“Sırğasız heyvanların bazara buraxılmaması xəstəliklərin yayılmasının qarşısını alır” -EKSPERT DANIŞDI

“Sırğa, yəni qulaq birkası, heyvanın şəxsiyyət vəsiqəsidir. Üzərindəki kodla heyvanın harada doğulduğu, hansı peyvəndləri aldığı, hansı təsərrüfata məxsus olduğu, kəsilməmişdən əvvəl karantində olub-olmadığı bilinir. Ona görə sırğasız heyvanı bazara buraxmamaq infeksion xəstəliklərin yayılmasına qarşı ən sadə və işlək baryerlərdən biridir”. Bu sözləri SİA -ya açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib.

Onun sözlərinə görə, effektivlik baxımından sırğa sistemi üç işi görür. Birincisi, izləmə imkanı yaradır:

” Sabah bir bazarda dabaq, qarayara, bruselyoz çıxsa, baytar həmin heyvanın sırğasına baxıb hansı rayondan, hansı kənddən, hansı fermadan gəldiyini 10 dəqiqəyə tapır. Beləliklə, xəstəlik ocağını lokallaşdırmaq, qonşu kəndləri karantinə almaq olur. Sırğasız heyvanda bu zəncir qırılır, xəstəlik yayılır, mənbə tapılmır.

İkincisi, peyvənd intizamı yaradır. Sırğa vurulması üçün heyvan əvvəlcə dövlət baytar xidmətində qeydiyyata düşməli, yaşına uyğun vaksinləri almalıdır. Yəni sırğası varsa, deməli, bir dəfə də olsa baytar görübdür. Sırğasız heyvan çox vaxt “kölgədə” saxlanılan, peyvənddən yayınan heyvandır. Xəstəliyi daşıma riski dəfələrlə yüksəkdir.

Üçüncüsü, oğurluq və qeyri-qanuni kəsimi azaldır. Sırğalı heyvanı sənədsiz satmaq çətindir. Kəsim məntəqəsi də sırğasız heyvanı qəbul etməyəndə qanunsuz ət dövriyyəsi azalır. Bu da zoonoz xəstəliklərin insana keçmə riskini aşağı salır.

Amma qayda kağızda yaxşı işləyir, çöldə çətinlikləri də var. Heyvan sahibi üçün əsas problem əlçatanlıqdır. Kənddə baytar məntəqəsi uzaqdır, baytar gəlmir, gələndə pul istəyir. Bir sırğanın vurulması rəsmi olaraq pulsuzdur, amma peyvənd, yol xərci, “şirinlik” üst-üstə gələndə xırda fermer üçün yük olur. Nəticədə adam heyvanı bazara çıxara bilmir, ya da qeyri-rəsmi yolla satır. Bu da gizli alver yaradır.

İkinci çətinlik vaxt itkisidir. Mal bazarı , topdansatış ət bazarı həftədə bir gün olur. Baytar həmin gün gəlməsə, sırğanı vurdurmasan, bir həftə də gözləməlisən. Heyvan arıqlayır, yem xərci artır, bazar qiyməti düşə bilər. Təcili pula ehtiyacı olan kəndli üçün bu, ciddi zərbədir.

Bazar iştirakçıları üçün də problem var. Alverçi bazara 50 baş mal gətirir, 5-i sırğasız çıxır. Baytar nəzarəti onu geri qaytarır. Maşın xərci, yem, geri aparıb saxlamaq əlavə xərcdir. Bəzi bazar rəhbərləri “göz yumur”, amma reyd olsa, cərimə bazar sahibinə yazılır. Ona görə mübahisə, rüşvət riski yaranır.

Ümumi heyvandarlıq sektoruna təsiri iki tərəflidir. Müsbət tərəfi odur ki, sistem tam işləsə, 3–5 ilə ölkədə epizootik vəziyyət sabitləşər. İxrac potensialı yaranar. Bu gün Azərbaycan ət və diri heyvan ixrac edə bilmir, çünki beynəlxalq alıcı bizdən “izlənə bilənlik” sistemi tələb edir. Sırğa o sistemin təməlidir. Dabaqdan, qarayaradan azad status alsaq, ərəb ölkələrinə qoyun, Qətərə dana ixracı mümkün olar. Fermerin gəliri artar.

Mənfi tərəfi isə keçid dövründə xırda təsərrüfatların sıxışdırılmasıdır. 2–3 baş malı olan kəndli sənədləşmə, baytar, yol xərci ilə məşğul olmaq istəmir. Ya malı kəsib satır, ya da heyvandarlıqdan çıxır. Nəticədə bazarda iri fermerin payı artır, xırda istehsalçı azalır. Bu da kənddə məşğulluğu azalda bilər.

Qaydanın işləməsi üçün dövlət üç şeyi təmin etməlidir: bir, səyyar baytar briqadaları kənd-kənd gəzib pulsuz sırğa və peyvənd vurmalıdır; iki, bazarların girişində baytar postu olmalı, sırğası olmayan heyvana yerindəcə sırğa vurulub qeydiyyata alınmalıdır; üç, fermer maarifləndirilməlidir ki, sırğa cərimə aləti yox, onun malını bahalaşdıran sənəddir. Avropada sırğalı dana 20 faiz baha satılır, çünki alıcı xəstəliksiz olduğuna əmindir.

Qısası, sırğasız heyvanı bazara buraxmamaq infeksion xəstəliklərin qarşısını almaqda effektivdir, çünki zənciri qırmağa imkan verir. Amma təkcə qadağa yazmaqla iş bitmir. Sistem əlçatan, ucuz və sürətli olsa, həm xəstəlik azalacaq, həm də fermer qazanacaq. Əks halda qayda kağızda qalacaq, kəndli də malını gizli satmağa yol axtaracaq”.

Müəllif: Günay Hacıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə