“Ödənişsiz hüquqi yardıma ehtiyacın miqyası kifayət qədər böyükdür” - ZAHİD ORUC

“Ödənişsiz hüquqi yardıma ehtiyacın miqyası kifayət qədər böyükdür” - ZAHİD ORUC

Yeni qanuna ehtiyacın miqyasını mötəbər məhkəmə statistikası da təsdiqləyir. Ali Məhkəmənin 2025-ci il üzrə hesabatına əsasən, il ərzində birinci instansiya məhkəmələrində yalnız iki kateqoriya üzrə baxılmış işlərin ümumi sayı 300 min 356-dan çox olub. Bu statistikaya cinayət işləri, inzibati və kommersiya mübahisələri daxil deyil.

SİA xəbər verir ki, bu fikirləri deputat Zahid Oruc Milli Məclisin növbəti plenar iclasında “Pulsuz hüquqi yardım haqqında” qanun layihəsinin müzakirəsi zamanı səsləndirib.

O bildirib ki, məhkəmə orqanlarına müraciət edən şəxslərdən neçəsinin vəkil xidmətlərinin haqqını ödəmək imkanına malik olmadığını müəyyənləşdirmək üçün mötəbər tədqiqatların aparılmasına ehtiyac var. Tutaq ki, birinci instansiyada baxılan 300 mindən artıq işin 10 faizində vəkil haqqını ödəyə bilməyən vətəndaşlar iştirak edir. Bu halda 30 mindən çox iş üzrə ödənişsiz hüquqi yardıma ehtiyac yaranır. Deməli, dövlətin bu siyasətin maliyyə yükünü hesablaması üçün yalnız iki sahədə belə ehtiyacın miqyası kifayət qədər böyükdür.

Avropa Şurasının Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyasının (CEPEJ) 2024-cü il üzrə Azərbaycanla bağlı hesabatında dövlət hesabına hüquqi yardımın göstərilməsinə 2 milyon 855 min avro vəsait xərcləndiyi bildirilir. Lakin bu vəsaitin 99,5 faizi cinayət işlərinə, cəmi 0,5 faizi isə digər məsələlərə yönəldilib.

Deputat diqqətə çatdırıb ki, yaşayış evindən çıxarılma təhlükəsi ilə üzləşən, əməkhaqqını ala bilməyən, əlillik, pensiya və sosial müavinətlərlə bağlı dövlət orqanlarının qərarlarından şikayət edən şəxslərin, eləcə də digər problemlərlə qarşılaşan vətəndaşların da peşəkar hüquqi dəstəyə ehtiyacı var.

2024-cü ildə Azərbaycanda adambaşına düşən dövlət hüquqi yardım xərci 0,28 avro təşkil edib. Müqayisə üçün qeyd edilib ki, Şərq Tərəfdaşlığı ölkələri üzrə orta göstərici 0,86 avrodur.

Z.Oruc vəkillərin sayına da diqqət çəkib. Onun sözlərinə görə, son illər Vəkillər Kollegiyasının fəaliyyəti nəticəsində vəkillərin sayı artıb. 2020-ci ildə ölkəmizdə hər 100 min nəfərə 20,4 vəkil düşürdüsə, 2024-cü ildə bu göstərici 24,6-ya yüksəlib. Hazırda ölkəmizdə 3 min 3 vəkil fəaliyyət göstərir. Avropa üzrə hər 100 min nəfərə düşən vəkillərin orta sayı 180 olduğu halda, Azərbaycanda bu rəqəm 24-ə yaxındır.

O qeyd edib ki, ölkələrin hüquq sistemləri və vəkillərin funksiyaları fərqlənsə də, göstəricilər arasındakı fərq kifayət qədər böyükdür. Bundan başqa, ölkəmizdə vəkillərin regionlar üzrə bölgüsü də bərabər deyil. Belə ki, vəkillərin yalnız 18 faizi, yəni 538 nəfəri bölgələrdə fəaliyyət göstərir.

CEPEJ-in 2024-cü il hesabatına əsasən, Azərbaycanda 631 hakim fəaliyyət göstərir. Bu isə hər 100 min nəfərə 6,2 hakim deməkdir. Müqayisə üçün bu göstərici Gürcüstanda 9,9, Ukraynada 10,1, Moldovada isə 13,7-dir.

Deputat vurğulayıb ki, ölkəmizdə məhkəmə orqanlarının iş yükünün yüksək olduğunu nəzərə alaraq, hakim və vəkillərin sayının artırılması, eyni zamanda, pulsuz hüquqi yardımın əsas mexanizmlərinin formalaşdırılması məqsədəuyğun addımdır.

Digər mühüm amilin hüquqi xidmətlərin qiyməti olduğunu bildirən Zahid Oruc qeyd edib ki, vəkil xidmətlərinin rəsmi internet səhifəsində şifahi hüquqi məsləhətin qiyməti 20 manat, iddia ərizəsinin hazırlanması 70-100 manat, kassasiya şikayətinin tərtibi və vəkilin məhkəmədə iştirakı isə 400 manat müəyyən edilib. Məhkəmədə tam təmsilçilik xidmətinin qiyməti tərəflər arasında razılaşmadan asılı olaraq dəyişir.

O, layihənin maliyyələşmə müddəalarında ayrıca müzakirəyə ehtiyac duyulan məqamların da olduğunu diqqətə çatdırıb. Belə ki, 12.1-ci maddəyə əsasən, peşəkar hüquqi yardımın hər saatı üçün minimum aylıq əməkhaqqının 0,0275 misli həcmində ödəniş nəzərdə tutulur. 2026-cı ildə minimum aylıq əməkhaqqının 400 manat olduğunu nəzərə alsaq, bu məbləğ saatda 11 manat təşkil edir.

İlkin hüquqi yardım üzrə isə hər xidmət üçün minimum aylıq əməkhaqqının 0,015 misli, yəni 6 manat ödəniş müəyyənləşdirilir.

Z.Oruc hüquqi yardımın kadr təminatının da xüsusi əhəmiyyət daşıdığını bildirib. O qeyd edib ki, layihədə paraleqalların və hüquq klinikalarının fəaliyyətindən bəhs olunur. 2024-cü tədris ilində bakalavriat səviyyəsində hüquq ixtisası üzrə ayrılmış 1395 qəbul yerinin hamısı dolub.

Müəllif: Günay Hacıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə