Kiçik istehsalçılar niyə əsas vitrinlərdə yer ala bilmir?

"Bu gün market rəflərində məhsulların yerləşdirilməsi məsələsi artıq təkcə satış strategiyası deyil, eyni zamanda bazarda rəqabət mühitinə təsir edən ciddi iqtisadi amillərdən birinə çevrilib. Xüsusilə iri distribüter və hegemon şirkətlər marketlər üzərində müəyyən təsir imkanları formalaşdıraraq rəf paylarının böyük hissəsini nəzarətdə saxlamağa çalışırlar".

Bu sözləri SİA-ya açıqlamasında qida eksperti İlkin Şirinov bildirib.

Onun sözlərinə görə, bu şirkətlər bəzən marketlər qarşısında şərtlər irəli sürürlər ki, vitrinin müəyyən faizi məhz onların məhsullarına ayrılmalıdır: "Əks halda, məhsul təminatının dayandırılması və ya müəyyən güzəştlərin ləğvi kimi təzyiq mexanizmlərindən istifadə olunur. Nəticədə, kiçik və inkişaf etməkdə olan yerli istehsalçılar əsas vitrinlərdə yer almaqda çətinlik çəkirlər.

Market sistemində “ana vitrin” anlayışı xüsusi əhəmiyyət daşıyır. Çünki alıcının ilk diqqət yetirdiyi məhz həmin əsas rəflərdir. Kiçik şirkətlər isə çox vaxt məhsullarını əlavə sərgiləmə sahələrində, vitrin kənarlarında və ya marketin daha az diqqət çəkən hissələrində nümayiş etdirməyə məcbur olurlar. Bu da onların satış imkanlarını zəiflədir.

Məsələ yalnız qida sektorunda deyil, digər məhsul kateqoriyalarında da müşahidə olunur. Böyük şirkətlər bazarda yalnız reklam və marketinq gücü ilə deyil, bəzi hallarda eksklüziv məhsullardan istifadə etməklə də üstünlük qazanırlar. Yəni müəyyən məhsullar yalnız həmin şirkətlərdə olduğu üçün marketlər də məcbur şəkildə onların şərtlərini qəbul etməli olurlar.

Bu vəziyyət isə bazarda sağlam rəqabət prinsiplərinə mənfi təsir göstərir. Çünki istehlakçılar daha çox çeşid, daha münasib qiymət və daha keyfiyyətli məhsul görmək istəyirlər. İnsanlar qatqısız, daha təbii və sağlam məhsullara üstünlük verirlər. Lakin rəf siyasətində balansın pozulması bəzi məhsulların alıcıya çatmasını çətinləşdirir.

Bütün bunlar göstərir ki, marketlərdə məhsul yerləşdirilməsi məsələsində daha ədalətli yanaşmanın və sağlam rəqabət mühitinin qorunmasının vacibliyi artır. Bu, həm yerli istehsalçıların inkişafı, həm də istehlakçıların seçim imkanlarının genişlənməsi baxımından mühüm əhəmiyyət daşıyır".

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə