“Minatəmizləmə prosesi təhlükəsizlik, humanitar missiya xarakteri daşıyır” - HƏRBİ EKSPERT AÇIQLADI

"Azad edilmiş ərazilərdə minatəmizləmə prosesi Azərbaycanın milli təhlükəsizliyi, əhalinin geri qayıdışı və Böyük Qayıdış proqramının icrası baxımından strateji əhəmiyyət kəsb edir. Bu proses mərhələli şəkildə həyata keçirilir və yüksək koordinasiya tələb edir". Bu sözləri SİA-ya açıqlamasında hərbi ekspert Ramil Məmmədli deyib.

Onun sözlərinə görə, kəşfiyyat və risk qiymətləndirilməsi aparılır yəni, ərazidə mina və partlamamış sursatların təxmini yerləri müəyyənləşdirilir. Bu məqsədlə pilotsuz uçuş aparatları (PUA-lar), peyk təsvirləri və xüsusi geoinformasiya sistemləri (GIS) geniş istifadə olunur: "Daha sonra texniki təmizləmə mərhələsinə keçilir. Bu mərhələdə həm mexaniki, həm də əl üsulu ilə minatəmizləmə həyata keçirilir. Mexaniki üsullar zamanı zirehli texnikalar, xüsusi robotlar və detektorlar işə salınır. Əl üsulu isə daha dəqiq və təhlükəli mərhələdir - burada mina axtaran ixtisaslı mütəxəssislər və xüsusi təlim keçmiş itlər iştirak edir. Hər bir kvadrat metr sahə sistemli şəkildə yoxlanılır və təhlükəsiz elan olunmadan istifadəyə verilmir.

Azərbaycanda bu sahədə əsas fəaliyyət ANAMA (Azərbaycan Respublikası Minatəmizləmə Agentliyi) tərəfindən həyata keçirilir. Eyni zamanda Türkiyə, Böyük Britaniya, İsveçrə və digər ölkələrin mütəxəssisləri ilə əməkdaşlıq edilir. Müasir texnologiyalar, süni intellekt əsaslı xəritələşdirmə sistemləri və beynəlxalq standartlara uyğun monitorinq mexanizmləri tətbiq olunur. Bu proses təkcə hərbi və mühəndis əməliyyatı deyil, həm də humanitar missiyadır. Məqsəd, işğaldan azad edilmiş torpaqları dinc həyata tam hazır vəziyyətə gətirmək və insanların təhlükəsiz şəkildə doğma yurdlarına qayıdışını təmin etməkdir".

Müəllif: Ziya Hikmətoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə