“Rusiya miqrasiya siyasəti regionda yeni geosiyasi tənzimlənməyə işarədir” - ŞƏRH EDİLDİ

"Rusiyanın yeni miqrasiya siyasəti təkcə daxili sosial-iqtisadi tənzimləmə məqsədi daşımır, eyni zamanda regionda demoqrafik, siyasi və təhlükəsizlik balansına təsir edən genişmiqyaslı geosiyasi strategiyanın tərkib hissəsidir". Bu sözləri SİA-ya açıqlamasında ekspert Emin Həsənli deyib.

Onun sözlərinə görə, son illərdə Moskva miqrant axınlarını daha ciddi nəzarətə almaq, qeyri-qanuni miqrasiyanı azaltmaq və əmək bazarını tənzimləmək istiqamətində yeni mexanizmlər tətbiq edir: "Buraya rəqəmsal qeydiyyat sistemləri, biometrik nəzarət, əmək kvotaları və müvəqqəti yaşayış icazələrinin sərtləşdirilməsi daxildir. Əslində bu siyasətin arxasında iki əsas məqsəd dayanır: birincisi, Rusiyanın daxilində artan ictimai narazılığı - xüsusilə Orta Asiyadan gələn miqrantların sayının çoxluğu ilə bağlı gərginliyi yumşaltmaq; ikincisi isə region ölkələri üzərində təsir alətini qoruyub saxlamaq. Miqrant axını Moskvanın postsovet məkanında “yumşaq güc” vasitələrindən biridir. Rusiyada çalışan milyonlarla Orta Asiya və Qafqaz mənşəli işçi həm həmin ölkələrin iqtisadiyyatları üçün maliyyə axını mənbəyi, həm də Rusiyanın onlara qarşı təzyiq vasitəsidir.

Yeni siyasət göstərir ki, Rusiya bu axın üzərində nəzarəti bərpa etməklə həm daxili təhlükəsizliyini gücləndirmək, həm də regionda öz təsirini yeni mərhələyə daşımaq niyyətindədir. Xüsusilə Ukrayna müharibəsindən sonra yaranmış sanksiyalar fonunda Moskva xarici işçi qüvvəsini seçici şəkildə cəlb etməyə çalışır - prioritet daha çox texniki və sənaye sahələrində ixtisaslı kadrlara verilir. Region miqrasiya proseslərinin ümumi dinamikasına gəlincə, bu, həm iqtisadi, həm də siyasi faktorların vəhdətini əks etdirir. Qlobal iqtisadi qeyri-sabitlik, enerji bazarındakı dəyişikliklər və müharibə nəticəsində yaranan yeni sərhəd reallıqları miqrasiyanın istiqamətlərini dəyişib. Azərbaycan da daxil olmaqla region ölkələri artıq həm tranzit, həm də qəbul edən dövlətlər kimi yeni vəzifələrlə üz-üzə qalıb. Rusiyanın yeni miqrasiya siyasəti postsovet məkanında insan resurslarının hərəkətini daha çox nəzarət altına almağa yönəlib və bu, regionun gələcək sosial-iqtisadi xəritəsini formalaşdıran mühüm amillərdən birinə çevrilir".

Müəllif: Ziya Hikmətoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə