"Beynəlxalq forumlar tərəflərin masa arxasında bir araya gəlməsinə şərait yaradır" - EKSPERT DANIŞDI

"Beynəlxalq forumlar tərəflərin masa arxasında bir araya gəlməsinə şərait yaradır" - EKSPERT DANIŞDI

"Azərbaycan Respublikası Media və Yayım Şurasının təşkilatçılığı ilə keçirilmiş “Qütbləşmiş dünyada media vasitəsilə etimadın qurulması” mövzusunda AQEM (Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə) Media Forumunda iştirak etdim. 26 ölkəni birləşdirən belə bir platformada müxtəlif ölkələrdən olan nümayəndələrin çıxışlarını dinləmək, onların mövqeləri ilə tanış olmaq olduqca maraqlı idi".

Bunu SİA-ya açıqlamasında media ekspert Azər Həsrət deyib.

Media eksperti sözlərinə belə davam edib:

"Ümumiyyətlə, bu cür platformaların mövcudluğu qütbləşmənin azaldılması baxımından mühüm əhəmiyyət daşıyır. Məsələn, forumda Fələstin nümayəndəsi də çıxış etdi. Hazırda Fələstin-İsrail münasibətlərinin hansı vəziyyətdə olduğunu nəzərə alsaq, belə bir şəraitdə məsələlərin açıq platformada və masa arxasında müzakirə edilməsi münaqişələrin həllinə əlavə töhfə verə bilər.

Bundan başqa, bir-birinə zidd mövqelərə malik ölkələrin eyni platformada iştirak etməsi də dialoq imkanlarının genişlənməsinə şərait yaradır. Sözügedən forumda həm İsrail, həm də Fələstin nümayəndələrinin iştirakı buna nümunədir. Belə platformalarda tərəflərin bir araya gəlməsi qarşılıqlı ünsiyyət və anlaşma üçün imkan yarada bilər.

Bu baxımdan hesab edirəm ki, belə forumları dövlətlər, cəmiyyətlər və xalqlar arasında etimadın artırılması, qarşılıqlı anlaşmanın dərinləşdirilməsi və sülhün daha dayanıqlı olması baxımından qiymətləndirmək olar.

Burada medianın üzərinə də mühüm vəzifə düşür. Media məhz bu cür dinc və konstruktiv müzakirələri cəmiyyətə düzgün və uyğun formada təqdim etməlidir. Məqsəd münaqişə şəraitində olan tərəflərin dialoqa keçməsinə, dialoq artıq mövcuddursa, onun daha da dərinləşdirilməsinə töhfə vermək olmalıdır".

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə