Göyçay rayonunun Şahsoltanlı kəndində Vətən müharibəsi şəhidi Ağayev Ülvi Valeh oğlunun şəhadətə ucalmasının beşinci ildönümü ilə əlaqədar anım mərasimi keçirilib. Tədbir iştirakçıları şəhidin məzarını ziyarət edib, üzərinə tər gül dəstələri düzüblər.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, mərasimdə rayon icra hakimiyyətinin nümayəndələri, şəhid ailələri, qazilər, məktəblilər və kənd sakinləri iştirak ediblər. Çıxış edənlər Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında qəhrəman Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı Qələbədən danışıb, Ülvi Ağayevin keçdiyi döyüş yolunu, göstərdiyi igidliyi və vətənpərvərlik nümunəsini xatırladıblar.
Qeyd edilib ki, şəhid Ülvi Ağayevin adı bu gün təkcə doğulduğu Şahsoltanlı kəndində deyil, bütün Göyçayda qürurla çəkilir. Onun həyat yolu gənclər üçün Vətənə sevgi və fədakarlıq nümunəsidir.
Şəhidin ailə üzvləri tədbir iştirakçılarına minnətdarlıqlarını bildiriblər.
Xatırladaq ki, şəhid Ağayev Ülvi Valeh oğlu 1993-cü ildə Göyçay rayonunun Şahsoltanlı kəndində anadan olub. Zəfərlə başa çatan 44 günlük Vətən müharibəsinin ilk günlərindən könüllü olaraq ordu sıralarına yazılıb. Bir sıra ağır döyüş əməliyyatlarında iştirak edən Ülvi silahdaşları ilə birlikdə düşmənin çoxsaylı canlı qüvvəsini və texnikasını məhv edib, döyüş meydanında rəşadət və igidlik nümunəsi göstərib.
2020-ci ilin oktyabrın 20-də Suqovuşan istiqamətində gedən şiddətli döyüşlərdən birində qəhrəmancasına şəhid olub.
Ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə