"Qida məhsullarının düzgün saxlanılmaması çarpaz çirklənmə riskini artırır" - QİDA EKSPERTİ

"Qida məhsullarının düzgün saxlanılmaması çarpaz çirklənmə riskini artırır" - QİDA EKSPERTİ

"Bir çox məhsullar var ki, onların istənilən yerdə, marketlərdə də, evdə də düzgün saxlanılmaması çarpaz çirklənmə riskini artırır. Xüsusilə marketlərdə eyni soyuducuda məhsulların bir-birinə yaxın yerləşdirilməsi, xüsusilə çiy və bişmiş məhsulların, eləcə də bişmiş, hazır istehlaka uyğun məhsulların çiy məhsullarla təmas ehtimalı varsa, bu, birbaşa çarpaz çirklənmə riski yaradır". Bu sözləri SİA-ya açıqlamasında Qida təhlükəsizliyi Hərəkatının rəhbəri, Sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova deyib.

Onun sözlərinə görə, çiy ət, toyuq, balıq, süd və süd məhsulları, yağ, pendir, hazır salatlar, kolbasa və bu kimi məhsullar bir yerdə saxlanılmamalıdır: "Əgər çiy məhsullarda xəstəlik törədən mikroorqanizmlər varsa, bunlar birbaşa digər qidalara keçə bilər ki, bu da zəhərlənmə və sağlamlıqda müxtəlif fəsadlar yarada bilər.

Ona görə marketlərdə müxtəlif məhsulların növünə görə onların təhlükəsizlik tələblərinə uyğun şəkildə ayrı-ayrı saxlanılması, düzgün qablaşdırılması və temperatur şəraitinə əməl olunması vacibdir. Soyudulmuş məhsullar 0–4 dərəcə arasında, dondurulmuş məhsullar isə mənfi 18 dərəcədə saxlanılmalıdır və bu temperatur rejimi davamlı olaraq qorunmalıdır. Çünki temperatur dəyişərsə, soyuq zəncir prinsipi ilə saxlanılan qidaların tərkibində mikroorqanizmlərin çoxalması üçün əlverişli şərait yarana bilər ki, bu da məhsulların xarab olmasına və keyfiyyətinin aşağı düşməsinə gətirib çıxara bilər.

Yaxşı olar ki, çiy ət alarkən, xüsusilə toyuq, balıq və qırmızı ət məhsullarının qablaşdırılmasına da diqqət edək. Əgər qablaşdırmada sızılma, cırılma, deşilmə əlamətləri varsa, bu, artıq həm onun hava keçirməsinə, eləcə də çarpaz çirklənmə riskinin artmasına gətirib çıxara bilər.

Bir çox qidalarda xarab olma qoxunun və rəngin dəyişməsi ilə özünü göstərmir. Ona görə də bu məqamlara diqqət etmək lazımdır".

Müəllif: Lətifə Musayeva

Bütün xəbərlər Facebook səhifəmizdə