Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş tədbir keçirilib - FOTOLAR

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş tədbir keçirilib.

SİA xəbər verir ki, tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunan videoçarx nümayiş etdirilib.

Tədbirdə Ana Vətən Partiyasının sədri, Milli Məclisin deputatı Günay Ağamalı, Milli Məclisin deputatı Ceyhun Məmmədov, ADPU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, filologiya elmləri doktoru, professor Mahirə Nağıqızı, “Zirvə” İslahatlara Dəstək Mərkəzi İB-nin sədri Elçin Axundzadə, eləcə də digər ziyalılar iştirak ediblər.

Çıxış edənlər Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi, ölkədə sabitliyin təmin olunması və milli inkişaf strategiyasının formalaşdırılması istiqamətində gördüyü xidmətlərdən danışıblar.

ADPU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, professor Mahirə Nağıqızı bildirib ki, Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycan beynəlxalq aləmdə tanınıb və sabit inkişaf yoluna qədəm qoyub. O qeyd edib ki, Ulu Öndər təhsil sahəsinə xüsusi diqqət yetirərək gənclərin savadlı, vətənpərvər və müasir düşüncəli yetişməsini vacib hesab edib. Professor vurğulayıb ki, bu gün əsas vəzifələrdən biri Heydər Əliyev ideyalarını yaşatmaq və gələcək nəsillərə çatdırmaqdır.

Ana Vətən Partiyasının sədri, deputat Günay Ağamalı çıxışında bildirib ki, Azərbaycanın mürəkkəb dövründə xalqın əsas ümid yeri məhz Heydər Əliyev olub və onun hakimiyyətə qayıdışı ölkədə sabitliyin bərqərar olunmasında həlledici rol oynayıb. Deputat qeyd edib ki, Ulu Öndərin müəyyən etdiyi siyasi kurs bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Onun sözlərinə görə, İkinci Qarabağ müharibəsində əldə olunan qələbə və Qarabağda həyata keçirilən bərpa-quruculuq işləri bu siyasətin real nəticələridir.

Azərbaycanın sabiq təhsil naziri Misir Mərdanov çıxışında qeyd edib ki, Heydər Əliyevin həyat və fəaliyyəti ilə bağlı çoxsaylı kitablar, filmlər və elmi əsərlər yazılsa da, onun şəxsiyyətinin və dövlətçilik fəaliyyətinin dərinliyi hələ tam şəkildə ictimaiyyətə çatdırılmayıb. O bildirib ki, 1970-ci illərdə Heydər Əliyevin Azərbaycana rəhbər seçilməsi ölkənin inkişafında mühüm dönüş nöqtəsi olub və həmin dövrdə milli kadrların hazırlanmasına xüsusi diqqət yetirilib.

Milli Məclisin deputatı Ceyhun Məmmədov isə çıxışında vurğulayıb ki, 1990-cı illərin əvvəllərində Azərbaycan ağır siyasi və hərbi böhranla üz-üzə qalmışdı. Onun sözlərinə görə, Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı dövlətçiliyin qorunması və ölkədə sabitliyin təmin olunması baxımından tarixi əhəmiyyət daşıyıb. Deputat bildirib ki, Ulu Öndərin müəyyən etdiyi inkişaf xətti bu gün də uğurla davam etdirilir.

Tədbir bədii hissə ilə davam edib.

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə