Müasir dövrdə ailə anlayışı sürətlə dəyişir. Qloballaşma, texnologiyanın inkişafı və fərdi azadlıqlara verilən önəmin artması ilə formalaşan müasir ailə modelləri bir çox hallarda ənənəvi dəyərlərlə ziddiyyət təşkil edir. Əvvəllər ailə dəyərləri əsasən kollektivlik, hörmət və ənənələrə bağlılıq üzərində qurulurdusa, bu gün fərdi seçimlər, bərabərlik və şəxsi inkişaf kimi meyarlar ön plana çıxır. Bu dəyişikliklər isə cəmiyyətin müxtəlif təbəqələrində ailəyə münasibətdə fikir ayrılığı yaradır. Belə bir mühitdə ənənəvi və müasir baxışların toqquşması həm ailə daxilində, həm də ümumilikdə cəmiyyətdə sosial və psixoloji təsirlər doğurur.
Məsələ ilə bağlı sosioloq Lalə Mehralı SİA-ya fikirlərini bölüşüb: “Bütün dəyərlər zamanla aşınır, mövcud olduğu dövrə uyğunlaşır, transformasiyaya tuş gəlir. Amma buna baxmayaraq kökündən ayrılmır. Dəyişikliyiki hiss etsək də, kökünə bağlılığı da qoruyub saxlayır. Buna görə də müasir ailə modelini köklərdən qopmuş, uzaqlaşmış kimi təqdim etmək düzgün deyil. Hər birimizin ailəsi öz kökünə bağlılığı ehtiva edir: “Yaşlı nəsil, gənc nəsil də qızıl ortanı tapmalıdır. Ailə bütövlüyündən söhbət gedirsə, mütləq ki, hər iki tərəf qızıl ortanı tapmalıdır. Əks halda hazırki boşanmalar, çəkişmələr, məhkəmə məsələləri aktual olacaq. Təbii ki, öz doğrusunu mütləq doğru hesab edən yaşlı nəsil nümayəndələri də, doğru dediyini sübut edə bilməyən gənc nəsil nümayəndələri də var. Bu səbəbdən də əsas olan “qurmağa” meyilli olmaqdır, “yıxmağa” yox. Hər iki tərəf güzəştə getməyə başlamalıdır, ailə böyükləri isə gənclərin yeni ailə həyatı qurduqlarını anlamalıdırlar. Eləcə də gənclər məsləhətlərə açıq olmalıdır. Bir sözlə, ailəni qorumaq üçün ortaq nöqtədə görüşmək lazımdır”.
Bütün xəbərlər Facebook səhifəmizdə