“Bakı Forumu gələcəyin ədalət, hörmət və əməkdaşlıq üzərində qurulmasına çağırır” - MİLLƏT VƏKİLİ
“Cənab Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda səsləndirdiyi mühüm fikirlər Azərbaycanın inkişaf fəlsəfəsini aydın ifadə edir: biz divarlar deyil, körpülər qururuq”!
Bu sözləri SİA -ya açıqlamasında Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Azər Badamov bildirib.
Onun sözlərinə görə, bu yanaşma təkcə mədəniyyətlərarası münasibətlərə deyil, Azərbaycanın iqtisadi və geosiyasi strategiyasına da aiddir:
“Bu gün ölkəmizin beynəlxalq mövqeyini gücləndirən əsas amillərdən biri coğrafi mövqeyimizi iqtisadi üstünlüyə çevirmək bacarığımızdır. Bakı–Tbilisi–Ceyhan neft kəməri, Bakı–Tbilisi–Qars dəmir yolu, Cənub Qaz Dəhlizi, Transxəzər fiberoptik kabel və yaşıl enerji bağlantıları Azərbaycanın regional və qlobal iqtisadi əlaqələrdə rolunu genişləndirən strateji layihələrdir.
Burada mühüm bir məqam var: iqtisadi bağlantıların qurulması üçün siyasi etimad və qarşılıqlı maraqlar vacibdir. Prezident İlham Əliyevin vurğuladığı kimi, qonşularımızla və qonşularımızın qonşuları ilə etibarlı münasibətlər qurmasaydıq, bu miqyasda layihələri reallaşdırmaq mümkün olmazdı.
Deməli, Azərbaycanın körpülər qurmaq siyasəti həm də iqtisadi inkişaf və regional rifah strategiyasıdır.
Hörmətli həmkarlar!
Forumun əsas mesajlarından biri də qlobal problemlərin, münaqişələrin və ədalətsizliklərin dialoq və qarşılıqlı anlaşma yolu ilə həllinin vacibliyidir. Bu gün Azərbaycan Avropa ilə Asiya arasında etibarlı nəqliyyat və enerji bağlantısı olduğu kimi, müxtəlif mədəniyyətlər və sivilizasiyalar arasında da dialoq məkanıdır.
Həm də Azərbaycanın multikulturalizm, dini dözümlülük və milli həmrəylik təcrübəsi bu baxımdan mühüm nümunədir. 44 günlük Vətən müharibəsində xalqımızın nümayiş etdirdiyi birlik isə milli həmrəyliyin dövlətin gücündə nə qədər mühüm rol oynadığını bir daha təsdiqlədi.
Müasir dünyada iqtisadi güc yalnız təbii resurslarla və coğrafi mövqe ilə ölçülmür. Əsl üstünlük bu imkanları əməkdaşlığa, investisiyaya, yeni bazarlara və davamlı inkişafa çevirmək bacarığıdır.
Bakı Forumunun dünyaya verdiyi mesaj da məhz budur: gələcəyimizi qarşıdurma və ayrı-seçkilik üzərində deyil, ədalət, qarşılıqlı hörmət və əməkdaşlıq üzərində qurmalıyıq.
Çünki divarlar imkanları məhdudlaşdırır, körpülər isə yeni iqtisadi üfüqlər açır!
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən bu strateji siyasət Azərbaycanın beynəlxalq nüfuzunu, iqtisadi potensialını və regional mövqeyini daha da gücləndirir.
Bizim seçimimiz aydındır: divarlar deyil, körpülər qurmaq, təcrid deyil, əməkdaşlıq, qarşıdurma deyil, inkişaf”!
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB