Nizami rayonunda “Nə, harada, nə zaman” bilik yarışı keçirilib

Ümummilli lider Heydər Əliyevin 101 illik yubileyi münasibətilə Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyədəstəyilə Nizami Rayon Sosial-İctimai Maarifləndirmə İctimai Birliyinin həyata keçirdiyi “Sağlam nəsil və sağlam gələcək üçün maarifləndirmə” adlı layihə çərçivəsində “Nə, harada, nə zaman” bilik yarışı keçirilib.

Bilik yarışı Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, ulu öndər Heydər Əliyevin, eləcə də ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Layihə rəhbəri Rəsul Səlimzadə məlumat verib ki, yarışda Nizami rayonunun 24 təhsil müəssisəsindən 170-dək nümayəndə iştirak edib.Onlar 5 nəfər əsas, 2 nəfər isə ehtiyat olmaqla 24 komanda şəklində mübarizə aparıblar. Üç turun nəticəsinə görə 312 saylı orta məktəbin komandası birinci, 250 saylı orta məktəbin nümayəndələri ikinci, 129 saylı məktəbin təmsilçiləri isə üçüncü yerin qalibi olublar.

Sonra rəsmi mükafatlandırma mərasimi keçirilib.

Mərasimdə Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov, Nizami Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Bəhmən Hüseynov, Keşlə Bələdiyyəsinin sədri Əlamdar Bafadarov, Nizami Bələdiyyəsi sədrinin I müavini Heydər Rəhimov çıxış ediblər. Bildirilib ki, müstəqil Azərbaycanın uğurları ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli lider Heydər Əliyevin siyasi kursu ölkəmizdə əmin-amanlığı, dinamik inkişafı təmin edib. Vurğulanıb ki, ümummilli lider Heydər Əliyevin siyasi kursunu bu gün uğurla davam etdirən Prezident İlham Əliyevin də əsas məqsədi ölkədə intellektual və kreativ gənclər ordusunu formalaşdırmaqdır. Əlavə olunub ki, bu cür bilik yarışlarının keçirilməsinin də əsas məqsədi məhz dövlətin gənclər siyasətinə dəstək vermək və gənc intellektləri üzə çıxarmaqdır.

Çıxışlardan sonra təltifetmə olub, qaliblərə diplomlar, medallar və kubok, yarış iştirakçılarına isə sertifikatlar təqdim olunub.

LƏMAN

Bütün xəbərlər Facebook səhifəmizdə