İllərdir hər mövsüm eyni mənzərəni görürük: yüzlərlə insan Həcc ziyarətinə yola düşür, minlərlə insan da onlara həsrətlə baxır. Amma bu ziyarət artıq dinin əsl mahiyyətindən çox, riyakar bir nümayişə, dini biznesə və sosial prestij yarışına çevrilib. Əvvəllər Həcc ziyarəti səmimi bir ibadət idi. İnsanlar oraya Allahla baş-başa qalmağa, günahlarından təmizlənməyə, ruhən yenilənməyə gedirdilər. İndi isə çoxu üçün bu, “status səfəri”dir. Bəziləri üçün Həcc sanki bir imic layihəsidir — yəni “mən də getdim, mən də imanlıyam” deyə bilmək üçün edilən bir addım. Halbuki iman heç vaxt şəkillərlə, paylaşımlarla, diplomlarla ölçülmür.

Sosial şəbəkələrdə hər il eyni səhnələr təkrarlanır: Məkkə fonunda selfilər, “Həcc qismət oldu” statusları, video paylaşımlar, şərhlərdə “Maşallah” seli. Amma sual budur — bu ziyarət Allahla təmasdır, yoxsa auditoriya ilə əlaqə? Çoxları üçün artıq Məkkə – ibadət yeri yox, “foto zona”ya çevrilib. Həccin ruhani dərinliyi itir, yerini süni nümayiş tutur.

Heç kim danmır ki, Həcc bu gün nəhəng bir sənayedir. Hər il milyonlarla insanın axını, trilyonlarla dollarlıq dövriyyə, turizm şirkətlərinin “qızıl mövsümü”. Müqəddəs ziyarət artıq bazara çevrilib – qiymətlər, paketlər, VIP xidmətlər, xüsusi otaqlar, xüsusi avtobuslar. Allahın evi sadəlik və bərabərlik simvolu olmalı ikən, orada artıq sinfi fərqlər açıq-açığına hiss olunur. Kimisi beşulduzlu oteldə qalır, kimisi darısqal çadırlarda. Kimisi “VIP ziyarət paketi” alır, kimisi sadəcə yuxusuz gecələrdə izdihamda yer tapmağa çalışır. Bu ziyarətin ticarətə çevrilməsi, onun mənəvi ruhunu tamamilə zədələyir.

Ən acı paradokslardan biri də budur: insanlar illərlə pul yığıb Həcc ziyarətinə gedir, amma o pullar sonunda kimin cibinə gedir? Səudiyyə şahzadələrinin. Bəli, həmin pullar milyonlarla hacının cibindən çıxır, amma çox vaxt o vəsaitlər “iman işi”nə yox, ərəb şahzadələrinin lüks və israf dolu həyatına xərclənir. Elə bu yaxınlarda şahzadələrin dünya ulduzlarını — o cümlədən müğənni Beyonce-un gecəsinə milyonlarla dollar dəyərində pul xərcləməsi hamıya məlumdur. Həmin görüntülər New York Magazine dərgisinin manşetində idi. İnsanlar Allahın evinə pul xərcləyir, amma o pullar sonunda şahzadələrin əyləncə gecələrinə, qızıl avtomobillərinə, lüks saraylarına gedir. Bu, bir mənəvi ironiyadır – sanki sadə müsəlmanlar ibadət adı ilə şahzadələrin əyləncəsini maliyyələşdirirlər.

Ən acı olan tərəf budur ki, Həccdən qayıdan bir çox insan özünü “üst səviyyə müsəlman” kimi göstərir. Ətrafdakılara yuxarıdan baxır, danışığında “Həcc təcrübəsi”ni göstərir, amma davranışında nə dəyişiklik, nə təvazökarlıq görünür. Əgər bir insan Həccdən qayıdandan sonra hələ də yalan danışırsa, rüşvət alırsa, başqasına pislik edirsə, o ziyarət nə verdi? O insan orada Allahla danışmadı, sadəcə turistik səfər etdi. Bu gün Həcc bir çoxları üçün günahdan təmizlənmək vasitəsi yox, günahları silmək üçün “sertifikat” kimidir. Sanki bir dəfə gedib gəlməklə bütün səhvlər bağışlanacaq. Amma insanın dəyişmədiyi yerdə heç bir ziyarətin mənası yoxdur.

Cəmiyyətimizdə Həcc artıq dini borcdan çox, nüfuz məsələsinə çevrilib. “Filankəs Həccə gedib” – bu cümlə bəziləri üçün hörmət, digərləri üçün də qısqanclıq doğurur. İnsanlar oraya getməyə təkcə Allaha görə yox, “ad-san” qazanmaq üçün gedirlər. Bir çoxları “Hacı” titulunu həyatlarının ən böyük nailiyyəti kimi daşıyır. Amma bu titulun içi çox vaxt boşdur. “Hacı” adını daşımaq məsuliyyətdir, amma indi o, brendə çevrilib. Brend kimi satılan, status kimi istifadə olunan bir dini simvol.

Bəzən Həccin qiymətlərinə baxanda adam düşünür: Allaha yaxınlaşmaq bu qədər bahalı olmalıdırmı? Niyə bir çox insan kredit götürür, evini satır, borca girir? Dində “imkanı olan üçün vacib” deyə açıq yazılıb. Amma insanlar dinin sözünü yox, cəmiyyətin baxışını dinləyir. Bəzən bu səfərlərin arxasında göstəriş ehtirası, maddi imkanın nümayişi, eqonun doyurulması dayanır. Halbuki, Allahı tapmaq üçün Kəbəyə getmək şərt deyil. Bəzən bir kasıba kömək etmək, bir yetimi sevindirmək, bir ədalətsizliyə qarşı çıxmaq da ibadətdir. Amma insanlar Allaha gedən ən sadə yolları unudub, ən bahalı yolları seçirlər.

Əgər Həccdən qayıdandan sonra insan eyni qalıbsa, o zaman o ziyarətin mənası yoxdur. Həccin həqiqi mahiyyəti insanın içindəki zülmü, təkəbbürü və riyakarlığı öldürməkdir. Amma bu gün çoxları oradan daha da təkəbbürlü qayıdır. Əslində bəzən ən böyük Həcc – öz vicdanına getməkdir. Ora getmək üçün viza, bilet, pul lazım deyil. Sadəcə bir az səmimiyyət, bir az dürüstlük kifayətdir. Amma görünür, bu yol Həcc yolundan da çətindir. Çünki orada nə şəkil çəkdirmək, nə də göstəriş var.

Bu gün Həcc ziyarəti çoxları üçün bir mənəvi dönüş nöqtəsi yox, sadəcə ictimai görüntü alətidir. Allahla təmas yox, auditoriya ilə əlaqə. İman yox, imic. Bəlkə də artıq vaxtıdır ki, insanlar Məkkəyə yox, öz içlərinə ziyarətə getsinlər. Çünki Allaha ən yaxın yol – vicdanın səsini eşitməkdən keçir.

Müəllif: İlkin Məmmədkərimov

Bütün xəbərlər Facebook səhifəmizdə