"Uşaqlar planşet, telefon və noutbuklardan müəyyən saatlarda istifadə etməlidirlər" - PEDİATR

"Uşaqlar planşet, telefon və noutbuklardan müəyyən saatlarda istifadə etməlidirlər" - PEDİATR

"Uzunmüddətli və xüsusilə də nəzarətsiz ekran istifadəsi uşaqlarda əsasən yuxu, göz sağlamlığı və fiziki aktivliyə təsir göstərə bilər". Bu fikirləri SİA-ya açıqlamasında pediatr, Tibb Universitetinin Uşaq Xəstəlikləri şöbəsinin müdiri Qoşqar İsmayilov bildirib.

Onun sözlərinə görə, birinci olaraq yuxudan deyim ki, axşam saatlarında telefon və planşet istifadəsi uşağın yatmasını gecikdirir, yuxu müddətini azalda və yuxunun keyfiyyətini poza bilər: "Bunun səbəblərindən biri ekran işığının melatonin ifrazına təsiri, digəri isə oyun və videoların uşağı oyaq saxlamasıdır. Yəni bunların hamısı təsir göstərə bilər.

İkinci məsələ görmə ilə bağlıdır. Uzun müddət yaxından baxmaq uşaqlarda görmə pozğunluğuna, gözdə yorğunluq, quruluq, yanma, baş ağrısı və bulanıq görməyə səbəb ola bilər. Daha vacib məsələ isə çox yaxın məsafədən ekrana baxmaq və açıq havada az vaxt keçirməkdir. Bu, uşaqlarda miyopiyanın, yəni uzağı görmənin pozulmasının inkişafı və proqressiyası ilə əlaqələndirilir.

Fiziki inkişafa gəldikdə isə problem ekranın özündən çox, onun fiziki hərəkəti əvəz etməsidir. Məsələn, saatlarla oturaq qalmaq fiziki aktivliyi azaldır. Bu da müxtəlif onurğa problemlərinə, bel və boyun ağrılarına, çəki artımına gətirib çıxara bilər. Uşaqlar hipodinamiya vəziyyətində olduqları üçün məqsədimiz onları bunlardan uzaq tutmaqdır. Bunun əksinə, uşaqların açıq havada daha çox vaxt keçirməsi lazımdır.

Yatmazdan ən azı 1 saat, maksimum 2 saat əvvəl ekran istifadəsini dayandırmaq, cihazları isə ümumiyyətlə yataq otağından uzaq tutmaq lazımdır. Bu qaydalara mütləq əməl etmək lazımdır.

Uşaqlar üçün əsas mesaj ondan ibarətdir ki, ekran istifadəsi tamamilə qadağan edilməli deyil. Təbii ki, müasir dünyada, xüsusilə də süni intellektin getdikcə inkişaf etdiyi bir dövrdə, uşaqların yaşına uyğun müddəti düzgün seçmək lazımdır. Uşaqlar planşet, telefon və noutbuklardan vacib məsələlər üçün istifadə edə bilərlər. Lakin adi əyləncə məqsədilə ekran istifadəsini maksimum dərəcədə məhdudlaşdırmağa çalışmaq lazımdır. Bu cür qaydalara əməl olunsa, uşaqlar fiziki cəhətdən daha sağlam böyüyə bilərlər".

Müəllif: Lətifə Musayeva

Bütün xəbərlər Facebook səhifəmizdə