"Azərbaycan qlobal qarşıdurmalar fonunda müstəqil xarici siyasət yürüdür" - POLİTOLOQ
"Dünyada davam edən müharibələr və geosiyasi qarşıdurmalar Azərbaycanın həm siyasi mövqeyinə, həm də beynəlxalq əlaqələrinin inkişafına birbaşa və dolayı təsir göstərir. Xüsusilə Rusiya-Ukrayna müharibəsi, Yaxın Şərqdəki hərbi gərginlik və ABŞ-İran qarşıdurması beynəlxalq münasibətlər sistemində qüvvələr balansını dəyişdirir".
Bu barədə SİA-ya açıqlamasında politoloq Züriyyə Qarayeva deyib.

Onun sözlərinə görə, belə bir şəraitdə Azərbaycanın müstəqil və balanslaşdırılmış xarici siyasət yürütməsi daha böyük strateji əhəmiyyət qazanır. Ölkəmizin Rusiya, Türkiyə, Avropa İttifaqı, ABŞ və digər güc mərkəzləri ilə münasibətlərini qarşılıqlı maraqlar əsasında inkişaf etdirməsi regional təhlükəsizlik baxımından mühüm üstünlükdür:
"Digər tərəfdən, müharibələr nəticəsində ənənəvi nəqliyyat və enerji marşrutlarının təhlükəsizliyi ilə bağlı yaranan problemlər Azərbaycanın tranzit və enerji tərəfdaşı kimi əhəmiyyətini artırır. Xüsusilə Orta Dəhlizin inkişafı, Avropanın enerji təhlükəsizliyində Azərbaycanın rolunun genişlənməsi və Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığın güclənməsi ölkəmizin beynəlxalq mövqelərini möhkəmləndirən amillərdir.
Bununla yanaşı, qlobal müharibələrin yaratdığı riskləri də nəzərdən qaçırmaq olmaz. Hərbi qarşıdurmaların genişlənməsi enerji bazarlarında qeyri-sabitliyə, beynəlxalq ticarət əlaqələrinin zəifləməsinə, inflyasiya təzyiqlərinə və regionda təhlükəsizlik risklərinin artmasına səbəb ola bilər. Xüsusilə İran ətrafında mümkün hərbi eskalasiya Azərbaycanın cənub sərhədlərində təhlükəsizlik mühitinə, regional nəqliyyat layihələrinə və iqtisadi əlaqələrə mənfi təsir göstərə bilər. Rusiya–Ukrayna müharibəsinin uzanması isə Cənubi Qafqazda böyük güclərin maraqlarının toqquşmasını daha da mürəkkəbləşdirə bilər. Bununla belə, hesab edirəm ki, mövcud geosiyasi proseslər Azərbaycan üçün yalnız təhlükələr deyil, həm də yeni diplomatik və iqtisadi imkanlar yaradır. Əsas məsələ bu imkanlardan milli maraqlar çərçivəsində istifadə etmək, regional qarşıdurmalardan kənarda qalmaq və Azərbaycan-Ermənistan sülh prosesini xarici geosiyasi rəqabətin təsirindən mümkün qədər qorumaqdır. Azərbaycanın qarşıdakı dövrdə əsas strateji üstünlüyü məhz müstəqil qərarvermə imkanlarını qoruyaraq dəyişən beynəlxalq münasibətlər sistemində etibarlı və sabit tərəfdaş mövqeyini gücləndirməsi olacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB