"Azərbaycanın regional gücü İtaliya ilə strateji tərəfdaşlığı gücləndirir" - ŞƏRH

"Azərbaycanın illər ərzində yürütdüyü siyasətin düzgünlüyünü sübut edən amil 44 günlük Vətən müharibəsində əldə etdiyimiz şanlı Zəfər, habelə 2023-cü ilin sentyabr ayında lokal xarakterli antiterror əməliyyatlarından sonra suverenliyimizi tam bərpa etməyimiz oldu. Bu gün dünyanın müxtəlif istiqamətlərində müharibələr getsə də, münaqişə ocaqları yaransa da, Azərbaycan Cənubi Qafqaz kimi son dərəcə mürəkkəb bir regiona dayanıqlı sülh gətirir. Habelə, Azərbaycan yürütdüyü siyasətlə Cənubi Qafqaz ölkələrinin qarşısında da yeni üfüqlər açır". Bu sözləri SİA-ya açıqlamasında deputat Azər Badamov deyib.

Onun sözlərinə görə, Azərbaycan milli maraqlar əsasında siyasət yürüdür, qarşılıqlı etimada söykənən münasibətlərin davamlı olmasında maraqlıdır:

"Bu istiqamətdə Azərbaycan Qərb təsisatları ilə də Qərb dövlətləri ilə də kifayət qədər aydın və düzgün yanaşma ortaya qoydu. Təəssüflər olsun ki, Azərbaycana qarşı ikili standartlar tətbiq edilməyə başlandı. Azərbaycan isə heç bir halda qətiyyətindən geri dönmür, ikitərəfli və çoxtərəfli kontekstdə müxtəlif dövlətlərlə əlaqələrini genişləndirirdi. Bu istiqamətdə İtaliya illər ərzində seçilən aktorlardan idi. O baxımdan ki, İtaliya Azərbaycanın ərazi bütövlüyü və suverenliyi ilə bağlı həm dəstək verdi, həm də Zəfərdən sonra Qarabağ və Şərqi Zəngəzurun bərpası istiqamətində Azərbaycana dəstək göstərməyə başladı. Məhz bu amil Azərbaycan üçün son dərəcə önəmli bir amil idi. İtaliya ilə enerji amili üzərindən başlayan əlaqələrimiz bu gün çoxşaxəlidir. Əgər İtaliya Azərbaycan üçün həm neft, həm qaz üzrə birinci dərəcəli əhəmiyyət daşıyırsa, biz artıq münasibətlərin humanitar sahəyə keçdiyini də görürük ki, bu da dövlətlər qədər cəmiyyətlərin bir-birinə inteqrasiyası prosesini sürətləndirəcək.

Cənub Qaz Dəhlizi böyük bir layihədir. Bu layihənin heç bir maneə olmadan reallaşdırılmasında Qərb olduqca maraqlıdır. Habelə Cənub Qaz Dəhlizinin tərkib hissəsi olan TAP layihəsinin genişləndirilməsi də bu gün zəruridir, çünki dəhliz kifayət qədər yüklənib və yeni interkonnektorlar qoşulmalıdır. İtaliya ilə Azərbaycanın münasibətlərini inkişaf etdirən amillərdən biri ondan ibarətdir ki, bu gün dünyada hərbi-texniki sahədə möhkəmlənmə istiqamətində dövlətlərin yarışdığını görürük. Azərbaycanın hərbi-texniki əməkdaşlıq istiqamətində İtaliya ilə münasibətləri genişləndirməsi bütövlükdə həm Cənubi Qafqaz regionu üçün, həm də İtaliyanın yerləşdiyi region üçün mühüm əhəmiyyət kəsb edir. Çünki müdafiə sənayesi sahəsində artıq birgə istehsal baxımından aktorlar addımlarını koordinasiya etməyə üstünlük verirlər. Buna görə də İtaliya texnologiyaları ilə Azərbaycanın maliyyə vəsaitinin birləşməsi bizə konkret nəticələrin hasil olacağından xəbər verir.

2026-cı ilin ikinci yarısında Bakıda biznes forumu keçiriləcək ki, bu da siyasi əməkdaşlığımız qədər müəssisələrarası, işçilərarası əməkdaşlığı genişləndirəcək, yeni fürsət pəncərələri önümüzdə açacaq. İtaliya Respublikası Nazirlər Şurasının sədri Ciorcia Meloninin Azərbaycana səfəri, habelə bu səfərin İrəvandan rəsmi Bakıya doğru reallaşması, ələlxüsus da Qərb təsisatları ilə Azərbaycan arasında gərginləşən münasibətləri də nəzərə alaraq, düşünürəm ki, bu, bütövlükdə Azərbaycanın gücünə və nüfuzuna hörmət, bu nüfuzu digər aktorlara da göstərmək baxımından xüsusi əhəmiyyət kəsb edir. İtaliya ilə Azərbaycan strateji tərəfdaşdırlar. 2014 və 2020-ci illərdə strateji tərəfdaşlığa dair iki bəyannamə imzalanmışdır ki, bu da münasibətlərimizin hüquqi zəmində qurulması üçün əsas yaradır".

Müəllif: Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə