Əlavə ödəniş kartlarına məhdudiyyət maliyyə əməliyyatlarının şəffaflığını artırmağa xidmət edir

Əlavə ödəniş kartlarına məhdudiyyət maliyyə əməliyyatlarının şəffaflığını artırmağa xidmət edir

“Eyni kateqoriya və valyutada əlavə ödəniş kartlarının sayına məhdudiyyət qoyulmasının əsas məqsədi kartlardan istifadəni məhdudlaşdırmaqdan çox, maliyyə əməliyyatlarının daha şəffaf və idarəolunan olmasını təmin etməkdir”.

Bunu SİA-ya açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib.

Onun sözlərinə görə, eyni şəxsin çoxsaylı kartlardan istifadə etməsi pul vəsaitlərinin hərəkətinin izlənməsi, şübhəli əməliyyatların müəyyənləşdirilməsi və maliyyə monitorinqi baxımından əlavə risklər yarada bilər.

“Bu məhdudiyyət gündəlik ödənişlərə ciddi təsir etməməlidir. Vətəndaşın alış-veriş etməsi, kommunal və digər xidmət haqlarını ödəməsi üçün bir və ya bir neçə əsas kartdan istifadə imkanları qalır. Məhdudiyyət daha çox eyni bankda, eyni kateqoriya və valyutada çoxsaylı əlavə kartların alınmasına aid olur. Müştərinin real ehtiyacı varsa, bank həmin ehtiyacı nəzərə alaraq əlavə kartın verilməsi imkanını ayrıca qiymətləndirə bilər”, - deyə ekspert qeyd edib.

A.Nəsirli bildirib ki, ailə üzvünün istifadəsi, biznes fəaliyyəti, səfərlər, müxtəlif xərclərin ayrılması və digər əsaslandırılmış ehtiyaclar əlavə kartın verilməsi üçün səbəb ola bilər.

“Burada əsas məsələ kartın sayından daha çox onun hansı məqsədlə istifadə edilməsidir. Bankın müştəridən kartdan istifadə məqsədini soruşması da avtomatik olaraq vətəndaşın maliyyə imkanlarının məhdudlaşdırılması anlamına gəlmir.

Banklar müştərini tanıma, əməliyyatların xarakterini qiymətləndirmə və şübhəli maliyyə əməliyyatlarının qarşısının alınması ilə bağlı tələblərə əməl etməlidirlər. Çoxsaylı eyni tipli kartlardan istifadə üçün iqtisadi və ya praktiki ehtiyacın olub-olmamasının soruşulması da bu çərçivədə qiymətləndirilə bilər”, - deyə o əlavə edib.

Ekspertin sözlərinə görə, əsas məsələ yeni qaydaların normal istehlak və gündəlik bank xidmətlərinə maneə yaratmamasıdır.

“Müştərinin real ehtiyacı olduğu halda əlavə kart əldə etmək üçün aydın və şəffaf prosedur olmalıdır. Əks halda məqsəd maliyyə əməliyyatlarının şəffaflığını artırmaq olsa da, müştərilər üçün lazımsız inzibati maneələr yarana bilər”, - A.Nəsirli vurğulayıb.

Müəllif: Günay Hacıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə