Elmar Əhmədov

YAP Salyan rayon təşkilatının sədri

Bu gün ölkə mətbuatında müzakirə edilən məsələlərdən biri də Belarus Prezidenti Aleksandr Lukaşenkonun ölkəmizə dövlət səfərində müzakirə olunan məsələlər, imzalanan sənədlər, ən əsası dost, qardaş ölkənin işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa işlərində iştirak etmək istəyidir. Belarus Prezidentinin səfər çərçivəsində Füzulidə və Şuşada olaraq 30 illik işğal dövründə bu ərazilərdə törədilən dağıntıları yaxından izləməsi, həmçinin Azərbaycanın azad edilmiş torpaqlarda apardığı bərpa işləri ilə maraqlanması əsl dost, qardaş münasibəti kimi dəyərləndirildi. Möhkəm təmələ əsaslanan bu dostluq zaman keçdikcə daha da möhkəmlənir, özünü qabarıq şəkildə büruzə verir. Bu torpaqlarda bərpa işlərinə dəstəyə hazır olduqlarını bildirən Belarus Prezidenti vurğuladı ki, azad etdiyiniz ərazilərdə xüsusən aqrar torpaqlarda Belarus təcrübəsi üzrə aqroşəhərciklər və bütün infrastrukturu yaratmağa, iş yerləri açmağa, yəni, komplekslər tikməyə, həmçinin fermer təsərrüfatları yaratmağa hazırıq. Venesueladan başlayaraq, bizim belə bir təcrübəmiz var. Amma bura Venesuela deyil, yaxındır, eyni dildə danışırıq, bir-birimizi başa düşürük. Ona görə də həmin torpaqlarda ilk növbədə, iş yerləri olan aqroşəhərcik tikəcəyik: “Baxarsınız, sizə uyğun olarsa, biz onların sayını artırarıq. Belə ki, bu gün Prezidentə bizim böyük sərvətimizin – meşələrimizin olduğunu söylədim. Bizdə o qədər taxta-şalban var ki... Bu, Azərbaycanda qıtdır. Bu məsələdə təbiət bizi mükafatlandırıb. Biz orada sizin üçün evlər yaratmağa hazırıq. Belarusda taxta evlər təcrübəsi geniş yayılıb. Evi hissələrlə vaqonlarda gətiririk, bir həftə ərzində bünövrəsi üzərində tikib qurtarırıq. Biz Belarusda bu cür edirik. Əgər sizə uyğun gələrsə, biz tədarük edə və sizin dirçəldilən ərazilərdə belə evlər tikə bilərik. Bir sözlə, çox böyük planımız var. Biz işləməyə davam edəcəyik.”

Prezidenlər təhlükəsizlik məsələlərinə də xüsusi diqqət göstərdilər. Dövlət başçısı İlham Əliyevin regionda postmünaqişə dövrünün reallıqları ilə bağlı ətraflı məlumat verdiyini önə çəkən Aleksandr Lukaşenko bildirdi ki, Tanrıya şükür olsun ki, burada Azərbaycanın timsalında olduqca güclü, normal lider ölkə mövcuddur. Azərbaycan Qafqaz regionunu nəzarətdə saxlamağa qadirdir. Bu, artıq təkcə Azərbaycana görə məsuliyyət daşımaq demək deyil, artıq bütün Qafqazdakı vəziyyətə cavabdehsiniz, Qafqazda yaşamayan xalqlar buna çox böyük ümid bəsləyir: “Ona görə də bu, sizin üçün əlavə yük deməkdir, halbuki öz problemləriniz də var, lakin yenə də, nə etmək olar. Zaman Sizi seçib, bizdə belə deyirlər və Siz lider olaraq Qafqaz regionuna görə məsuliyyət daşıyırsınız.”

Cənab İlham Əliyev mətbuata bəyanatında vurğuladı ki, aparılan danışıqlar - təkbətək və geniş tərkibdə görüşlər ölkələrimizin mehriban dostlar olduğunu bir daha əyani şəkildə nümayiş etdirir. Münasibətlərimizin son illərdə inkişafını müfəssəl şəkildə təhlil və bu münasibətlərin dinamik inkişafını məmnuniyyətlə qeyd etdik, həmçinin daha da mühüm olanı - gələcəkdə qarşılıqlı fəaliyyət yollarını müəyyənləşdirdik. Yaxın vaxtlarda Minskdə keçiriləcək Hökumətlərarası Komissiyanın növbəti iclasına qədər müvafiq dövlət strukturlarına verilmiş tapşırıqların müfəssəl şəkildə təhlil olunacağı və onların icra müddəti üzrə konkret addımlar, həmçinin qarşılıqlı iqtisadi-ticari əməkdaşlıq potensialını daha da artırmaq üçün həmin tapşırıqların verildiyi məsul şəxslərin və strukturların müəyyən ediləcəyi ilə bağlı razılağa gəlindi.

Gündəlikdə olan məsələlər kifayət qədər konkret xarakter daşıyır. İlk növbədə, söhbət sənaye kooperasiyasından, Belarusda, Azərbaycanda birgə istehsalın təşkili və artıq bir çox illər öncə yaradılmış birgə istehsal potensialının artırılmasından gedir. Bu, ilk növbədə, maşınqayırmadır. Həmçinin hərbi-sənaye kompleksində, kənd təsərrüfatında, nəqliyyatda əlaqələrin inkişafı məsələləri müzakirə olundu. Əməkdaşlıq əlaqələri ölkələrimizin iqtisadiyyatının inkişafı üçün praktiki əhəmiyyət daşıyacaq bütün məsələləri əhatə edir. Gələcəkdə münasibətlərimizin yeni hüdudlarını, yeni müəssisələri, yeni iş yerlərini, həmçinin əməkdaşlığın yeni istiqamətlərini görəcəyik. Belarus şirkətləri Qarabağ və Şərqi Zəngəzur bölgələrinin bərpasında fəal iştirak etməyə dəvət olundular.

Son üç ildən artıq dövrdə günümüzün əsas mövzusu və hədəfi işğaldan azad edilmiş ərazilərimizdə bərpa işlərini uğurla başa çatdırmaq və Böyük Qayıdışı tam şəkildə həyata keçirməkdir. Digər hədəf regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsi üçün sülh müqaviləsinin imzalanmasıdır. Azərbaycan müqavilənin imzalanması üçün üzərinə düşəm öhdəlikləri yüksək səviyyədə yerinə yetirir. Belarus Prezidenti dost kimi və şəxsən dostu kimi Prezident İlham Əliyevə və qardaş Azərbaycan xalqına bu ağır dirçəliş dövrünü itkilərsiz başa vurmağı və qarşımıza qoyduğumuz planları yerinə yetirməyi arzu etdi. Bu əminliyi ifadə etdi: “Siz bunu edəcəksiniz, həm də istərdim ki, tez edəsiniz, Siz bunu bacarırsınız. Siz bütün dünyaya göstərdiniz ki, Sizdən əvvəlki nəsillərin dövründə həll olunmayan ən mürəkkəb məsələləri həll etməyi bacarırsınız.”

Bütün xəbərlər Facebook səhifəmizdə