Müharibə insan psixologiyasına necə təsir edir? - PSİXOLOQ İZAH ETDİ

"Müharibə nəticəsində insanlar ev-eşiklərini tərk etdilər". Bu sözləri SİA-ya açıqlamasında psixoloq Nərgiz Hüseynova deyib.

O bildirib ki, bütün yaşadıqları komfort şəraiti, özləri üçün qurduqları şəraitdən uzaq düşməyə məcbur oldular: "Həmçinin kiçik uşaqlar, körpələrlə birlikdə uzun müddət palatkalarda, vaqonlarda yaşamağa məcbur qaldılar. Məktəblərdə yaşamağa məcbur qaldılar. Ona görə də həmin dövrdə böyüyən uşaqlar üçün bu, böyük bir travma, zərbə kimi qiymətləndirilir.

Sonrakı həyatlarına da həmin qaçqın, köçkünlük dövrü onlara ağır şəkildə təsir edə bilir. Həm psixikanin çökməsi nəticəsində bədəndə müxtəlif xəstəliklərin əmələ gəlməsi, hamısı həmin şəraitlə əlaqədar oldu. Bu dövrdə hansı insanlar ki, şanslı oldular, qarşılarına çıxan, onları oxumağa yönəldən insanlar oldu. Elə insanlar da oldu ki, bu yaşadıqları hadisələr onları həm oxumaqdan, həm həyatda mövqe tutmaqdan geri çəkdi".

"Hal-hazırda növbəti müharibədə də insanlar övladlarını, xanımlar həyat yoldaşlarını, uşaqlar atalarını itirdilər. Bu da, əlbəttə, ailə modelinə müxtəlif cür təsir göstərə bilər. Həmçinin müharibədə iştirak etmiş qazilərin həyatlarında da çox ağır dövr oldu. Bu da gələcəklərinə, ailə modelinə təsir edə bilər. Bu insanların üzərində psixoterapiya işi aparılmalıdır ki, onların keçirdiyi o stress ailələrinə, ailədə böyüyən uşaqlara təsir etməsin.

Atalarını itirmiş uşaqlarda yara qaçqın, köçkün düşmüş uşaqlardakı kimi eyni istiqamətdə gedə bilər. Travma iki istiqamətdə gedə bilər; ya insan çökür, xəstələnir, həyatda irəli gedə bilmir, depressiyaya düşür, ya da əksinə motivasiya alıb özlərinə həyat qazana bilərlər. Yenə də bu o demək deyil ki, onlar travmalarını atlatmış olacaqlar. Əgər psixoterapiyaya getsələr, bunu daha yüngül keçirə bilərlər.

Hazırda dövlətimiz tərəfindən psixoterapevtik dəstək üçün müxtəlif dövlət müəssisələrində belə psixoloqlar çalışır. Onlar təlimlər keçirlər. Xüsusilə də, qazilərlə necə işləmək haqqında təlimlər keçirlər. Onların köməyi sayəsində belə insanlara yardım göstərməklə insanları yenidən həyata qaytarmaq mümkün ola bilər"- deyə o, əlavə edib.

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə