“Prezidentin çıxışında dövlət qarşısında duran əsas vəzifələr açıqlanıb” - Naqif Həmzəyev

“Prezidentin çıxışında dövlət qarşısında duran əsas vəzifələr açıqlanıb” - Naqif Həmzəyev

“Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev VIII qurultayda geniş və proqram xarakterli çıxış etdi. Dövlət başçısı çıxışında ötən dövrdə Yeni Azərbaycan Partiyasının və dövlətimizin əldə etdiyi uğurlara nəzər saldı, Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin inkişafında və YAP-ın fəaliyyətində rolunu xüsusi vurğuladı”.

Bu sözləri Milli Məclisin deputatı Naqif Həmzəyev SİA-ya açıqlamasında deyib.

O bildirib ki, Prezident İlham Əliyev çıxışında Qarabağın işğaldan azad olunması, regionda sülh və təhlükəsizliyin təmin edilməsi istiqamətində Azərbaycanın həyata keçirdiyi siyasətə də toxunub. Deputatın sözlərinə görə, dövlət başçısı YAP, xalq və dövlət qarşısında duran əsas vəzifələrə xüsusi diqqət yetirib.

N.Həmzəyev qeyd edib ki, dövlət təhlükəsizliyinin və sərhədlərin qorunması, ordunun daha da gücləndirilməsi istiqamətində işlərin davam etdirilməsi qarşıda duran əsas məsələlərdəndir. Onun sözlərinə görə, iqtisadi gücün artırılması, sosialyönümlü siyasətin davam etdirilməsi və ideoloji məsələlərdə ayıq-sayıq olmaq da mühüm vəzifələr sırasındadır.

Deputat vurğulayıb ki, Prezident müasir dövrdə kibertəhlükəsizlik və informasiya təhlükəsizliyi məsələlərinə də xüsusi diqqət yetirib. O bildirib ki, kiberhücumların qarşısının alınması, mümkün təhdidlərə qarşı dayanıqlılığın artırılması istiqamətində tədbirlərin görülməsi vacibdir.

“Bu baxımdan təhsilə böyük önəm verilməsi, savadlı, bilikli və sağlam gənc nəslin yetişdirilməsi mühüm vəzifələrdəndir”, - deyə N.Həmzəyev əlavə edib.

O qeyd edib ki, VIII qurultayda VII qurultaydan ötən dövrdə görülən işlər geniş şəkildə qiymətləndirilib və qarşıdakı dövr üçün əsas istiqamətlər müəyyənləşdirilib. Deputatın sözlərinə görə, qurultayda aparılan müzakirələr və qəbul edilən qərarlar Yeni Azərbaycan Partiyasının fəaliyyətinin növbəti mərhələsində qarşıya qoyulan vəzifələrin həyata keçirilməsinə xidmət edəcək.

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə