“ADEX 2026” Azərbaycanın müdafiə sənayesində artan gücünü və regional təhlükəsizlikdə rolunu nümayiş etdirir” - ŞƏRH

“ADEX 2026” Azərbaycanın müdafiə sənayesində artan gücünü və regional təhlükəsizlikdə rolunu nümayiş etdirir” - ŞƏRH

“Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Bakı Ekspo Mərkəzində keçirilən “ADEX 2026” 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi və “Securex Caspian” 15-ci Beynəlxalq Daxili Təhlükəsizlik Sərgisi ilə tanışlığı regionda bərqərar olmuş yeni geostrateji reallıqların, eləcə də dövlət suverenliyinin hüquqi və hərbi-siyasi əsaslarının möhkəmləndirilməsi prosesinin məntiqi davamıdır”. Bu sözləri SİA-ya açıqlamasında deputat Bəhruz Məhərrəmov deyib.

Onun sözlərinə görə, cənab İlham Əliyevin müzəffər Ali Baş Komandan kimi İkinci Qarabağ müharibəsində və lokal antiterror tədbirlərində suveren imkanlarımız və şəxsi qətiyyəti hesabına əldə etdiyi tarixi Zəfər Cənubi Qafqazın hərbi-siyasi xəritəsini kökündən dəyişməklə yanaşı, beynəlxalq hüququn aliliyini və ərazi bütövlüyü prinsipini praktiki müstəvidə bərpa etmişdir:

“Bu kontekstdə, 30 ölkədən 277 şirkətin, o cümlədən ABŞ, Çin, İsrail, İtaliya, BƏƏ və xüsusilə strateji müttəfiqimiz olan Türkiyənin nəhəng hərbi-sənaye komplekslərinin yer aldığı “ADEX 2026” sərgisi yalnız müasir texnologiyaların nümayişi deyil, Azərbaycanın regional hərbi-siyasi mərkəz kimi artan nüfuzunun diplomatik və hüquqi təsdiqidir.
Dövlət başçısının Fərmanı ilə təsis edilmiş “Azərsilah” Müdafiə Sənayesi Holdinqinin uğurlu fəaliyyəti və sərgidə xüsusi milli pavilyonun ayrılması göstərir ki, müzəffər Liderin rəhbərliyi ilə Azərbaycan artıq xarici silah tədarükçüsündən müasir texnologiyalar istehsal edən, müdafiə sənayesində özünütəminat səviyyəsini maksimuma çatdıran müstəqil aktora çevrilmişdir. Sərgidə nümayiş etdirilən ən son nəsil pilotsuz uçuş aparatları, dəqiq idarəolunan raket sistemləri və radioelektron mübarizə vasitələri regionda sülhün və sabitliyin təminatçısı olan Azərbaycan Ordusunun preventiv gücünü bir daha nümayiş etdirir.
Birinci vitse-prezident Mehriban Əliyevanın tədbirdə iştirakı ali səviyyədə dövlət təhlükəsizliyi prioritetlərinə, milli ordu quruculuğuna və strateji inkişaf kursuna verilən vahid, sarsılmaz dəstəyin aydın təzahürüdür. Yaranmış yeni geopolitik konfiqurasiya fonunda bu bir daha sübut edir ki, Azərbaycan cənab İlham Əliyevin liderliyi ilə öz hüquqi haqlılığını hərbi-texnoloji qüdrətlə möhkəmləndirərək regionda diktə edən tərəf statusunu qoruyub saxlayır”.

Müəllif: Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə