"Hal-hazırda bu sistem ölkə mediasında hibrid şəkilindədir" - MÜNASİBƏT BİLDİRİLDİ

Son dövrlər Qərb media qurumları əlavə xərcləri azaltmaq məqsədilə əməkdaşlarının evdən işləməsi sisteminə keçirlər. Beləliklə, media qurumları həm ofis xərclərindən azad olur, həm də əməkdaşların hər gün redaksiyaya gedib-gəlməsinə ehtiyac qalmır. Məsələn, “Associated Press”, “Reuters”, “The New York Times” və “The Wall Street Journal” kimi media qurumlarında əməkdaşların yarısı artıq evdən çalışır. “Daily Express” qəzeti isə 2028-ci ilə qədər mərhələli şəkildə əməkdaşlarının 70 faizinin evdən işləyəcəyini açıqlayıb.
Bəs bu sistem ölkə mediasında da tətbiq oluna bilərmi? Mövzu ilə bağlı media eksperti Səbinə İzzətli SİA-ya açıqlamasında bildirib ki, Covid-19 pandemiyası dövründə əslində ölkədə bu təcrübə yaşanıb.

Onun sözlərinə görə, pandemiya dövründə əldə edilən bu təcrübə şirkətlər üçün olduqca faydalı olub:
“Hələlik ölkədə media sahəsində tamamilə evdən çalışma sistemi tam şəkildə tətbiq edilməyib. Hazırda bu sistem ölkə mediasında hibrid formada fəaliyyət göstərir. Yəni əməkdaşlar həftənin müəyyən günlərində redaksiyaya gəlir, müəyyən günlərində isə evdən işləyirlər. Xəbər saytlarında əməkdaşların evdən çalışması daha rahatdır, çünki bu sahədə fəaliyyət üçün ofis mühitinə ciddi ehtiyac yoxdur. Burada diqqətə alınması olan məsələ odur ki, belə bir mühitdə jurnalist nə dərəcədə işinə məsuliyyətlə, sistemli yanaşacaq? Bəlli bir ofisə, nəzarətə bağlı olmadan jurnalist ortaya keyfiyyətli məzmun qoya biləcəkmi? Bu vərdiş oturuşduqdan sonra, əslində, jurnalistin işini haradan təhvil verməsinin bir önəmi qalmır.
Bizdə bu sistemin tam şəkildə tətbiqi üçün müəyyən hüquqi və inzibati maneələr mövcuddur. Məsələn, media reyestri ilə bağlı qaydalara əsasən, hər bir media qurumu qeydiyyatdan keçmək üçün mütləq şəkildə öz hüquqi və faktiki ünvanını olmalıdır.
Amma media əməkdaşlarının tam şəkildə evdən işləməsi təcrübəsinin ölkəmizdə də tətbiqi qaçılmazdır. Çünki Qərb ölkələrinin bizdən azı 20 il qabaqda olduğunu nəzərə alsaq, bu prosesin gələcəkdə Azərbaycanda da reallaşacağı şübhəsizdir. Dünyada baş verən proseslər ölkəmizdən yan keçə bilməz.
Digər tərəfdən, son dövrlərdə bir çox media qurumlarının bağlanması və bəzi qəzetlər birləşdirilməsi, mediada hökm sürən iqtisadi problemlər media qurumlarını alternativ gəlir qaynaqları barədə düşünməyə vadar etməli. Reklamdan asılılıq, media qurumlarının işinə şəffaflıq baxımdan şübhə qatır. Dünyada “The Guardian”, “The New York Times” kimi nəşrlər çoxdan pullu kontentdən qazanmağa çalışır, abunəlikdən gələn gəliri daha şəffaf sayır. Hansı formatda fəaliyyət göstərməkdən asılı olmayaraq, media qurumları ilk növbədi iqtisadi asılılıqlarını azaltmaq üçün yeni strategiyalar işləməlidirlər”.

Müəllif: İlkin Məmmədkərimov

Bütün xəbərlər Facebook səhifəmizdə