"Böyük Zəfərin arxasında Heydər Əliyevin müəyyənləşdirdiyi ideoloji xətt dayanır" - DEPUTAT DANIŞDI
"Heydər Əliyevin ideyaları və onun yaratdığı mənəvi-siyasi irs elə bir nəslin yetişməsinə zəmin yaratdı ki, həmin nəsil qalib nəslə çevrildi və Qarabağı işğaldan azad etdi".
Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirib.

Deputat qeyd edib ki, Heydər Əliyev ideyaları və Azərbaycançılıq ideologiyası həm nəzəri, həm də praktiki müstəvidə tarixin sınaqlarından çıxdı və bizi böyük Zəfərə gətirib çıxardı:
"Əgər bu gün güclü Azərbaycandan danışırıqsa, bunu Heydər Əliyevin formalaşdırdığı siyasi dəyərlərə və onun siyasi irsinə borcluyuq. Qalib Ordudan, torpaqlarımızın işğaldan azad edilməsindən danışırıqsa, əslində, Heydər Əliyevin həyata keçirdiyi Azərbaycançılıq ideologiyasının mənəvi və ideoloji prinsiplərinin təntənəsindən danışırıq. Azərbaycanın beynəlxalq münasibətlər sistemində nüfuzunun artmasından bəhs ediriksə, bu inkişafın Heydər Əliyevin müəyyənləşdirdiyi xarici siyasət kursunun təməlləri üzərində formalaşdığını görürük.
Məhz buna görə də Azərbaycan Prezidenti Yeni Azərbaycan Partiyasının VIII Qurultayında qeyd etmişdi ki, Heydər Əliyevin siyasətini gənclərə çatdırmalı və onları bu irs əsasında tərbiyə etməliyik.
Göründüyü kimi, bu irs, əslində, qələbə, inkişaf, tərəqqi və təkamül irsidir. Ona görə də bu dəyərlər mütləq gənc nəslə aşılanmalıdır ki, gələcəkdə daha güclü və inkişaf etmiş Azərbaycanda yaşaya bilək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB