“Belarus Azərbaycana dəstəyi ilə beynəlxalq hüququn yanında olduğunu göstərib” - ŞƏRH EDİLDİ

“Belarus prezidentinin Azərbaycana səfəri, keçirilən görüşlər, imzalanan çoxistiqamətli görüşlər, eyni zamanda hər iki ölkə rəhbərinin işğaldan azad olunmuş ərazilərə səfəri əlaqələrin iki dost, qardaş ölkə səviyyəsinə yüksəldiyini göstərir. Həmçinin liderlər arasındakı dostluq münasibəti də ölkələr arasındakı münasibətin daha üst mərtəbəyə qalxmasında çox ciddi rol oynayıb. Hesab edirəm ki, Azərbaycanın çətin anlarında Belarus dövlətinin, xalqının yanımızda olması, həmçinin Azərbaycan dövlətinin çətin zamanlarında Belarus dövlətinə dəstəyi də iki dövlətin münasibətlərinin daim inkişaf etdiyini göstərir”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Anar Əliyev deyib.

Politoloq bildirib ki, Belarus dövləti Azərbaycana dəstəyi ilə dəfələrlə haqq-ədalətin və beynəlxalq hüququn yanında olduğunu göstərib:
“Bu mənada Belarus prezidentinin Azərbaycana dövlət səfəri və səfər çərçivəsində işğaldan azad edilmiş ərazilərimizə getməsi iki dövlət, xalq arasında olan münasibətləri daha da yüksəldən, eyni zamanda qarşılıqlı iqtisadi əlaqələrə söykənən münasibətlərimizin daha da genişlənməsinə, ticarət dövriyyəmizin yüksələn xətlə irəliləməsinə təkan verəcək.

Eyni zamanda nəzərə almaq lazımdır ki, son dövrlər Azərbaycanın qətiyyətli mövqeyi, müstəqil xarici siyasəti bir çox dünya dövlətlərinin diqqətlə izlədiyi bir məsələdir. Bu isə Azərbaycanın qlobal aləmdə güclənməsini təmin edir. Azərbaycan Prezidenti İlham Əliyevin qətiyyəti və haqq-ədalətə, beynəlxalq hüquqa söykənən xarici siyasəti beynəlxalq səviyyədə ölkəmizə münasibəti ciddi şəkildə dəyişib. Bu gün Azərbaycan dünyada ən etibarlı tərəfdaşlardan biridir. Bunun nəticəsidir ki, son dövrlər Azərbaycanla münasibətləri inkişaf etdirmək istəyən dövlətlərin siyahısı genişlənir. Bu da beynəlxalq arenada birbaşa olaraq Azərbaycanın güclənməsi deməkdir”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə