“Ombudsman icra hakimiyyətinə daxil deyil və məhkəmənin funksiyalarını yerinə yetirmir” - ZAHİD ORUC

“Ombudsman icra hakimiyyətinə daxil deyil və məhkəmənin funksiyalarını yerinə yetirmir” - ZAHİD ORUC

Azərbaycanın ərazi bütövlüyünün və dövlət suverenliyinin tam bərpasından sonra Ombudsman institutunun qarşısında yeni tarixi vəzifələr dayanır. Gələcək Müvəkkil dəyişən qlobal çağırışlara uyğun fəaliyyət göstərməli, vətəndaşların konstitusion hüquq və azadlıqlarının daha etibarlı müdafiəsini təmin etməlidir.

SİA xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc Azərbaycan Respublikası İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) seçilməsi məsələsinin müzakirəsi zamanı deyib.

O bildirib ki, Prezident İlham Əliyev tərəfindən Ombudsman vəzifəsinə üç namizədin Milli Məclisə təqdim edilməsi Azərbaycanın hüquqi dövlət quruculuğunda mühüm institutlardan birinin fəaliyyətində yeni mərhələnin başlanğıcıdır.

Z.Oruc qeyd edib ki, 24 illik tarixə malik Ombudsman təsisatı Ali Qanunla müəyyənləşdirilmiş hüquqi bazaya, güclü institusional təməllərə, peşəkar mərkəzi aparata, regional strukturlara və beynəlxalq əlaqələrə malik müstəqil hüquq müdafiə institutudur. Onun sözlərinə görə, bu qurumun gələcək fəaliyyəti Azərbaycan xalqı üçün xüsusi əhəmiyyət daşıyır.

Komitə sədri Ombudsman institutunun yaradılmasının Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlı olduğunu xatırladıb. Bildirib ki, 1998-ci il fevralın 22-də imzalanmış Fərmanda və həmin il iyunun 18-də təsdiq edilmiş İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramında belə bir institutun yaradılması nəzərdə tutulub.

Onun sözlərinə görə, 2001-ci il dekabrın 28-də Milli Məclis tərəfindən "Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili haqqında" Konstitusiya Qanunu qəbul edilib. 2002-ci il iyulun 2-də Elmira Süleymanova Azərbaycanın ilk Ombudsmanı seçilib, həmin il oktyabrın 28-dən isə təsisat vətəndaşların müraciətlərini qəbul etməyə başlayıb. Beləliklə, Konstitusiyanın insan hüquq və azadlıqlarının qorunmasına dair müddəaları yeni institusional təminat əldə edib.

Z.Oruc vurğulayıb ki, Ombudsman icra hakimiyyətinin tərkib hissəsi deyil və məhkəməni əvəz edən orqan kimi fəaliyyət göstərmir. Onun əsas vəzifəsi dövlət orqanlarının, bələdiyyələrin və qanunla müəyyən edilmiş digər qurumların fəaliyyəti nəticəsində pozulan insan hüquqlarının bərpasına kömək etmək, belə pozuntuların qarşısını almaq və dövlət hakimiyyəti ilə vətəndaş arasında əlavə hüquqi müdafiə mexanizmi yaratmaqdır.

Deputat Ombudsman institutunun mühüm xüsusiyyətlərindən birinin parlamentlə birbaşa əlaqələri olduğunu bildirib. Qeyd edib ki, Müvəkkil Prezidentin təqdim etdiyi üç namizəd arasından Milli Məclis tərəfindən 83 səs çoxluğu ilə yeddi il müddətinə seçilir və eyni şəxs bu vəzifəyə iki dəfədən artıq seçilə bilməz.

Komitə sədri son yeddi ili Azərbaycan Ombudsmanının fəaliyyətində tarixi mərhələ kimi qiymətləndirib. Onun sözlərinə görə, 44 günlük Vətən müharibəsi, işğaldan azad edilmiş ərazilərdə Böyük Qayıdış və dövlət suverenliyinin tam bərpası ölkənin hüquqi və ictimai həyatında yeni reallıq yaradıb.

Z.Oruc bildirib ki, uzun illər məcburi köçkünlərin və qaçqınların hüquq və azadlıqlarının müdafiəsi, işğalın yaratdığı sosial və digər humanitar çətinliklər gündəmdə olub. Azərbaycanın qələbəsi və 2023-cü ildə suverenliyin tam bərpası nəticəsində dövlətin konstitusion yurisdiksiyası bütün ərazilərdə bərqərar olub.

"İşğal reallığının aradan qalxması ən ali insan hüququ hadisəsidir", – komitə sədri qeyd edib.

O bildirib ki, bu yeni reallıq Ombudsman institutunun fəaliyyət coğrafiyasını və hüquqi vəzifələrini də genişləndirir. Ərazi bütövlüyünün bərpasından sonra yeni Müvəkkilin qarşısında fərqli tarixi vəzifələr dayanır.

Z.Oruc diqqətə çatdırıb ki, gələcək Ombudsman insan hüquqları sahəsində qlobal çağırışların ciddi şəkildə dəyişdiyi bir dövrdə fəaliyyətə başlayacaq. Müharibələr, geosiyasi qarşıdurmalar, miqrasiya böhranları, informasiya müharibələri, süni intellektin və rəqəmsal texnologiyaların sürətli inkişafı dövlətlər qarşısında yeni hüquqi və mənəvi məsuliyyətlər yaradır.

Müəllif: Günay Hacıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə