“YAP qarşıdakı illərin hədəflərinin reallaşdırılmasında mühüm rol oynayacaq” - Əli Əsədov
“Əminəm ki, qurultayda partiya sədri, Prezident İlham Əliyevin dərin məzmunlu çıxışı yalnız Yeni Azərbaycan Partiyasının deyil, eyni zamanda Azərbaycan cəmiyyətinin qarşıdakı illərdə qarşıya qoyduğu hədəfləri müəyyənləşdirməklə yanaşı, həm partiya üzvlərinin, həm də cəmiyyətin bütün təbəqələrinin bu hədəflərin reallaşdırılması ətrafında səfərbər olunmasına çağırış kimi qiymətləndiriləcək”.
SİA xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultayında çıxışı zamanı deyib.
O bildirib ki, Yeni Azərbaycan Partiyası xoş məram və xoş tale ilə meydana gəlmiş və fəaliyyətini davam etdirən siyasi təşkilatdır.
Ə.Əsədov qeyd edib ki, bunun mühüm göstəricilərindən biri partiyanın yarandığı dövrdən ölkənin ictimai-siyasi həyatında mühüm rol oynaması və onun qurucusu, ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlməsindən sonra YAP-ın iqtidar partiyası statusu qazanmasıdır.
Baş nazir vurğulayıb ki, son otuz ildən artıq müddətdə ölkədə əldə olunan mühüm nailiyyətlər YAP-ın iqtidarda olduğu dövrə təsadüf edib.
Onun sözlərinə görə, YAP-ın qurucusu Heydər Əliyevin siyasi uzaqgörənliyi, prinsipiallığı və qətiyyəti nəticəsində müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsi istiqamətində mühüm addımlar atılıb. 1994-cü ildə “Əsrin müqaviləsi”nin imzalanması isə ölkənin gələcək iqtisadi inkişafı üçün mühüm əsaslar yaradıb.
Ə.Əsədov bildirib ki, XXI əsrin ilk onilliklərində Azərbaycanın iqtisadi, sosial və beynəlxalq əlaqələr sahələrində əldə etdiyi nəticələr də YAP-ın iqtidarı, xüsusilə Prezident İlham Əliyevin fəaliyyəti dövründə həyata keçirilən siyasətin nəticələri kimi təqdim olunur.
Baş nazir 2020-ci ildə əldə olunan Zəfərin Azərbaycanın müasir tarixində mühüm hadisə olduğunu qeyd edib. Onun sözlərinə görə, həmin Zəfər nəticəsində uzun müddət işğal altında qalan ərazilər azad edilib və Azərbaycanın ərazi bütövlüyü bərpa olunub.
Ə.Əsədov əlavə edib ki, bu gün də YAP-ın iqtidarı dövründə həyata keçirilən layihələr öz nəticələrini göstərməkdədir. O, buna nümunə kimi işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı quruculuq və abadlıq işlərini, eləcə də Azərbaycanın əldə etdiyi nəticələrin beynəlxalq ictimaiyyətə təqdim edilməsinə yönəlmiş layihələri göstərib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB