“Azərbaycanda konfessiyalararası həmrəyliyi əks etdirən festival gerçəkləşir" - Gündüz İsmayılov

"Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi "Konstitusiya və Suverenlik İli" çərçivəsində silsilə tədbirlər həyata keçirir. Bu gün təşkil olunan “Fərqliliyin rəngi” festivalı isə əvvəlki tədbirlərdən həm format, həm də mahiyyət baxımından fərqlənir. Festivalın əsas məqsədi ölkəmizdə konfessiyalararası həmrəyliyin, milli birliyin, mənəvi vəhdətin və dini-mədəni müxtəlifliyin unikal nümunəsini nümayiş etdirməkdir". SİA xəbər verir ki, bunu festivalda çıxışı zamanı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov söyləyib.

O bildirib ki, tədbir çərçivəsində müxtəlif dini icmaların ənənə və dəyərlərini əks etdirən fotostendlər, ədəbiyyat və geyim nümunələri, əl işləri və digər dini məzmunlu eksponatlardan ibarət sərgilər təqdim olunur: "Burada müxtəlif dini icmaların fəaliyyəti, mədəni irsi və adət-ənənələri ilə yaxından tanış olmaq mümkündür. Festival Azərbaycanda tarixən formalaşmış tolerantlıq ənənəsinin və dinc birgəyaşayış modelinin real göstəricisidir".

Gündüz İsmayılov qeyd edib ki, festivalda demək olar, ölkəmizdə fəaliyyət göstərən bütün dini konfessiyaların nümayəndələri iştirak edirlər: "Qafqaz Müsəlmanları İdarəsi, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyası, Roma Katolik Kilsəsinin Apostol Prefekturası, Dağ, Sefarad və Avropa Yəhudilərinin Bakı dini icmaları, Azərbaycan Bibliya Cəmiyyəti, Azərbaycan Bəhailəri Dini Mərkəzi, Alban-Udi icması, Krişna Şüuru icması, həmçinin Gürcü pravoslav və Molokan-ruhani xristian icmaları festivalda təmsil olunurlar".

Bütün xəbərlər Facebook səhifəmizdə