Suriyadan repatriasiya olunan azərbaycanlıların hüquqlarının təmini vəziyyəti araşdırılıb

Cari ilin 14 may tarixində Suriya Ərəb Respublikasından Azərbaycana repartasiya həyata keçirilən səkkiz Azərbaycan vətəndaşının hüquqlarının təmini vəziyyəti yerində araşdırılıb. SİA xəbər verir ki, Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının əməkdaşları Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin sosial xidmət müəssisəsinə yerləşdirilmiş həmin repatriantlarla görüş keçirib.

"Onların hüquqlarının təmini vəziyyəti yerində araşdırılıb. Aparatın nümayəndələrinə sosial xidmət müəssisəsi tərəfindən repatriantların reabilitasiyası üzrə görülmüş və aparılması nəzərdə tutulan işlər barədə məlumat verilib", - Ombudsman Aparatının məlumatında bildirilib.

Qeyd edilib ki, Suriyadakı vətəndaşların Azərbaycana qaytarılması ilə bağlı Ombudsmana ünvanlanan müraciətlər diqqətdə saxlanılır. Həmin şəxslərin hüquqlarının müdafiəsi istiqamətində zəruri tədbirlərin görülməsi məqsədilə səlahiyyətli dövlət qurumları ilə əlaqələndirilmiş şəkildə fəaliyyət davam etdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə