Azərbaycanın İrandakı səfirliyi nə vaxt fəaliyyətə başlayacaq? - SƏFİR ƏLİ ƏLİZADƏ

Məlumdur ki, Mayın 19-da Azərbaycan Respublikası ilə İran İslam Respublikasının dövlət sərhədində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisinin nümayəndə heyətlərinin iştirakı ilə görüşü olub. İranla Azərbaycan arasında olan danışıqlardan sonra bəyanat verildi ki, Azərbaycanın İrandakı səfirliyi bərpa olunacaq. Bəs, səfirlik nə vaxt fəaliyyətə başlayacaq? Konkret məkan seçilibmi? SİA mövzu ilə bağlı Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Fövqəladə və səlahiyyətli səfiri, diplomat Əli Əlizadənin fikirlərini öyrənib.

Onun sözlərinə görə, bununla bağlı Azərbaycan Respublikası XİN-nin mətbuat xidmətinin açıqlaması olub və bildirilib ki, səfirliyin fəaliyyətinin bərpası istiqamətində işlər görülür: “Yeni bir bina götürülüb və hal-hazırda sözügedən binanın səfirlik üçün bütün şərtlərə cavab verən infrastruktura uyğunlaşdırılması prosesi aparılır və digər texniki işlər həyata keçirilir. Bu proseslər bitdikdən sonra səfirliyin yeni binada fəaliyyətinin bərpa edilməsi nəzərdə tutulur”.

Əli Əlizadə sözlərinə belə davam edib: “Təəssüf ki, İran Prezidentinin, xarici işlər nazirinin və digər rəsmilərin helikopterin qəzaya uğraması nəticəsində faciəli şəkildə həlak olması ilə bağlı bugün aldığımız xəbərlər bizi çox kədərləndirdi. İran höküməti və xalqına, həlak olanların yaxınlarına öz başsağlığımı bildirirəm. Allah rəhmət eləsin! İranla Azərbaycan arasında olan sonuncu görüş də müsbət şərait və atmosferdə keçibdir. Qarşılıqlı əlaqələrin bütün sahələr üzrə daha da möhkəmləndirilməsi və inkişaf etdirilməsi ölkə rəhbərləri tərəfindən vurğulanıb və bu bizim üçün prioritet məqsəd daşıyır".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə