Regionun gələcək tərəqqisi ilə bağlı yeni baxışlar

Malik Mirzəyev
YAP Lerik rayon təşkilatının sədri

Mayın 16-da Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dəvəti ilə Azərbaycan Respublikasına dövlət səfərinə gəlib. Səfər çərçivəsində prezidentlərin iştirakı ilə Azərbaycan-Belarus sənədlərinin imzalanması mərasimi olub.
Prezident İlham Əliyev mətbuata birgə bəyanat zamanı qeyd edib ki, Belarusun çox yaxşı şəhərsalma təcrübəsi, müasir texnologiyaları, aqroşəhərciklərin tikintisi təcrübəsi var. Bizim birinci dərəcəli vəzifəmiz keçmiş məcburi köçkünləri tikiləcək doğma evlərinə mümkün qədər tez qaytarmaqdır. Həmçinin onları müvafiq işlə təmin etmək lazımdır ki, azad olunmuş ərazilərə qayıdanlar da yüksək əməkhaqqı olan işlərdə çalışsınlar.

İkinci Qarabağ müharibəsində Azərbaycanın Qələbəsi və işğal edilmiş ərazilərin geri qaytarılması sayəsində bir çox dövlətlərin ölkəmizə marağı daha da artıb. Belarus Prezidenti Aleksandr Lukaşenko da ölkəsinin postmünaqişə dövründə Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpası prosesində iştirakını dəstəkləyini vurğulayıb.

işğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatının inkişafı üçün böyük imkanlar var, və Belarus dövləti də dost ölkə olaraq bu prosesdə iştiraka öz töhfəsini verəcəkdir. "Biz bir dost kimi bu prosesdə texnika, aqroşəhərciklər, iş yerləri ilə iştirak edə bilərik. İnsanları köçürmək, qaytarmaq olar, amma bunun üçün mənzillər, iş yerləri lazımdır. Bizim müəyyən texnologiyalarımız var, Sizin mütəxəssisləriniz, nazirləriniz bu texnologiyalara yaxşı bələddirlər. Əgər işə yarayarsa texnikamız burada olar və işləyər" – deyə, Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko bildirib.

Azərbaycanda səfərdə olan Belarus Prezidenti Aleksandr Lukaşenko dövlət başçısı İlham Əliyevlə birlikdə Füzuli və Şuşada olublar. Liderlər həm erməni vəhşiliyinin izlərinə, həmçinin yüksək quruculuq-bərpa işlərinə şahidlik ediblər. Prezidentlər Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb və şəhərin Baş planı ilə tanış olublar.

Azərbaycan və Belarus arasında olan strateji əməkdaşlıq əlaqələri hər iki ölkənin perspektiv inkişafı baxımından, xüsusi əhəmiyyət kəsb edir. Azərbaycanın Belarus Respublikası ilə diplomatik və iqtisadi münasibətləri çox yüksək səviyyədədir. Bu münasibətlərin daha intensiv olması, həm Azərbaycan, həm də Belarus xalqlarının maraqları çərçivəsində inkişaf etməsi Prezident İlham Əliyevlə Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko arasındakı dostluq əlaqələrindən qaynaqlanır. Bu əlaqələr, eyni zamanda, regionun gələcək tərəqqisi ilə bağlı yeni baxışlar formalaşdırır.

Bütün xəbərlər Facebook səhifəmizdə