“Bütün rənglər birləşərək cəmiyyətimizin bənzərsiz gücünü meydana gətirir” - Ramin Məmmədov
“Sizi “Konstitusiya və Suverenlik İli” çərçivəsində, Zəfər Günü ərəfəsində keçirilən və fərqliliklərimizin harmoniyasını təcəssüm etdirən festivalda salamlayır və bu mənəvi birliyə töhfə verdiyiniz üçün təşəkkür edirəm. Bu gün ölkəmizdə mövcud olan sabitlik və harmoniyanın əsasında Ümummilli Lider Heydər Əliyevin milli-mənəvi dəyərlərə əsaslanan siyasəti dayanır". SİA xəbər verir ki, bu fikirləri “Fərqliliyin rəngi” festivalında çıxışı zamanı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov səsləndirib.
O bildirib ki, Konstitusiyada təsbit edilmiş vicdan azadlığı və dini etiqadların bərabərliyi prinsipləri Azərbaycan tolerantlıq modelinin hüquqi dayağını təşkil edir: “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin də vurğuladığı kimi, ölkəmizin ən böyük sərvətlərindən biri etnik-dini müxtəlifliyin milli həmrəyliyə çevrilməsidir. Dövlətin diqqət və dəstəyi sayəsində bütün dini icmaların fəaliyyətinə bərabər şərait yaradılıb". Sədr müavini qeyd edib ki, birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsləri də dini-mədəni irsin qorunması və dünyada tanıdılması istiqamətində mühüm rol oynayır.
Ramin Məmmədov çıxışı zamanı Azərbaycanın suverenliyinin bərpası və böyük Zəfərin milli-mənəvi birliyin gücündən qaynaqlandığını vurğulayıb: “Üç gün sonra biz Zəfər Gününü qeyd edəcəyik. Bu qələbə xalqımızın azadlıq, ədalət və milli birliyə sarsılmaz inamının təntənəsidir. Suverenlik bizim ən ali dəyərlərimizdəndir və məhz bu dəyər sayəsində bu gün dini-mədəni müxtəlifliyimiz qorunur və daha da inkişaf edir". O qeyd edib ki, festival çərçivəsində nümayiş olunan fotostendlər, ədəbiyyat nümunələri, əl işləri və musiqi proqramları Azərbaycanın zəngin dini-mədəni palitrasını əks etdirir: “Məscid, kilsə və sinaqoqların bir-birindən bir neçə addım aralıda yerləşməsi, müxtəlif dini icmaların çiyin-çiyinə yaşaması bizim birgəyaşayış fəlsəfəmizin həyata keçmiş modelidir".
Sonda Ramin Məmmədov festivalın mahiyyətini belə ifadə edib: “Hər fərq bir rəngdir. Hər rəng bir dəyərdir və bütün rənglər birləşərək Azərbaycan cəmiyyətinin bənzərsiz gözəlliyini və gücünü yaradır".
Bütün xəbərlər Facebook səhifəmizdə


.jpg)

USD
EUR
GBP
RUB