“Etibarlı informasiya mühitinin formalaşdırılması hər kəsin məsuliyyətidir“ -EKSPERT DANIŞDI
“Rəqəmsal platformaların və sosial medianın həyatımızda rolunun sürətlə artdığı bir dövrdə informasiya istehsal edən və yayan hər bir tərəfin məsuliyyəti də artır”.
Bunu SİA-ya açıqlamasında Mətbuat Şurası İdarə Heyətinin üzvü, media üzrə ekspert Hacıbəy Heydərli bildirib.
Onun sözlərinə görə, bu gün hər hansı məlumatın yanlış və ya manipulyativ formada yayılması təkcə ayrı-ayrı şəxslərə deyil, cəmiyyətlərə və hətta dövlətlərarası münasibətlərə də təsir göstərə bilər.
Ekspert qeyd edib ki, xüsusilə süni intellekt texnologiyalarının inkişafı fonunda saxta görüntülərin, videoların və digər manipulyativ materialların hazırlanması daha da asanlaşıb. Belə bir şəraitdə peşəkar jurnalistikanın əsas üstünlükləri – faktların yoxlanılması, mənbələrin dəqiqləşdirilməsi, obyektivlik və məsuliyyət daha böyük əhəmiyyət kəsb edir.
Hacıbəy Heydərli vurğulayıb ki, etibarlı informasiya mühitinin formalaşdırılması yalnız jurnalistlərin üzərinə düşən vəzifə deyil:
“Dövlət qurumları, media, sosial media platformaları, jurnalistlər, ekspertlər, tədqiqatçılar və vətəndaş cəmiyyəti bu prosesdə birlikdə məsuliyyət daşıyır. Media savadlılığının artırılması da bu baxımdan xüsusi əhəmiyyət kəsb edir”.
Media eksperti bildirib ki, etimadın olmadığı informasiya mühitində sağlam ictimai dialoq və qarşılıqlı anlaşma mümkün deyil. Onun fikrincə, əsas məqsəd daha çox informasiya yaymaq deyil, daha dəqiq, yoxlanılmış, məsuliyyətli və etibarlı informasiya yaratmaq və cəmiyyətə çatdırmaq olmalıdır.
“Bu gün media yalnız xəbər verən vasitə deyil, həm də cəmiyyətdə etimadın formalaşmasına, xalqlar və dövlətlər arasında qarşılıqlı anlaşmanın güclənməsinə xidmət edən mühüm platformadır”, – deyə Hacıbəy Heydərli əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB