“Ulu öndərin qayıdışı böhran içində olan Azərbaycanın inkişafında dönüş yaratdı” -DEPUTAT DANIŞDI

“Ulu öndərin qayıdışı böhran içində olan Azərbaycanın inkişafında dönüş yaratdı” -DEPUTAT DANIŞDI

“15 iyun 1993-cü il Azərbaycan xalqının müasir tarixində ən mühüm siyasi hadisələrdən biri olmaqla yanaşı, dövlətçiliyimizin qorunması və möhkəmləndirilməsi baxımından dönüş nöqtəsi oldu. Həmin gün Ulu öndər Heydər Əliyevin Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilməsi ölkənin siyasi həyatında yeni mərhələnin başlanğıcını qoydu. Lakin bu prosesin məntiqi davamı və xalqın Ulu öndərə olan etimadının siyasi ifadəsi 3 oktyabr 1993-cü ildə Heydər Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsi oldu”.

Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev deyib.

Deputat bildirib ki, 3 oktyabr 1993-cü ilin tarixi əhəmiyyətini anlamaq üçün ilk növbədə həmin dövrdə Azərbaycanın hansı ağır vəziyyətdə olduğunu xatırlamaq lazımdır:

“Azərbaycan 1991-ci ildə dövlət müstəqilliyini bərpa etdikdən sonra böyük tarixi imkanlarla yanaşı, son dərəcə ağır problemlərlə də üz-üzə qalmışdı. Ölkədə siyasi sabitlik pozulmuş, dövlət idarəçiliyi zəifləmiş, iqtisadi böhran dərinləşmişdi. Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində ərazilərimizin işğalı davam edir, cəbhədə ağır vəziyyət yaranırdı.

Bununla yanaşı, ölkə daxilində siyasi qarşıdurma, hakimiyyət böhranı və silahlı qruplaşmalarla bağlı problemlər dövlətçiliyə ciddi təhlükə yaradırdı. 1993-cü ilin ortalarında Azərbaycan vətəndaş qarşıdurması və dövlət müstəqilliyinin təhlükə altına düşməsi kimi ağır reallıqla üz-üzə qalmışdı.

Belə bir vəziyyətdə 15 iyun 1993-cü ildə Ulu öndər Heydər Əliyevin Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilməsi ölkənin siyasi həyatında dönüş yaratdı. Heydər Əliyev qısa müddət ərzində dövlət idarəçiliyinin möhkəmləndirilməsi, siyasi sabitliyin təmin olunması və ölkəni təhdid edən təhlükələrin aradan qaldırılması istiqamətində mühüm addımlar atdı”.

Tahir Rzayev qeyd edib ki, 15 İyundan sonra baş verən siyasi proseslərin ən mühüm mərhələlərindən biri 3 oktyabr 1993-cü ildə Heydər Əliyevin Prezident seçilməsi idi:

“3 oktyabr Azərbaycan xalqının öz gələcəyi ilə bağlı mühüm siyasi seçim etdiyi tarixdir. Həmin gün Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi. Bu, sadəcə, hakimiyyət dəyişikliyi deyildi. Xalq həmin mürəkkəb tarixi mərhələdə ölkəni böhrandan çıxara biləcək, dövlətçiliyi qoruyacaq və müstəqilliyi möhkəmləndirəcək siyasi liderə öz etimadını göstərdi.

Ulu öndərin Prezident seçilməsi ilə Azərbaycanda dövlət quruculuğu prosesinin daha sistemli və ardıcıl mərhələsi başladı. Qarşıda son dərəcə böyük vəzifələr dayanırdı. Ölkədə sabitlik yaradılmalı, dövlət institutları gücləndirilməli, qanunçuluq təmin edilməli, ordu quruculuğu həyata keçirilməli, iqtisadiyyat böhrandan çıxarılmalı və Azərbaycanın beynəlxalq mövqeləri möhkəmləndirilməli idi”.

Deputat bildirib ki, Heydər Əliyevin qarşısında duran əsas vəzifələrdən biri ölkənin parçalanmasının qarşısını almaq və dövlət hakimiyyətini möhkəmləndirmək idi:

“Həmin dövrdə Azərbaycan dövlətçiliyi ciddi sınaq qarşısında idi. Ölkənin müxtəlif bölgələrində baş verən hadisələr, siyasi qarşıdurmalar və silahlı qruplaşmaların fəaliyyəti dövlətin bütövlüyü üçün təhlükə yaradırdı.

Ulu öndər Heydər Əliyevin siyasi iradəsi və dövlətçilik təcrübəsi nəticəsində bu proseslərin qarşısı alındı. Dövlət idarəçiliyi möhkəmləndirildi, qanunçuluğun təmin olunmasına xüsusi diqqət yetirildi və ölkədə sabitlik yaradıldı. Bu sabitlik sonrakı iqtisadi və sosial inkişafın da əsas şərtinə çevrildi”.

Tahir Rzayev qeyd edib ki, 1994-cü ildə atəşkəsin əldə olunması Azərbaycanın inkişafı üçün yeni imkanlar yaratdı:

“Ermənistan-Azərbaycan münaqişəsi nəticəsində ölkəmizin qarşılaşdığı ağır hərbi vəziyyət dövlətin qarşısında ciddi vəzifələr qoyurdu. 1994-cü ildə atəşkəsin əldə olunması Azərbaycan üçün mühüm mərhələ oldu. Bu, ölkəyə daxili sabitliyin möhkəmləndirilməsi, dövlət quruculuğunun davam etdirilməsi və iqtisadi inkişaf üçün daha əlverişli şərait yaratdı.

Heydər Əliyev bu imkandan çox düzgün istifadə edərək Azərbaycanın gələcək inkişafını təmin edəcək strateji layihələrin həyata keçirilməsinə başladı”.

Deputat vurğulayıb ki, bu siyasətin ən mühüm istiqamətlərindən biri Azərbaycanın iqtisadi müstəqilliyinin təmin edilməsi idi:

“Ulu öndər çox yaxşı anlayırdı ki, siyasi müstəqilliyin davamlı olması üçün ölkənin güclü iqtisadiyyata malik olması vacibdir. Bu baxımdan Azərbaycanın neft və qaz ehtiyatlarından milli inkişaf naminə istifadə edilməsi mühüm strateji məqsəd idi.

1994-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi”nin imzalanması Azərbaycanın iqtisadi tarixində yeni mərhələnin əsasını qoydu. Bu müqavilə ölkəyə xarici investisiyaların cəlb olunmasına, enerji sektorunun inkişafına və Azərbaycanın dünya iqtisadi sistemində mövqeyinin möhkəmlənməsinə imkan yaratdı.

Sonrakı dövrdə Bakı-Tbilisi-Ceyhan və digər mühüm enerji layihələrinin həyata keçirilməsi də həmin strategiyanın davamı oldu”.

Tahir Rzayev bildirib ki, Ulu öndər Heydər Əliyevin Prezidentliyi dövründə dövlət quruculuğunun hüquqi əsaslarının formalaşdırılması da mühüm istiqamətlərdən biri olub:

“1995-ci ildə Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsi müstəqil dövlətimizin hüquqi əsaslarının müəyyənləşdirilməsi baxımından tarixi hadisə idi. Bununla yanaşı, bazar iqtisadiyyatına keçid, sahibkarlığın inkişafı, özəlləşdirmə və digər iqtisadi islahatlar həyata keçirildi.

Aqrar sahədə aparılan torpaq islahatları xüsusilə mühüm əhəmiyyət daşıyırdı. Bu islahatlar kənd təsərrüfatında yeni mülkiyyət münasibətlərinin formalaşmasına, fermer təsərrüfatlarının yaranmasına və kənd əhalisinin iqtisadi fəallığının artmasına şərait yaratdı”.

Deputatın sözlərinə görə, Heydər Əliyevin siyasi fəaliyyətində Azərbaycanın beynəlxalq mövqeyinin möhkəmləndirilməsi də xüsusi yer tuturdu:

“Ulu öndər Azərbaycanın müstəqil xarici siyasət yürütməsinə, ölkənin milli maraqlarının beynəlxalq səviyyədə müdafiəsinə və Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasına böyük əhəmiyyət verirdi.

Onun böyük siyasi təcrübəsi və uzaqgörənliyi nəticəsində Azərbaycan müxtəlif dövlətlərlə əlaqələrini genişləndirdi, beynəlxalq təşkilatlarla əməkdaşlığını inkişaf etdirdi və ölkəmizin beynəlxalq mövqelərinin möhkəmlənməsi üçün mühüm addımlar atıldı”.

Tahir Rzayev qeyd edib ki, Ulu öndər Heydər Əliyevin dövlətçilik siyasətində milli birlik və azərbaycançılıq ideyası xüsusi yer tuturdu:

“Heydər Əliyev yaxşı bilirdi ki, güclü dövlətin əsas dayaqlarından biri xalqın birliyidir. Azərbaycançılıq ideologiyası, milli-mənəvi dəyərlərin qorunması, vətəndaş həmrəyliyinin gücləndirilməsi və dövlətçilik düşüncəsinin inkişaf etdirilməsi onun siyasi fəaliyyətinin əsas istiqamətlərindən idi.

Ulu öndərin bu ideyaları Azərbaycanın sonrakı inkişafında da mühüm rol oynadı. Çünki dövlətin gücü yalnız iqtisadi və hərbi imkanlarla ölçülmür. Xalqın milli birliyi, dövlətə inamı və ümumi məqsədlər ətrafında həmrəyliyi də dövlətçiliyin ən mühüm dayaqlarındandır”.

Deputat vurğulayıb ki, Ulu öndər Heydər Əliyevin müəyyən etdiyi siyasi və strateji kurs cənab Prezident İlham Əliyev tərəfindən yeni tarixi şəraitə uyğun olaraq uğurla davam etdirilir:

“2003-cü ildən etibarən cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan inkişafının yeni mərhələsinə qədəm qoydu. Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik strategiyası yeni dövrün tələblərinə uyğun şəkildə davam etdirildi və daha da inkişaf etdirildi.

İqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı, regionların sosial-iqtisadi inkişafı, infrastruktur layihələrinin həyata keçirilməsi, sahibkarlığın dəstəklənməsi, kənd təsərrüfatının inkişafı və Azərbaycanın beynəlxalq mövqeyinin gücləndirilməsi bu siyasətin mühüm istiqamətlərinə çevrildi.

Cənab Prezident İlham Əliyev Ulu öndərin siyasi irsini yalnız qoruyub saxlamadı, eyni zamanda onu yeni dövrün çağırışlarına uyğun şəkildə inkişaf etdirdi”.

Tahir Rzayev bildirib ki, bu siyasətin ən mühüm nəticələrindən biri Azərbaycanın hərbi gücünün artırılması və ərazi bütövlüyünün bərpa olunmasıdır:

“Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıtdığı dövrdə Azərbaycan ağır hərbi vəziyyətlə üz-üzə idi. Ordu quruculuğu dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrildi. Sonrakı illərdə bu istiqamətdə möhkəm təməl yaradıldı.

Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun gücləndirilməsi ardıcıl şəkildə davam etdirildi. Ordunun maddi-texniki bazası yeniləndi, müdafiə imkanları genişləndirildi və hərbi potensial artırıldı.

Bunun nəticəsi 2020-ci ildə 44 günlük Vətən müharibəsində özünü göstərdi. Azərbaycan ərazilərinin böyük hissəsini işğaldan azad etdi. 2023-cü ildə isə Azərbaycanın suverenliyinin bütün ərazisində bərpa olunması ilə ölkəmizin müasir tarixində yeni mərhələ başladı.

Vaxtilə Ulu öndərin qarşısında dayanan əsas məqsədlərdən biri Azərbaycanın ərazi bütövlüyünün təmin olunması idisə, bu gün həmin tarixi məqsəd reallaşıb”.

Deputat qeyd edib ki, hazırda Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı quruculuq işləri də Azərbaycanın inkişaf strategiyasının mühüm hissəsidir:

“Bu gün işğaldan azad edilmiş ərazilərdə yeni şəhərlər və kəndlər salınır, yollar, məktəblər, xəstəxanalar və digər sosial obyektlər inşa edilir. İnsanların öz doğma torpaqlarına qayıdışı təmin olunur.

Həmin ərazilərin iqtisadi potensialının bərpası, kənd təsərrüfatının inkişaf etdirilməsi, yeni müəssisələrin yaradılması və əhalinin məşğulluğunun təmin olunması qarşıda duran əsas vəzifələrdəndir. Bu proses Azərbaycanın gələcək iqtisadi inkişafı üçün də böyük imkanlar yaradır”.

Tahir Rzayev hesab edir ki, 3 oktyabr 1993-cü il ilə Azərbaycanın bugünkü inkişafı arasında mühüm tarixi bağlılıq var:

“3 oktyabr 1993-cü ildə xalqın Ulu öndər Heydər Əliyevə göstərdiyi etimad Azərbaycanın gələcək inkişaf yolunun müəyyənləşdirilməsində mühüm rol oynadı. Həmin dövrdə qarşıda ölkəni siyasi və iqtisadi böhrandan çıxarmaq, dövlətçiliyi qorumaq və müstəqilliyi möhkəmləndirmək kimi ağır vəzifələr dayanırdı.

Bu gün isə Azərbaycan tamamilə fərqli reallıq qarşısındadır. Ölkəmiz öz ərazi bütövlüyünü və suverenliyini bərpa edib, güclü iqtisadi və hərbi potensiala, geniş beynəlxalq əlaqələrə və böyük regional layihələrdə iştirak imkanlarına malikdir.

Bütün bunlar uzun illər ərzində həyata keçirilən ardıcıl dövlət siyasətinin nəticəsidir. Bu siyasətin əsasları isə müstəqilliyimizin ən çətin mərhələsində Ulu öndər Heydər Əliyev tərəfindən formalaşdırılıb və bu gün cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir”.

Deputat bildirib ki, Ulu öndərin siyasi irsinin əsas xüsusiyyətlərindən biri gələcəyə hesablanmış strateji düşüncədir:

“Heydər Əliyev yalnız həmin dövrün problemlərini həll etməklə kifayətlənmirdi. O, Azərbaycanın onilliklər sonrakı inkişafını düşünürdü. Dövlət quruculuğu, neft strategiyası, ordu quruculuğu, milli birlik, xarici siyasət və iqtisadi islahatlar Azərbaycanın gələcəyinə hesablanmışdı.

Bu gün həmin strateji yanaşmanın nəticələrini müasir Azərbaycanın simasında görürük. Cənab Prezident İlham Əliyev də Ulu öndərin siyasi irsini müasir dünyanın reallıqlarına uyğun şəkildə inkişaf etdirərək qarşıya yeni məqsədlər qoyur”.

Tahir Rzayev əlavə edib ki, 15 İyun və 3 oktyabr tarixləri bir-birini tamamlayan mühüm tarixi mərhələlərdir:

“15 İyun Ulu öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin ən ağır sınaqdan keçdiyi bir vaxtda siyasi hakimiyyətə qayıdışını, 3 oktyabr isə xalqın onun siyasi liderliyinə verdiyi etimadın ümumxalq seçkisində təsdiqini ifadə edir.

Bu iki tarixi hadisə Azərbaycanın müasir dövlətçilik tarixində bir-birindən ayrı düşünülə bilməz. 15 İyun siyasi qayıdışın, 3 oktyabr isə həmin qayıdışın xalq tərəfindən təsdiqinin və yeni dövlətçilik mərhələsinin başlanmasının simvoludur.

Bu gün Ulu öndər Heydər Əliyevin ideyalarının yaşadılması və cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın daha da gücləndirilməsi hər birimiz üçün böyük məsuliyyətdir. Əsas məqsəd əldə olunmuş nailiyyətləri qorumaq, dövlətimizi daha da inkişaf etdirmək, xalqımızın rifahını yüksəltmək və Azərbaycanın gələcək nəsillər üçün daha güclü dövlət kimi formalaşmasını təmin etməkdir.

3 oktyabr 1993-cü il Azərbaycan xalqının öz gələcəyinə inamla qərar verdiyi tarixi gündür. Ulu öndər Heydər Əliyevin Prezident seçilməsi ilə Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi, sabitliyin təmin olunması və inkişaf strategiyasının formalaşdırılması istiqamətində yeni mərhələ başladı.

Bu gün həmin tarixi mərhələnin nəticələrini müasir Azərbaycanın simasında görürük. Ulu öndərin yaratdığı möhkəm dövlətçilik təməlləri cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə daha da gücləndirilib və Azərbaycanın qarşısında yeni inkişaf mərhələsi açılıb”.

Müəllif: Günay Hacıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə