“Xidmət keyfiyyətinin yoxlanılması mexanizmləri qanunda dəqiq göstərilməlidir“ - NAQİF HƏMZƏYEV
“Təklif olunan dəyişikliklər qanun layihəsinin daha da dəqiqləşdirilməsinə xidmət edir və layihəni dəstəkləyir. Bununla yanaşı, xidmət keyfiyyətinin necə təmin ediləcəyi və yoxlanılacağı məsələlərinin qanunda daha konkret əks olunmasını vacib hesab edir”.
SİA xəbər verir ki, bu fikirləri deputat Naqif Həmzəyev Milli Məclisin növbəti plenar iclasında çıxışı zamanı bildirib.
O bildirib ki, ilk növbədə, qanuna “keyfiyyət göstəriciləri” anlayışının daxil edilməsi sürət, səhvsizlik, əlçatanlıq və fasiləsizlik kimi meyarların dəqiq müəyyənləşdirilməsinə imkan verəcək. Beləliklə, bu anlayışın tətbiqi ilə bağlı gələcəkdə əlavə mübahisələrin yaranmasının qarşısı alınacaq.
Deputatın sözlərinə görə, operatorların və provayderlərin vəzifələri də genişləndirilməlidir. Onlar keyfiyyət göstəricilərini mütəmadi ölçməli, nəticələr barədə müvafiq qurumun müəyyən etdiyi qaydada hesabat verməli, tələb olunduqda isə yoxlamalar üçün zəruri məlumatları təqdim etməlidirlər.
O, həmçinin abunəçilərin hüquqlarının gücləndirilməsinin vacibliyini vurğulayıb. Qeyd edib ki, operatorlar və provayderlər tariflər və xidmət keyfiyyəti göstəriciləri barədə məlumatları açıq və anlaşılan formada dərc etməli, şikayətlərə müəyyən edilmiş müddətdə baxmalı, planlı işlər barədə abunəçiləri əvvəlcədən məlumatlandırmalıdırlar. Keyfiyyət göstəriciləri pozulduğu halda isə ödənişin azaldılması və ya geri qaytarılması mexanizmi qanunvericilikdə nəzərdə tutulmalıdır.
Deputat bildirib ki, bu məsələ ilə bağlı dəfələrlə aidiyyəti qurumlara müraciət edib və xidmət istifadəçiləri arasında narazılıqlar mövcuddur. Buna görə də müvafiq mexanizmlərin qanunda açıq şəkildə təsbit olunması vacibdir.
O, nəzarət mexanizmlərinin də dəqiqləşdirilməsini təklif edib. Bildirib ki, müvafiq qurum müstəqil ölçmələr aparmaq, pozuntular aşkar etdikdə isə məcburi göstərişlər vermək səlahiyyətinə malik olmalıdır.
Deputat vurğulayıb ki, təkliflərin məqsədi operatorlara əlavə yük yaratmaq deyil, xidmət keyfiyyətini ölçülə bilən və şəffaf etmək, eyni zamanda vətəndaşların hüquqlarının qorunmasını təmin etməkdir.
O, qanun layihəsinin ikinci oxunuşda qəbul edilməsini və təklif etdiyi əlavələrin nəzərə alınmasını xahiş edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB