Korrupsiyaya qarşı mübarizə adı altında dövlət qulluqçularına total nəzarətə yol verilməməlidir - ZAHİD ORUC

Korrupsiyaya qarşı mübarizə adı altında dövlət qulluqçularına total nəzarətə yol verilməməlidir - ZAHİD ORUC

Korrupsiyaya qarşı mübarizə çərçivəsində məlumat verən şəxslərin müdafiəsi ilə yanaşı, bu mexanizmin dövlət idarəçiliyində yarada biləcəyi mümkün risklər də nəzərə alınmalıdır. Məsələ yalnız hüquqların deyil, dövlət idarəçiliyində sağlam mənəvi mühitin və milli təhlükəsizlik maraqlarının qorunması baxımından da qiymətləndirilməlidir.

SİA xəbər verir ki, bu fikirləri deputat Zahid Oruc Milli Məclisin plenar iclasında “Korrupsiyaya qarşı mübarizə haqqında” qanunvericiliyə dəyişikliklərin müzakirəsi zamanı səsləndirib.

O bildirib ki, 2016-cı ildə qəbul edilən “Korrupsiyaya qarşı mübarizə haqqında” Qanunda korrupsiya hüquqpozmaları barədə məlumat verilməsi və məlumat verən şəxslərin dövlət müdafiəsi ilə bağlı müddəalar əksini tapıb. Lakin korrupsiya ilə mübarizədə məlumat vermənin təşviqinin hansı həddən sonra dövlət idarəçiliyində qarşılıqlı şübhəyə, rəhbər şəxslərə qarşı kampaniyalara və şəxsi hesablaşma vasitəsinə çevrilə biləcəyini də müəyyənləşdirmək lazımdır.

Deputatın sözlərinə görə, bu sahədə beynəlxalq təcrübəyə nəzər saldıqda fərqli modellərlə qarşılaşırıq. ABŞ-da Dodd-Frank qanunvericiliyi məlumatların əhəmiyyətinin, sübutların etibarlılığının, məlumat verən şəxsin hüquqpozmada iştirakının və digər halların qiymətləndirilməsini nəzərdə tutur. Avropa İttifaqında 2019-cu ildə qəbul edilmiş 2019/1937 nömrəli Direktivdə isə başqa yanaşmalar əsas götürülür. Bilə-bilə yalan məlumat verilməsi məsuliyyətə səbəb olur, məlumatvermə mexanizmi yüksək məbləğli mükafatlar üzərində qurulmur. Qazaxıstanda dövlət qulluqçusunun korrupsiya barədə məlumat verməsi xidməti vəzifə kimi qiymətləndirilir, maddi mükafatlandırma isə məhdudlaşdırılır.

Z.Oruc qeyd edib ki, hazırkı şəraitdə dövlət qulluqçusunun vəzifə borcu ilə əlavə maddi həvəsləndirmə arasındakı sərhədi dəqiq müəyyənləşdirmək vacibdir. Korrupsiyaya qarşı mübarizə aparan əməkdaşların müdafiəsi insanların maddi qazanc naminə bir-birini daim izləməsini, iş mühitinin pozulmasını, karyera və korporativ maraqlar naminə əsassız məlumatverməni, qarşılıqlı şübhə və ittihamların artmasını təşviq etməməlidir.

O vurğulayıb ki, dövlət qulluğuna sədaqət qanunsuzluğa susmaq demək deyil. Lakin korrupsiyaya qarşı mübarizə adı altında hər bir dövlət qulluqçusuna qarşı total nəzarətə də hüquqi əsas yaradılmamalıdır.

Deputat diqqətə çatdırıb ki, son onillikdə beynəlxalq informasiya məkanında yayılan Panama, Paradise və Pandora sənədləri, eləcə də Azərbaycanın adı ilə bağlı müxtəlif beynəlxalq araşdırmalar göstərir ki, bu cür məlumatların təqdimatı bəzən siyasi və korporativ maraqların təsiri altında formalaşa bilər. Ölkəmizin beynəlxalq reputasiyasına zərər vurmağa yönələn kampaniyaların mahiyyəti də diqqətlə araşdırılmalıdır.

Z.Orucun sözlərinə görə, xarici dövlətlərin modelləri cəmiyyətimizin tarixi təcrübəsi və idarəçilik ənənələri nəzərə alınmadan tətbiq edilə bilməz. Dedi-qodunun, əsassız ittihamların və anonim şikayətlərin insanların taleyinə necə təsir göstərdiyini tarixi yaddaşımızdan bilirik.

O qeyd edib ki, korrupsiya barədə vicdanla məlumat verən şəxslə qərəzli xəbərçini eyniləşdirmək olmaz. Birinci şəxs dövlət maraqlarını müdafiə etməyə çalışır, ikinci isə qanundan şəxsi mənfəət əldə etmək üçün istifadə etməyə cəhd göstərir.

Deputat bildirib ki, vəzifəyə yüksəlmək istəyən şəxs rəqib hesab etdiyi həmkarı barədə qərəzli məlumat təqdim edərsə, yaxud vəzifəli şəxsi onun barəsində məlumatı açıqlamaqla hədələyərək vəzifəyə təyinat, mükafat və ya maddi üstünlük tələb edərsə, bu zaman qanun korrupsiyaya qarşı mübarizə vasitəsi olmaq əvəzinə, daha ciddi hüquqpozmaların alətinə çevrilə bilər.

O əlavə edib ki, qanun layihəsinin mediada müzakirəsi də “Rüşvət görsən, xəbər verərsənmi?” sualına respondentlərin cavablarının bir-birindən xeyli fərqləndiyini göstərir. Buna görə də layihənin 16-cı maddəsində nəzərdə tutulan 25 misli həcmində mükafatlandırma məsələsinə xüsusi diqqət yetirilməlidir. İlkin araşdırma zamanı təsdiqlənən, lakin sonradan məhkəmə qərarı ilə əsassız olduğu müəyyənləşdirilən məlumatlara görə ödənilmiş mükafatın taleyinin necə olacağı sual doğurur. Mükafat almış şəxsin sonradan sübutların saxtalaşdırılmasında iştirak etdiyi müəyyən edilərsə, bu halda hansı hüquqi nəticələrin yaranacağına da aydınlıq gətirilməlidir.

Z.Oruc bildirib ki, bununla bağlı bir neçə təklifi var, lakin iclasın vaxtını çox almaq istəmir. Onun sözlərinə görə, dövlət orqanında çalışmaq nə toxunulmazlıq, nə də əvvəlcədən təqsirli hesab edilmək deməkdir. Korrupsiyaya qarşı mübarizə aparmaqla yanaşı, dövlət hakimiyyəti orqanlarında xalqa ləyaqətlə xidmət edən insanları da qorumaq lazımdır.

Müəllif: Günay Hacıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə