Yaşayış sahəsində qeydiyyat evdən pay almaq hüququ verirmi ? - VƏKİL DANIŞDI

Yaşayış sahəsində qeydiyyat evdən pay almaq hüququ verirmi ? - VƏKİL DANIŞDI

"Yaşayış sahəsində qeydiyyatda olmaq özlüyündə həmin evə mülkiyyət hüququ və ya oradan pay tələb etmək hüququ yaratmır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanuna əsasən, qeydiyyat inzibati və uçot xarakterli aktdır. Onun məqsədi dövlətin vətəndaşın harada yaşadığını bilməsidir. Mülkiyyət hüququ isə tamamilə başqa əsaslarla yaranır: alqı-satqı, bağışlama, vərəsəlik, özəlləşdirmə və s. Bu hüquq Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydə alınmaqla təsdiqlənir. Yəni çıxarışda adınız yoxdursa, şəxsiyyət vəsiqənizdə həmin ünvanın göstərilməsi sizi mülkiyyətçi etmir".

Bu sözləri SİA-ya açıqlamasında vəkil Turan Abdullazadə deyib.

Onun sözlərinə görə, insanların bu məsələdə narahatlığının tarixi səbəbi var. 1990-cı illərdə dövlət mənzil fondu özəlləşdirilərkən həmin mənzildə qeydiyyatda olan və yaşayan ailə üzvləri qanuna əsasən özəlləşdirmədə iştirak edir və mənzilin birgə mülkiyyətçilərinə çevrilirdilər. Yəni o dövrdə qeydiyyat həqiqətən də pay əldə etmək üçün əsas ola bilərdi. İnsanların yaddaşında bu təcrübə qalıb və indi də elə düşünürlər ki, qeydiyyat avtomatik olaraq pay hüququ yaradır. Halbuki artıq xüsusi mülkiyyətdə olan mənzilə kiminsə qeydiyyata alınması ona heç bir mülkiyyət payı vermir:

"Bununla belə, qeydiyyat müəyyən hallarda istifadə hüququ ilə bağlı ola bilər. Mənzil qanunvericiliyi mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinin həmin yaşayış sahəsindən istifadə hüququnu tanıyır. Həmçinin Mənzil Məcəlləsi açıq şəkildə müəyyən edir ki, qanunda nəzərdə tutulmuş əsaslar və qayda istisna olmaqla, heç kəs yaşayış sahəsindən çıxarıla bilməz və heç kimin istifadə hüququ məhdudlaşdırıla bilməz.

Praktikada bu o deməkdir ki, qeydiyyatda olan şəxsin qeydiyyatdan çıxarılması məsələsi bəzən məhkəmə yolu ilə həll edilməli olur. Bu isə mülkiyyətçi üçün müəyyən narahatlıq yarada bilər. Amma burada söhbət istifadə hüququndan gedir, mülkiyyət payından yox.

Bundan başqa, 2000-ci ildən 2009-cu ilədək qeydiyyata düşən şəxslərin qeydiyyatdan çıxarılması zamanı onlara eyni şəraitli başqa yaşayış yerində müəyyən müddət yaşamaq imkanı üçün kompensasiya ödənilməsi nəzərdə tutulsa da, 2009-cu ildən sonra qeydiyyata düşən şəxslərin belə hüquqları yoxdur.

Konstitusiya Məhkəməsi Plenumunun 8 oktyabr 2013-cü il tarixli qərarına görə, mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildikdən sonra keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə hüququ ilə bağlı işlərdə 2000-ci il sentyabrın 1-dən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Mülki Məcəllənin 228-ci maddəsi, həmin tarixdən sonra yaranmış münasibətlərə isə Mənzil Məcəlləsinin 30.4-cü maddəsi tətbiq edilməlidir".

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə