Azərbaycan Prezidenti İlham Əliyev Türk Dövlətləri Təşkilatının (TDT) sabah Ankarada keçiriləcək Sammitinə getməyəcək.
Dövlət başçısı əvvəldən müəyyən olunmuş proqrama əsasən, Azərbaycanda keçirilən FİFA U-15 dünya çempionatının oktyabrın 30-da keçiriləcək bağlanış və mükafatlandırma mərasimində iştirak edəcək.
Azərbaycanı TDT Sammitində xarici işlər naziri Ceyhun Bayramov təmsil edəcək.
Türkiyədə Azərbaycana qarşı kampaniya
Rəsmi protokol səbəbi ilə yanaşı, Prezident İlham Əliyevin Türkiyəyə səfər etməməsi ətrafında daha geniş müzakirə açmaq mümkündür.
Prezident İlham Əliyev TDT-nin Sammitində iştirak üçün Türkiyəyə niyə getmədi?
Bir aydır ki, Türkiyədə Azərbaycana, onun liderinə, Azərbaycan xalqına və dövlətinə qarşı əsassız və çirkin kampaniya aparılır.
Əslində, bu kampaniya son bir ayda intensiv xarakter alsa da, proses daha tez başlayıb. Türkiyədə son 3 ildə ara-sıra səngiməklə Azərbaycan ardıcıl şəkildə hədəf götürülür. Əsas mövzu isə Azərbaycan-İsrail əməkdaşlığıdır.
Kampaniya aparanlar hesab edirlər ki, Azərbaycan öz xarici siyasi və iqtisadi əlaqələrini Türkiyənin istəyinə uyğun qurmalı və həyata keçirməlidir.
Bu cür absurd mövqe ortaya qoyanların məntiqi ilə Bakı Ankaranın orbitindən çıxmamalıdır.

Bu isə Azərbaycana münasibətdə təhqiramiz, aşağılayıcı, onun müstəqilliyini inkar edən yanaşmadır. Eyni zamanda "Bir millət, iki dövlət" prinsipinin tam təhrif olunmuş interpretasiyasıdır.
Digər tərəfdən, Türkiyənin özünün İsraillə əməkdaşlıq əlaqələrinə dair çoxsaylı fakt ortaya qoyulub və bunların heç biri rəsmi şəkildə təkzib olunmayıb. Belə olduqda Azərbaycana qarşı iradlar niyə ciddiyə alınmalıdır?
Türkiyədə bu proses oktyabrın əvvəlində BMT-nin sessiyasında İsrailin Baş naziri Benyamin Netanyahunun çıxışı zamanı Azərbaycanın bir nümayəndəsinin zalı tərk etməməsi bəhanəsi ilə daha şiddətli formada yenidən alovlandırıldı.
Bir az keçmiş Azərbaycan Nazirlər Kabinetinin vahid məktəbli forması ilə bağlı qərarından sonra isə kampaniya heç vaxt görünməyən qədər sərt və iyrənc şəkildə az qala Türkiyənin informasiya məkanında milli trendə çevrildi.
Azərbaycana və onun rəhbərliyinin ünvanına heç vaxt və heç bir yerdə görünməyən qədər tənqid, təhqir səsləndirildi.
Ankaradan gecikmiş addım
Bu proses bəzi acı həqiqətləri də ortaya çıxardı. Həqiqət isə ondan ibarətdir ki, ayrı-ayrı vaxtlarda müxtəlif problemlər, ikitərəfli münasibətlərdə narazılıqlar, ziddiyyətlər, gərginliklər ortaya çıxdıqda belə heç bir ölkədən Azərbaycana qarşı bu qədər hədyan, bu qədər təhqir olmamışdı. Bu isə Türkiyə cəmiyyətinin xurafata sürükləndiyini, gerilədiyini bir daha nümayiş etdirir.
Bu gün Türkiyə cəmiyyətinin çox ciddi qütbləşmə problemi, daxili ziddiyyətlərlə üz-üzə qaldığını görürük. Hakimiyyət öz məqsədlərinə nail olmaq üçün radikal dindarlığa rəvac verir, dövlətin əsaslarını sarsıdacaq cərəyanlara imkanlar yaradır.
Azərbaycan bu hücumu İrandan gözlədiyi halda, qardaş dediyi Türkiyədən ən pis formada zərbə aldı. Bu zərbəni vuranlar isə hakim AKP və onun yandaşları olan islamçı-nurçu qruplar idi.
Azərbaycanın Ankara və İstanbuldakı səfirlikləri qarşısında altı aksiya təşkil olundu, aksiyalarda Azərbaycanın, onun rəhbərliyinin, xalqının ünvanına ağır ittihamlar və təhqirlər səsləndirildi.
Türkiyə mediası və sosial mediası heç bir əsas olmadan hicab mövzusunu təhrif olunmuş formada ərəb dünyasının informasiya məkanına daşıdı və bu arealda anti-Azərbaycan kampaniyasının əsas səbəbkarı oldu.
Rəsmi Ankara isə bu prosesə çox gec müdaxilə etdi və hansısa addımlar atmağa çalışdı. Lakin bu addımlar o qədər də effektiv olmadı. Əgər Ankara bu addımları vaxtında atsaydı, qızışdırıcılıq bir yana, seyrçi mövqe tutmasaydı, vəziyyət bu yerə gəlib çıxmazdı.
Təəssüf hissi ilə qeyd etmək lazımdır ki, məqsədyönlü və ardıcıl kampaniyalar nəticəsində artıq Türkiyədə Azərbaycana qarşı qeyri-sağlam münasibət və yaxşı olmayan ab-hava formalaşıb.
Bu münasibətlərin sağlam məcraya qaytarmaq isə o qədər də asan olmayacaq.

Diplomatiyada hər şey qarşılıqlıdır
Yenidən qayıdaq Prezident İlham Əliyevin sabah Ankarada keçiriləcək TDT Sammitinə qatılmamasına... Burada qeyri-adi, böyüdüləcək bir şey yoxdur.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da 2024-cü ilin iyulunda TDT-nin Şuşada keçirilmiş qeyri-rəsmi Sammitində iştirak etməmişdi. Səbəb olaraq isə Ərdoğanın həmin vaxt futbol üzrə dünya çempionatında Türkiyə və Hollandiya millilərinin qarşılaşmasında iştirakı göstərilmişdi. Şuşa Sammitinə Türkiyəni vitse-prezidenti Cevdet Yılmaz təmsil etmişdi.
Bundan başqa, Ərdoğan 2026-cı ilin mayında Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasına (WUF13) da gəlməmişdi. Türkiyə bu mötəbər tədbirdə nazir səviyyəsində təmsil olunmuşdu.
Son olaraq Ərdoğan bu il 15 oktyabrda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (CİCA) Bakıda keçirilən VII Sammitində də iştirak etmədi. Türkiyəni tədbirdə xarici işlər naziri Hakan Fidan təmsil etdi.
Aydındır ki, bir dövlət başçısının digər ölkədə keçirilən tədbirdə iştirak edib-etməyəcəyini şərtləndirən obyektiv və subyektiv səbəblər var.
Amma diplomatiyada da hər şeyin qarşılıqlı olduğunu unutmaq olmaz. Son proseslərdə Azərbaycan cəmiyyəti Türkiyədə bəzi çevrələrin əsl simasını və niyyətini gördü. Bu isə bəzi məsələlərə yanaşmada mövqe dəyişikliyini zəruri edir. Artıq ikitərəfli münasibətlərdə rasionallıq önə çıxır. Dostluq, qardaşlıq davam etsə də, hər kəsin öz dövləti və öz marağı var.
Qeyd olunanları nəzərə alaraq, belə qənaətə gəlmək olar ki, Azərbaycan Prezidentinin TDT-nin Ankara Sammitində iştirak etməməsi tamamilə düzgün qərardır.
Lakin bu, o demək deyil ki, Azərbaycan TDT-dən çəkilir və ya bu çərçivədə fəaliyyətini səngidir.
Nəzərə alınmalıdır ki, Azərbaycan TDT-nin qurucularından biridir, təşkilatın inkişafı, fəaliyyətinin genişləndirilməsi üçün böyük səylər göstərib, bundan sonra da səylərini davam etdirəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB