Banklar müştərilərin pulundan necə qazanc əldə edir və bu proses nə qədər şəffafdır? - AÇIQLANDI

“Banklar müştərilərin pulundan əsasən faiz fərqi, komissiya haqları və investisiya fəaliyyəti vasitəsilə qazanc əldə edirlər. Əsas mexanizm müştərilərdən aşağı faizlə depozit cəlb edib, həmin vəsaiti daha yüksək faizlə kredit kimi başqalarına verməkdir.
Bankların mənfəətinin 90%-ini faiz gəlirləri təşkil edir. Banklar əhaliyə kredit verə bilmək üçün mərkəzi bankdan, lakin daha çox əhalidən borc alırlar. Əhalinin bir hissəsi yığdıqları pulu bank əmanətlərinə yatırır”. Bu sözləri SİA-ya açıqlamasında Hüquqi-Sosial Yardım və Maarifləndirmə İctimai Birliyin sədri Fariz Əkbərov deyib.

O bildirib ki, bank bu pulu götürüb insanlara kredit kimi satır, kreditlərin vaxtı gələndə bank əmanəti verən şəxsə əsas borcunu və faizini ödəyir, qalan pulu isə mənfəət kimi yazır:

”Bankların gəlir mənbələrini aşağıdakılar təşkil edir:
- Faiz gəlirləri
- İnvestisiya əməliyyatları üzrə komissiyalar
- Pul köçürmələri (transfer) haqqı
- Hesabın saxlanması haqqı
- Kredit kartı haqları
- Faiz gəlirləri
Bankın faiz gəlirləri dedikdə, bu portfel ilk növbədə bankın verdiyi kreditlərdən əldə etdiyi gəlirlər hesabına formalaşır. Bundan başqa bankın faiz gəlirlərinə qiymətli kağızlarından əldə etdiyi gəlirlər daxildir. Məslən, banklar hazırda depozit hərraclarında fəal iştirak edir, manatla olan vəsaitlərini bu yolla yerləşdirərək, 12-14 faiz aralığında gəlir götürürlər.

Bundan başqa, Mərkəzi Bankın buraxdığı notlar, dövlət istiqrazları, bir bankın digər banka verdiyi kreditlərdən formalaşan gəlirlər də aiz gəlirləri seqmentinə daxildir.
Faiz xərcləri isə müddətli depozitlər və əmanət qoyuluşlarına görə müştərilərə ödənilən vəsaitlərdir. Bura digər bankların depozitləri, kredit əməliyyatları, qiymətli kağızlarının buraxılışı da daxildir.

Banklar həmçinin müxtəlif maliyyə xidmətlərinin göstərilməsi üçün müxtəlif komissiya və komissiyalardan gəlir əldə edirlər. Məsələn, onlar hesabın açılması, hesaba xidmət olunması, kredit kartının verilməsi, pul köçürmələri, investisiya məsləhətləri, ipoteka və digər əməliyyatlar üçün ödəniş ala bilərlər. Bu haqlar və komissiyalar hər bir bankın xüsusi xidmətlərindən və siyasətindən asılı olaraq dəyişə bilər.

Bəzi banklar əlavə pul qazanmaq üçün investisiya əməliyyatları və ticarətlə məşğul olurlar. Onlar öz müştərilərinin vəsaitlərini səhmlərə, istiqrazlara, fondlara və digər maliyyə alətlərinə yatıra bilərlər. Uğurlu investisiyalarla onlar kapital gəlirləri və dividendlər şəklində gəlir əldə edirlər. Banklar həmçinin bazarda qiymət dəyişikliyindən qazanc əldə etmək məqsədilə öz hesabları üzrə maliyyə alətləri ilə ticarət edə bilərlər”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə