Sirkə içmək hansı hallarda həyati təhlükə yarada bilər? - AÇIQLANDI

“Bu gün insanlar arıqlamaq üçün daha tez və asan nəticə verən üsullara üstünlük verirlər. Sosial şəbəkələrdə ən çox tövsiyə olunan vasitələrdən biri də sirkəli suyun içilməsidir. Lakin nəzərə almaq lazımdır ki, hər insanın sağlamlıq vəziyyəti fərqli olduğu üçün sirkənin təsiri də hər kəsdə eyni olmur”.

Bu sözləri SİA-ya açıqlamasında sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova deyib.

O bildirib ki, əvvəlcə “sirkə” və “uksus” anlayışlarını fərqləndirmək vacibdir. Azərbaycan dilində hər ikisi bəzən eyni məna daşısa da, insanlar arasında “uksus” daha çox sənaye üsulu ilə hazırlanmış sirkə turşusu kimi tanınır. Təbii sirkə isə alma, üzüm və digər meyvə-tərəvəzlərin qıcqırması yolu ilə əldə olunur. Belə sirkələrin tərkibində asetik turşunun miqdarı adətən 5–6 faiz olur. Sənaye üsulu ilə hazırlanan və “uksus” adlandırılan məhsullarda isə bu göstərici 70 faizə qədər, bəzən daha artıq ola bilir. Buna görə də həmin məhsulun birbaşa istifadə olunması ciddi zəhərlənmələrə və sağlamlıq problemlərinə səbəb ola bilər:

”Az faizli və təbii üsulla hazırlanmış sirkə bəzi hallarda qidalarla birlikdə həzmi asanlaşdırmaq və dadlandırıcı kimi istifadə olunur. Amma bu zaman da diqqətli olmaq lazımdır. Çünki sirkə turşusu mədə problemi olan insanlarda selikli qişanı qıcıqlandıra bilər. Xüsusilə mədə yanması, qastrit və ya mədə xorası olan şəxslərdə şikayətləri daha da artırma riski var.

Bundan əlavə, sirkənin tez-tez və ya düzgün istifadə olunmaması diş minasını zədələyə bilər. Bu isə dişlərin həssaslaşmasına və çürüməyə meylli olmasına səbəb olur. Sirkə tək halda və ya su ilə seyrəldilmədən qəbul edildikdə ağız boşluğunda, boğazda və qida borusunda yanıq və qıcıqlanma yarada bilər.

Digər vacib məqam isə dərmanlarla qarşılıqlı təsirdir. Xroniki xəstəliklərə görə dərman qəbul edən insanlar sirkədən istifadə etdikdə bəzi hallarda bu maddələr bir-biri ilə qarşılıqlı təsirə girərək orqanizm üçün zərərli nəticələr yarada bilər. Həddindən artıq qəbul edildikdə isə orqanizmdə mineral balansının pozulmasına, sümük sağlamlığının zəifləməsinə və digər problemlərə gətirib çıxara bilər.

Ona görə də sirkədən hansı məqsədlə istifadə olunmasından asılı olmayaraq, ilk növbədə insan öz sağlamlıq vəziyyətini nəzərə almalı, ehtiyac olduqda isə həkim və ya mütəxəssis məsləhəti almalıdır”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə