"Likud Partiyası və onun lideri Benjamin Netanyahu hakimiyyəti əldən vermək istəmir" - POLİTOLOQ
"Benjamin Netanyahunun hakimiyyətdə qalmaqda çətinlik çəkməsinin əsas səbəblərindən biri İsrailin həm daxili, həm də xarici siyasətində yaranmış ciddi problemlərdir. 2023-cü il oktyabrın 7-də baş verən hadisələr, ölkənin təhlükəsizlik sistemində üzə çıxan boşluqlar, Qəzza zolağında davam edən müharibə və İranla bağlı regional gərginlik onun siyasi mövqeyinə təsir göstərən əsas amillər sırasındadır".
Bu sözləri SİA-ya açıqlamasında Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin rəhbəri, politoloq Samir Hümbətov söyləyib.
.jpg)
Onun sözlərinə görə, lakin burada əsas məsələ koalisiya hökumətinin necə formalaşdırılacağıdır. Çünki belə bir koalisiya qurulmasa, Benjamin Netanyahu hakimiyyətdən getmək təhlükəsi ilə üzləşə bilər. O da yaxşı anlayır ki, ona qarşı çıxan siyasi qüvvələr hakimiyyət dəyişikliyində maraqlıdırlar:
"İkinci mühüm məsələ İsrailin öz təhlükəsizliyi ilə bağlı narahatlıqlarıdır. Hazırkı siyasi şəraitdə təhlükəsizlik məsələləri hökumətin formalaşdırılmasına və gələcək siyasi qərarlara birbaşa təsir göstərə bilər.
Burada ən maraqlı məqamlardan biri seçkilərdə ərəb siyasi qüvvələrinin mövqeyinin güclənməsi ehtimalıdır. Ərəb partiyalarının İsrail parlamentində 17–18 mandat qazana bilməsi ilə bağlı fikirlər səsləndirilir. Bu rəqəmi dəqiq təsdiqləyə bilməsəm də, belə bir nəticənin siyasi mənası kifayət qədər böyükdür.
Bu o deməkdir ki, Benjamin Netanyahu və ya onun siyasi rəqibləri ərəb partiyalarının dəstəyi ilə koalisiya hökuməti formalaşdırmaq imkanını nəzərdən keçirə bilərlər.
Təsəvvür edin ki, İsrail hökumətinin kabinetində ərəb siyasi qüvvələrinin də nümayəndələri təmsil olunur. Əvvəllər İsrail siyasətində yəhudi millətçiliyi və sağçı siyasi yanaşmalar daha güclü mövqedə idi. Qəzza zolağında baş verən hadisələr də bu siyasi yanaşmalar ətrafında ciddi narahatlıqlar yaradıb.
İndi isə ərəb siyasi qüvvələrinin hökumətin formalaşdırılmasında iştirak etməsi tamamilə fərqli siyasi vəziyyət yarada bilər. Xüsusilə İsrailin təhlükəsizlik siyasəti, Qəzza məsələsi və ərəb dünyası ilə münasibətlər kontekstində onların hökumət daxilində təmsil olunması müəyyən qərarlara daha sərt reaksiyaların verilməsinə səbəb ola bilər.
Ona görə də bu məsələ kifayət qədər mürəkkəbdir. Hələlik hansı siyasi qüvvələrin koalisiya quracağı və hökumətin hansı prinsiplər əsasında formalaşacağı bəlli deyil.
Digər tərəfdən, İsrail siyasətində əsas rəqabət aparan qüvvələr arasında ciddi fikir ayrılıqları mövcuddur. Likud Partiyası və onun lideri Benjamin Netanyahu hakimiyyəti əldən vermək istəmir. Müxalif siyasi qüvvələr isə hakimiyyət dəyişikliyində maraqlıdırlar. Netanyahunun üzləşdiyi hüquqi problemlər, xüsusilə ona qarşı irəli sürülmüş korrupsiya ittihamları da siyasi vəziyyəti daha da mürəkkəbləşdirir.
Beləliklə, İsraildə kifayət qədər gərgin siyasi vəziyyət yaranıb. Əgər siyasi qüvvələr arasında razılıq əldə olunmasa və heç bir tərəf hökumət formalaşdıra bilməsə, ölkədə növbədənkənar seçkilərin keçirilməsi gündəmə gələ bilər.
Lakin növbəti seçkilərdə kimin qalib gələcəyini indidən söyləmək mümkün deyil. Likud Partiyası və onun tərəfdarları da yeni seçkilərin nəticələrindən narahat ola bilərlər. Çünki seçkilərə getmək hakimiyyətə yenidən qayıtmaq üçün fürsət yaratdığı kimi, mövcud siyasi mövqelərin daha da zəifləməsinə də səbəb ola bilər.
Bütün bunları nəzərə alaraq hesab edirəm ki, İsraildə siyasi vəziyyət kifayət qədər mürəkkəb və gərgindir. Bununla belə, siyasi böhranın həlli üçün seçkilərin keçirilməsi və yeni hökumətin formalaşdırılması əsas siyasi çıxış yollarından biri kimi görünür.
Əgər seçkilərdən sonra da heç bir siyasi qüvvə hökumət formalaşdıra bilməsə, bu, İsraildə yalnız siyasi deyil, həm də ciddi təhlükəsizlik problemlərini gündəmə gətirə bilər. Çünki ölkənin hazırkı regional və beynəlxalq şəraitdə sabit, fəaliyyət qabiliyyətli hökumətə ehtiyacı var".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB