"İran Prezidentinin qəzada həlak olması texniki səbəblə bağlıdır" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

"İran Prezidentinin qəzada həlak olması texniki səbəblə bağlıdır" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

"Mayın 19-da Azərbaycanın dövlət başçısı ilə İranın dövlət başçısı arasında ikitərəfli danışıqlar və danışıqların nəticəsi olaraq iki qonşu dövlət arasında münasibətlərlə bağlı kifayət qədər maraqlı fikirlər söylənildi". Bu sözləri SİA-ya açıqlamasında deputat Anar İsgəndərov deyib.

O bildirib ki, ən əsas odur ki, iki qonşu dövlət arasında heç bir problem yoxdur: "Vaxtilə iki dövlət arasında münasibətlərdə nələr olubsa, bu gün onların heç biri yoxdur. Əslində həm Azərbaycanın dövlət başçısı, həm də İranın dövlət başçısı iki qonşu dost və qardaş xalqlar arasında münasibətləri daha da inkişaf etdirmək üçün kifayət qədər maraqlı fikirlər bölüşdülər. Region üçün ən əhəmiyyətli işlərdən biri Ağbənd yolunun tezliklə çəkilməsi, Azərbaycan-İran arasında nəqliyyat-tranzit yollarının fəaliyyətinin gücləndirilməsi, eyni zamanda Türkiyənin də bu ticarət-tranzit nəqliyyat yoluna cəlb olunması son nəticədə İran vasitəsilə Fars körfəzinə yüklərin daşınması məsələsi də müzakirə olundu. Eyni zamanda dəmir yolunun çəkilməsi ilə bağlı bu dəmir yolunun bölgə üçün əhəmiyyəti hər iki dövlət tərəfindən bir daha nəzərə çatdı.

Təbii ki, Azərbaycanın səfirliyinin İranda yenidən açılması gündəmdir. Buna ehtiyac var. Bu barədə də iki dövlət başçısının çıxışları oldu. Bir sözlə, Azərbaycan qarşıdan gələn dövrdə də İranla ikitərəfli əlaqələrin inkişafına böyük önəm verir. O da məlumdur ki, İran sanksiyalar içində boğulur və bu ağır vəziyyətdən İranı çıxarmaq üçün Azərbaycan, Türkiyə və Rusiyanın müstəsna rolu var".

Onun sözlərinə görə, İran Prezidentinin dünən qəzada həlak olması sırf texniki səbəblə bağlıdır: "Müxtəlif şayiələr ola bilər. Amma reallıq ondan ibarətdir ki, helikopterin sərt eniş etməsi ilə qəza baş verib. Qəzada İran Prezidenti başda olmaqla bir neçə dövlət rəsmisi də həlak oldu.

Əslində İran-Azərbaycan münasibətlərinin yeni dövrdə, yeni siyasətdə inkişafına çox böyük ehtiyac var idi. Təsadüfi deyil ki, Azərbaycanın dövlət başçısı növbədənkənar Prezident seçkilərindən sonra andiçmə mərasimində bir daha qeyd etdi ki, Azərbaycan yeni dövrün əsasını qoyur. 2024-cü il mayın 19-da Azərbaycanla İran arasında gedən danışıqlarda da yeni dövrün ab-havası hiss olunurdu. Yəni bölgədə Cənubi Qafqazda, eyni zamanda Azərbaycan, Türkiyə, İran, Ermənistan, Gürcüstan, Rusiya dövlətlərinin əlaqələrinin inkişafı üçün dünən aparılan danışıqlar böyük əhəmiyyətə malik idi. Azərbaycan dövləti bir daha bəyan etdi ki, o, müstəqil dövlətdir, heç bir dövlətin diktəsinə ehtiyacı yoxdur. Belə diktələri qəbul etmir. Azərbaycan tərəfdən də İran üçün heç bir təhlükə ola bilməz. Bu mümkündür. Təbii ki, Ümummilli Lider də vaxtilə bəyanat vermişdi ki, Azərbaycanın hazırkı dövlət başçısı da bunu dönə-dönə qeyd edir ki, Azərbaycanın siyasəti müstəqil siyasət olduğuna görə heç bir dövlətin marağını öz marağından üstün bilmədiyinə görə heç bir dövlət Azərbaycana təzyiq göstərə bilməz.

Dünən aparılan danışıqların ana xətti də ondan ibarət idi ki, iki qonşu xalq, iki dövlət arasında münasibətlər gələcəkdə ən yüksək zirvəyə qalxmalıdır. Yəni heç bir problem olmamalıdır, əksinə hər iki xalqın ümumi inkişafı üçün səy göstərməli və bu səylər də öz nəticəsini verməlidir".

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə