirdikləri hissləri çatdırırlar. Bunun müsbət tərəfləri olsa da, mənfi təsirləri də kifayət qədərdir. Yeniyetmə yaşında insanlardan tam yetkin düşüncə və davranış gözləmək doğru deyil. Bu dövrdə onlar çox vaxt gördüklərinin yaxşı tərəfini deyil, daha çox diqqət çəkən və emosional təsir yaradan mənfi tərəflərini mənimsəməyə meyilli olurlar. Çünki onların emosional dünyasında baş verən dəyişikliklər davranışlarına birbaşa təsir edir.
Biz yeniyetmələri sosial şəbəkələrin mənfi təsirlərindən qorumaq üçün onlarla ciddi maarifləndirici söhbətlər aparmalıyıq. Məsələn, dünən dərs vaxtı bir sinifdə TikTok-da canlı yayım açıldığını gördüm. Müəllim normal şəkildə dərsini izah edirdi, amma bəzi şagirdlər bunu gizli şəkildə çəkərək paylaşırdılar. Bu, müəllimə qarşı açıq-aşkar hörmətsizlik idi və çox təəssüf ki, onlar bunu etdiklərinin fərqində deyildilər.
Onlara anlatmaq lazımdır ki, həmin müəllim sənin anan, atan və ya gələcəkdə həyatında dəyər verəcəyin bir insan ola bilər. İnsan etdiyi hərəkətin nəticəsini dərk etdikdə davranışlarına daha məsuliyyətlə yanaşır. Əgər o, bu hərəkətin mənfi nəticələrini anlayarsa, dayanmağı da bacarar.
Bu, birbaşa bizim tərbiyə üsulumuzdan asılıdır. Yeniyetməlik dövründə bioloji, hormonal, psixoloji və fiziki dəyişikliklər baş verir. Biz bəzən bu dəyişiklikləri zahirdə görürük: boyun qəfil uzanması, bədən quruluşundakı fərqlər və digər fiziki dəyişikliklər. Amma görünməyən, beyində və düşüncə tərzində gedən dəyişikliklər daha mürəkkəbdir.
Məhz buna görə yeniyetmələrə fərdi yanaşmaq vacibdir. Hər birinin öz psixoloji xüsusiyyətləri, düşüncə tərzi və dəyişikliklərə reaksiyası fərqlidir. Elə yeniyetmələr var ki, bu dövrü daha emosional keçirirlər, elələri də var ki, zahirdə sakit görünsələr də, daxilən ciddi psixoloji dəyişikliklər yaşayırlar.
Burada əsas məsələ hər fərdə uyğun yanaşma tərzi seçməkdir. Bəzən peşəkar psixoloq dəstəyi də vacib olur. Çünki bu günün reallığı göstərir ki, bəzən həm uşağın, həm də valideynin psixoloji dəstəyə ehtiyacı yaranır. Elə olur ki, uşağın qəbul etdiyi psixoloqu valideyn qəbul etmir, valideynin seçdiyini isə uşaq qəbul etmir. Bu, bir növ enerji və qarşılıqlı anlaşma məsələsidir.
İnsan qarşısındakı şəxsdən müsbət enerji ala və öz potensialını ortaya çıxara bilirsə, inkişaf prosesi daha sağlam gedir. Psixoloji immunitetin gücləndirilməsi isə hər kəsdə eyni üsulla mümkün olmur. Ona görə də hər bir insanın, hər bir uşağın, yeniyetmənin, gəncin və yaşlının özünəməxsus daxili dünyası və psixoloji xüsusiyyətləri var. Onlara bu fərqlilikləri nəzərə alaraq yanaşmaq və sosial şəbəkələrin təsirlərindən qorumaq bizim əsas vəzifəmizdir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB