Qərbin “demokratiya cəngavərləri” və onların yerli “marionet kuklaları”nın nəzərinə

Ölkənin siyasi nəbzini, eləcə də siyasi münasibətlərin məzmununu xarakterizə edən tədbirlər təkcə daxili auditoriyanın deyil, eyni zamanda, mütləq şəkildə xarici dövlətlərin də diqqət mərkəzindədir. Əksər kütləvi informasiya vasitələrinin önəm verərək geniş yer ayırdığı daha bir tədbir siyasi gündəmin növbəti əlamətdar ictimai-siyasi hadisəsi kimi dəyərləndirilə bilər. Bu il mayın 16-da keçirilən “Siyasi partiyalar haqqında Azərbaycan Respublikasının Qanununun tətbiqi məsələləri” adlı tədbirin şərhi peşəkar yanaşma ilə yanaşı, yüksək siyasi və vətəndaşlıq məsuliyyətinin nümayişini də zəruri edir. Bilavasitə Prezident Administrasiyasının təşkilatçılığı, Milli Məclis Aparatının, Mərkəzi Seçki Komissiyasının, Hesablama Palatasının, habelə Ədliyyə və Maliyyə nazirliklərinin iştirakı ilə keçirilmiş tədbirlə bağlı əsas və prinsipial məsələ ondan ibarətdir ki, sözügedən tədbirdə adıçəkilən rəsmi dövlət qurumları ilə yanaşı, ölkədə fəaliyyət göstərən 25 siyasi partiyanın nümayəndələri də iştirak etmişdir. Bununla da deyə bilərik ki, Azərbaycan ictimaiyyəti növbəti dəfə ölkədə yaşanan real siyasi dialoqa şahidlik etmiş oldu. SİA xəbər verir ki, bu fikirlər politoloq A.Adilin “Qərbin “demokratiya cəngavərləri” və onların yerli “marionet kuklaları”nın nəzərinə” sərlövhəli məqaləsində yer alıb.

Tədbirlə bağlı rəsmi mətbuat orqanlarının informasiyalarında qeyd olunub ki, onun əsas strateji təyinatı siyasi partiyalarla dövlət orqanları arasında konstruktiv əməkdaşlığın qurulması və inkişaf etdirilməsidir. Əslində sözügedən siyasi məqsəd özündə demokratik münasibətlərin əsas məğzini ehtiva edir. Odur ki, bu cür tədbirlərdə iştirak demokratik münasibətlərdə fəal iştirak etmək deməkdir. Buna görə də heç təəccüblü və təsadüfi deyil ki, təşkil olunmuş bu tədbirdə iştirak etməyən yeganə partiya məhz AXCP oldu. Onlar bu tədbirdə iştirak etməməklə bir daha nümayiş etdilər ki, “inkişaf”, “tərəqqi”, “sağlam münasibətlər”, “demokratik ənənələr”, “həmrəylik”, “konstruktiv mövqe” və “əməkdaşlıq” kimi demokratik məfhumlar sahib olduqları radikal təfəkkürə zidd anlayışlardır.

Müxtəlif informasiya resurslarında sözügedən tədbirlə əlaqədar verilmiş məlumatlarda qeyd olunur: “Görüşdə çıxış edən Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev dövlət siyasətində demokratik prinsip və dəyərlərə daim sadiq qalan Prezident İlham Əliyevin təşəbbüsü ilə ölkədə davamlı olaraq müxtəlif siyasi qüvvələr arasında konstruktiv əməkdaşlıq, sağlam siyasi dialoq və həmrəylik mühitinin təşviq olunduğunu bildirib”. Əslində, Administrasiya rəsmisinin bu sözləri Prezident İlham Əliyevin daxili siyasət kursunun mahiyyətini əks etdirir. Belə ki, rəsmi məlumatlarda qeyd olunur: “Şöbə müdiri siyasi partiyaların cəmiyyətdə artan rolunu ölkəmizdə formalaşmaqda olan yeni siyasi konfiqurasiyanın əsas elementlərindən biri kimi xüsusi vurğulayaraq təşkil olunmuş görüşün, həmçinin siyasi partiyaların mövcud potensialının dövlət siyasətinin və ictimai münasibətlərin daha da inkişafına yönəldilməsi imkanlarının genişləndirilməsinə xidmət etdiyini bildirib”.

Prezident Administrasiyasının şöbə müdirinin çıxışında müraciət etdiyi ifadələrə bir daha ayrı-ayrılıqda diqqət yetirək: “müxtəlif siyasi qüvvələr arasında konstruktiv əməkdaşlıq”, “sağlam siyasi dialoq və həmrəylik mühiti”, “siyasi partiyaların cəmiyyətdə artan rolu ölkəmizdə formalaşmaqda olan yeni siyasi konfiqurasiyanın əsas elementidir”, “siyasi partiyalarda olan potensialın ictimai münasibətlərin daha da inkişafına yönəldilməsi” və s. Ölkənin sıravi vətəndaşı olaraq bu cür ifadələri məhz dövlət rəsmisindən eşidəndən sonra boşboğaz demaqoqlardan soruşmaq istəyirsən: “Açıq və demokratik münasibətlərin mövcudluğu, habelə cəmiyyətdə birlik və həmrəylik mühitinin yaşanması sizin siyasi fəaliyyətinizin hədəfi deyilsə, siyasətdə nə işiniz var? Məqsədiniz nədir?” Təəssüf ki, radikalları siyasətdə saxlayan onların xəstə və maniakal ambisiyaları, habelə öz xalqına və dövlətinə qarşı xain xislətləridir. Məhz elə ona görə də qeyd olunan suallar hər zaman cavabsız qalır.

Tədbirlə əlaqədar mətbuatda yayımlanan məlumatlarda vurğulanır ki, görüşdə iştirak etmiş müxtəlif dövlət orqanlarının nümayəndələri çıxış edərək “Siyasi partiyalar haqqında” Azərbaycan Respublikasının Qanunundan irəli gələn məsələlər barədə təmsil etdikləri orqanların aidiyyəti üzrə gördüyü işlər barədə məlumat veriblər. Təkcə bu fakt hesabatlılığın göstəricisi deyilsə, bəs nədir? Xatırladaq ki, “hesabatlılıq” bilavasitə demokratik siyasi quruluşlara xas olan keyfiyyət meyardır.

Məlumatlarda o da qeyd olunur ki, tədbirdə siyasi partiyaların nümayəndələri çıxış edərək müzakirə olunan mövzulara münasibətlərini və konkret təkliflərini də bildiriblər. Beləliklə, Azərbaycan hökuməti siyasi partiyaların inkişafına verdiyi dəstəklə, əslində, cəmiyyəti narahat edən məsələlərin həlli üçün siyasi mövqeyindən asılı olmayaraq ölkənin bütün vətənpərvər və intellektual qüvvələrinin səfərbər olmasına da dolayısı ilə xidmət etmiş olur. Əsl ictimai saziş və milli konsensus budur. Demokratik siyasi dialoqun fəlsəfəsi də elə bundadır: dövlət və cəmiyyət naminə əməkdaşlıq. Təəssüflə xatırlatmalıyıq ki, bəziləri tərəfindən siyasi dialoqu hər vəchlə inkar etməyin səbəbi də məhz sahib olduqları radikal təfəkkürdür.

Görüş ilə əlaqədar mətbuatda verilmiş məlumatlarda o da bildirilir ki, tədbirdə müvafiq dövlət orqanlarının təmsilçiləri tərəfindən siyasi partiya nümayəndələrinin çoxsaylı sualları cavablandırılıb və müxtəlif məsələlərlə əlaqədar geniş müzakirələr aparılıb. Xatırlayaq ki, cəmi bir neçə ay bundan öncə “Siyasi partiyalar haqqında” yeni Qanunu az qalmış apokalipsis kimi təqdim edən radikallar niyə sözügedən tədbirdə iştirak etmədilər və öz “dahiyanə” suallarını vermədilər? Çünki onlar yalnız öz sifarişçilərinin oyunlarını oynayırlar, çünki sabitlik və həmrəylik onların marağında deyil. Çünki onların siyasi fəaliyyətinin əsasını emosional situasiyaların və təxribatların törədilməsi təşkil edir. Qərəz, populizm və demaqogiya isə radikal ritorikanın başlıca xüsusiyyətləridir.

Yaxşı deyək ki, bizim bu bəla-siyasətciklərimiz ilə hər şey aydındır, onlar hər dəfə özlərini ifşa edirlər və əlbəttə ki, onları ciddi qəbul etmək belə artıq mümkünsüzdür. Bəs Qərbin “demokratiya cəngavərləri” haradadır və niyə susublar? Hanı onların Azərbaycan hökumətinin bu cür demokratik məzmunlu təşəbbüslərini təqdir edən “alovlu” şərhləri? Bəyəm onların “qarınlarının ağrısı” demokratik münasibətlər, açıq və şəffaf dialoq deyilmi? Yoxsa həmrəyliyə və milli birliyə xidmət edən təşəbbüslər onlar tərəfindən ayrılan qrantların əsas mövzularına uyğun gəlmir?

Marionet kuklalarla Azərbaycanda hər hansı siyasi tamaşanın göstərilməsi artıq mümkünsüzdür. Çünki cəmiyyətdə dialoq mühitinin yaşanması üçün hər hansı vasitəçiyə ehtiyac yoxdur. Dialoq mühiti Azərbaycanda formalaşan yeni siyasi konfiqurasiyanın əsas göstəricilərdindən biri, sağlam siyasi partiyalar isə həmin konfiqurasiyanın əsas həlqələridır. Prezident İlham Əliyevin mayın 10-da Şuşa şəhərinin sakinləri ilə görüşündə səsləndirdiyi fikirləri bir daha xatırlamaq və unutmamaq lazımdır: “Heç kim bizə heç nə diktə edə bilməz və bizim daxili işlərimizə müdaxilə edə bilməz”. Bu, Qərbin “demokratiya cəngavərləri” və onların yerli “marionet kuklaları”na ən tutarlı cavabdır.

Bütün xəbərlər Facebook səhifəmizdə